Vecsizlərin nə vecinə?

post-img

Vecsizlik azarı insanı həyatdan qoparan əsas bəladır. İctimai biveclik milətin inkişafını əngəlləyir. Azərbaycan ziyalıları XX əsrin əvvələrində bu mərəzlə mübarizə aparırdılar. Təsadüfi deyil ki, M.Ə. Sabir “Millət necə tarac olur-olsun, nə işim var?!”,“Bizə nə?” kimi satiraları ilə biveclik problemini kodlaşdırmışdı. Nəcəf bəy Vəzirov ”Vay şələkküm-mələkküm” məzhəkəsi, Əbdürrəhim bəy Haqverdiyev “Millət dostları” pyesi ilə bu problemə toxunmuşdular. 

Nəcəf bəyin qəhrəmanları öz ömür­lərini, əsasən, meyxana künclərində keçirirdilər. Kim idi bu şəxslər? Xan­mirzə bəy atasından qalan sərvəti da­ğıtmaqla məşğuldur. Onun ətrafında “dostlar” – Balaqardaş və Almas milli mənliyi olmayan insanlardır. Onların məskəni hiyləgər erməni işbazı Kara­petin şərabxanasıdır. Karapet bu bəy­lərə pullarına görə “ehtiram” göstərir, onları özünün “ağa”sı hesab edir. Bəlkə də, bu bədbəxtlər içkiyə meyil ucbatın­dan Karapetin şirin dilinə aldanaraq bu kefxanaya gəlirlər. Karapet də, çox gü­man ki, yaxından tanıdığına görə on­larla yeyib-içəndə həddini aşmır. 

Xanmirzə bəy “Dünya beş günlük­dür, ona görə də ancaq kef çəkmək la­zımdır” – düşüncəsi ilə yaşayır. O, öz məsləksizliyini belə etiraf edir: “Dünya­da qəribə axmaq adamlar var. Bu gün məni tutub güclə müsəlman teatrına aparmaq istəyirdilər. Nədi ki, bəs, kasıb müəllimlərə pul yığacağıq. Mən kefim­dən qalacağam, nə üçün? Kasıb uşaq­lara ianə üçün… Ay özün öləsən… Yeri, ha yeri”. N. Vəzirov bu sözlərlə Xanmir­zə bəyin xarakterini tam açır. O öz mil­lətinə nəinki xeyir verir, heç teatra belə getmək istəmir. Əvəzində ona, guya, ehtiram bəsləyən Karapetin meyxana­sında gününü keçirir. Onun dostu Almas da, sözsüz ki, bu cür dar düşüncə sa­hibidir. Onun nəzərində xalqına kömək eləmək pul tələsidir. 

Bu tiplər içkidən sonra əylənmək istəyirlər. Xanmirzə bəyin çürük dü­şüncəsi özünü burada da göstərir. Qürrələnir ki, musiqiçilər ayağına gə­lib, onu əyləndirəcəklər. Bütün bu acı mənzərəni görən Xanmirzənin dayısı Ağa Əliheydər dərin təəssüf hissi ke­çirir. O, müsəlmanların bu halını gör­məkdənsə, kar–kor olmasını diləyir. Bu obraz zamanın qismən aydın baxışla ziyalısını əks etdirir. Əliheydərin Xan­mirzəyə öyüd-nəsihət verməsi isə əbəsdir. Çünki o, özündə deyil, həzz düşkününə çevrilib. 

Əsərin sonluğu çox acı şəkildə bi­tir. Daim bəylərə öz sədaqətindən dəm vuran Karapet ayılanda meyxanadan oğurluq edəcəyindən ehtiyatlanaraq, onları sürüyüb salır otağa, qapını da bağlayır. Təbii ki, burada əsas günah­kar gününü boş keçirən xanmirzələrdir. 

Ə. Haqverdiyev Xanmirzənin da­vamçısı olan tipləri ironik şəkildə “Mil­lət dostları” adlandırır. Onlar haqqında bəhs etdiyimiz tiplərdən fərqli olaraq, təhsil alsalar da, düşüncə baxımından kasad adamlardır. Yazıçı bu əsərini 1905-ci ildə millət erməni təcavüzü ilə üzləşən zaman yazıb. Hüquqşünas Əskər bəyin ciddi bir amalının oldu­ğu hiss edilir. O, xeyriyyə cəmiyyəti açaraq kasıb uşaqlara ucuz kitablar vermək, məktəblər açmaq istəyir. Niy­yətini evdəki qulluqçu Səfiyə deyəndə düşünür ki, o anlamaz. Lakin Səfi dər­hal bunun xeyirli iş olduğunu deyərək insanların ona dua edəcəyini bildirir. 

Amma Əskər bəy öz niyyətini ya­rımçıq ziyalı olan “obrazovolski” dostla­rına anlada bilmir. Çünki içki məclisləri, eyş-işrətə meyil Firudun, Səfər, Vəli kimi bəylərin həyat tərzləri olub. Misal üçün, Firudun bəy bir rus qadınla yaxınlığı ilə fəxr edir. Əskər bəy kef məclisində cid­di söhbətə cəhd edir. O, tarixə səyahət edərək, vaxtilə İslam dünyasının elmdə öndə olduğunu, indi isə Avropaya möh­tac qaldığını rəfiqlərinə çatdırır. Məclisə yığışan bəylər, guya, onun söhbətinə diqqət kəsilirlər. Səfər bəy yetim günə qalmış millətə qəyyum lazım olduğunu bildirir və öz timsalında düşüncəli adam görüntüsü yaradır. Onun ən “müdrik” fikri bu olur ki, müsəlmanlar qurbanlıq qoyunların dərisini xeyriyyə cəmiyyətinə versələr, onun büdcəsi bu yolla artar. 

Ə.Haqverdiyevin burada tipin si­micliyini göstərir. Səfər bəy və digər­ləri əllərini ciblərinə salmaq istəmirlər, amma Anna kimilərinin yolunda mal­larını, mülklərini fəda edirlər. Millətin düşmüş olduğu bəla bu səhnələrdə aşkar göstərilir. Vəli bəy Firudun bəyə etiraz edəndə ortaya dava düşür. Onun Səfər bəyin millətin uşaqları üçün pul xərcləməli olduğunu deməsi, sözsüz ki, etirazla qarşılanır. Bu davanı seyr edən Səfi “Bəli, İslam qabağa getdi” deyə təəssüf edir. 

Toxunulan mövzu bu gün üçün də aktualdır. Bayramlarda azacıq yardım paylayıb, televiziya ilə reklam etdirmək hələ xeyriyyəçilik deyil. Dövlətin ma­arifə, mədəniyyətə diqqət və qayğısı öz yerində, hər kəs də bacardığı qə­dər tərəqqi rifahın yüksəlməsinə töhfə verməyə çalışmalıdır. İllərlə teatrların qapısını tanımamaq, amma bayağı əsərlərə, istedadsız sənət adamlarına sponsorluq etmək heç də ziyalılıq nü­munəsi demək deyil, əksinə, bivecliyə zəmin yaratmaqdır. 

Ceyhun MİRZƏLİ

Sosial həyat