İstanbul “Texnofest”ində dünyaya boy göstərən qazimiz

post-img

Onun vurduğu tank Hərbi Qənimətlər Parkında sərgilənir

Gənclər günündə, sağlamlığını Vətən yolunda qurban verənləri yada salmamaq olarmı? Minlərlə qazidən biri, tankist Taleh Musa oğlu Camalovu oxuculara tanıtmaq istədik. 

Bu, o Taleh Camalovdur ki, “Tekno­fest” festivalında türkiyəli jurnalist Fulya Öztürkə müsahibə verən qazi ilə görüşən dövlət başçımız onun medallarına diqqət edərək, “Gör nə qədər medalı var. “Xo­cavənd”, “Cəbrayıl”, “Füzuli”, “Fərqlən­məyə görə”, “Xarı bülbül”. Qəhrəman­dır, bizim torpaqlarımızı azad edənlər bunun kimi qəhrəmanlardır.”– demişdi. Prezident İlham Əliyevin səmimi müna­sibətinə, diqqətinə cavab olaraq Taleh o görüşdə “Sizin sayənizdə, Səlcuq Bay­raqdar qardaşımızın sayəsində, onların silahlı PUA-larının sayəsində”– deyə həm dövlət başçımızın, həm də qardaş Türkiyənin Qələbənin əldə edilməsindəki əvəzsiz rolunu diqqətə çatdırmışdı.

...Vətən müharibəsində hər iki aya­ğını qurban verən qazi 1999-cu ildə Salyanda doğulub. Onun söhbətinə qulaq asdıqca, müharibənin amansızlı­ğına, erməni cəlladlarına bir daha lənət oxuyursan. Taleh Qələbəyə yönəlik hə­min günləri xatırlayaraq deyir:

– 2017-ci ilin oktyabrında həqiqi hər­bi xidmətdə olanda arada komandirlərin söhbətlərindən başa düşürdük ki, keçdi­yimiz təlimlər bizə lazım olacaq. Düşü­nürdük ki, müharibə olsa, torpaqlarımızı azad edə biləcəyik. Hər oğlan kimi uşaq­lıqdan arzum idi ki, əlimə silah alım, tank sürüm, döyüşə gedim... 

Sentyabrın 27-də evdən xəbərsiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan Rayon Şöbəsinə gedib könüllülər dəstəsində döyüşlərə qatıldım. Qeyd etməliyəm ki, döyüşlərdə ilk səddi yaranlar da biz olmu­şuq, tankistlərdən ilk şəhid də dəstəmiz­dən mayor Mahir Heydərov olub.

Qələbəyə ümidimiz çox idi. Çünki Ali Baş Komandan demişdi ki, biz torpaqla­rın işğaldan azad edilməsi üçün bu yola çıxmışıq. Müsəlman olaraq öndərimizə qiymət verməyi bacaran insanıq. O yer­lərdə ki, ana bacılarımızı, dinc əhalini şəhid etmişdilər, bax, orada hər metr tor­paq alındıqca ürəyimiz dağa dönürdü . Ən qürurverici görüntü tankların üstündə Azərbaycan Bayrağının dalğalanmasını, irəliləməsini görmək idi.

Vətən müharibəsi iştirakçısı, Talehin cəbhə yoldaşı Ramin Şirinov bildirir:

– Qarabağda hər hansı əraziyə daxil olmaq bizim üçün şərəf idi. Talehin vur­duğu – düşmənə gözdağı olan tank indi Hərbi Qənimətlər Parkındadır. Gələn nə­sillər, ziyarətçilər biləcək ki, bu tankı Ta­leh Camalov vurub. Onunla fəxr edirəm. Qürurla deyirəm ki, Qarabağın işğaldan azad olunmasında az da olsa payımız var. Çünki biz yaddaşlarda qalan şərəfli addım atmışıq. Sevinirik ki, bu gün Taleh sağdır, əzalarının bir hissəsini itirsə də aramızdadır.

