Soydaşımız Çində ekspertdir

post-img

Azərbaycan gəncləri arasında beynəlxalq aləmdə öz sözünü deyə bilən, xalqı­mıza üzağlığı gətirən soydaşlarımız az deyil. Biz onların haqqında çox yazmı­şıq. Bu günsə Azərbaycan, Çin və ingilis dillərində mühazirələr oxuyan gənc tədqiqatçı – müəllim Sadiq Qaçayevdən söhbət açmaq istəyirik. 

Sadiq müəllimin uğur yolu ondan başlayıb ki, Bakıda – UNEC-də müəllim işləyən bu soydaşımız Çin Xalq Respub­likasının dövlət qurumlarından birinə eks­pert təyin edilib. 

Kütləvi informasiya vasitələri yazır­lar ki, Çin Xalq Respublikasındakı Pekin Pedaqoji Universitetinin magistr məzunu və hazırda Yanşan Universitetində döv­lət idarəetməsi ixtisası üzrə doktorantu­ra (Ph.D.) təhsili alan azərbaycanlı gənc tədqiqatçı Sadiq Qaçayev daha sonra böyük bir uğura da imza atıb. Belə ki, Çi­nin Hebey vilayətinin əsas beyin mərkəzi olan Dövlət Siyasətinin Təhlili və Tədqiqi Mərkəzi ilə Yanşan Universitetinin huma­nitar elmlər və hüquq