Taleh deyir ki, bütün döyüşlərdə iş­tirak edib, 3 dəfə yaralanıb, sağalıb dö­yüşə qatılıb. 4-cü dəfə, oktyabrın 27-də Xocavənddə çox ağır vəziyyətə düşüb:

– İlk dəfə Füzulidə yaralanmışam. Əks- hücum olmuşdu. Mən rəqib tankı vu­randa (həmin tank indi Hərbi Qənimətlər Parkında düşmənə göz dağıdır) məni də vurdular. Mən o tankı vurmasaydım, onla­rın hücumu baş tutacaqdı. Komandir ça­ğırdı, vəziyyətimi bilib dedi ki, yaralısan, tankdan düşməlisən. Dedim ki, mümkün deyil, qollarımda can verənləri necə qo­yum gedim. Şəhid analarının üzünə necə baxacam ki, kantuziya almışam, qulağım­dan qan gəlib, ona görə yarımçıq qayıt­mışam. Mən davam edəcəyəm...

Talehin atası Musa Camalov aramla danışır:

– Valideynin övladı qan-qada içində olanda, necə rahat ola bilər? Gecə-gün­düz Allaha dua edirdim ki, ya Rəbbim, mənim oğlumu tankda yanmaqdan qoru. Şəhid də olsa, qazi də olsa, dözərəm. Amma yanmasın. Olur ki, 10 oğuldan heç biri səni yarıtmır. Amma mənim bir oğlum var, özümü də, Vətəni də, dövləti də başı uca edib.

Taleh sonda bildirdi ki, Xocavənd­də oktyabrın 27-də tankımız vurulanda gözünü açıb hər yeri toz-duman içində görüb: 

– Tank komandirim ölümündən sonra “Qarabağ” ordeninə, Vətən Müharibə­si Qəhrəmanı adına layiq görülən Azad Hümbətov yanımda şəhid oldu. Yaralıları aparmağa iki tibb işçisi gəlmişdi. Birini er­mənilərin atəşi şəhid etdi. Bizi Hadruta gətirdilər. Vəziyyətim çox ağır olduğuna görə məni Füzuli Diaqnostika Mərkəzinə göndərdilər. Gözümü açanda yenə qan içində idim. Mərkəzdə axşam saat 6-da 1-ci əməliyyata girmişəm, dan üzü saat 4-də çıxmışam. Bir də gözümü yumub açmışam ki, Bakıda Mərkəzi Hərbi Hos­pitaldayam. Səhər 7-də əməliyyat başla­yıb, axşam saat 12-də bitib. Sonra ağrı­lara dözə bilməyib komaya düşmüşəm. Ayılandan sonra palataya köçürsələr də, həkimlər sağ qalacağıma ümid etməyib­lər. Eşidəndə ki, ordumuz Qələbə əldə edib, ağrılarımı unutdum. Sağaldım,– bir ayağım yox, digəri İllizarov aparatında idi.

Talehin atası söyləyir, fəxr edirəm ki, oğlum sağdır, Vətən yolunda canını, sağlamlığını, cavanlığını qoydu. Nə qə­dər sağam, onun qulluğundayam, yükünü daşıyacağam...

Ramin Şirinov isə deyir ki, qoy gələ­cək nəsillər bilsin ki, bizim torpaqları yü­zillər boyu işğal ediblər. Ali Baş Koman­danın “dəmir yumruğu” altında ordu-xalq birliyi qələbə əldə etdi. Bütün dünyaya göstərdik ki, biz yatmamışdıq, bizim səb­rimiz vardı. 

Vətən müharibəsi qazisi Taleh Ca­malov tez-tez “Teknofest”də dövlət başçımız və birinci xanımla görüşünü xatırlayır: “Necə doğma hiss ilə öpdü, qucaqladı. Mehriban xanım dedi ki, mən sizin bacınızam. Allah Vətənimizi qoru­sun”.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat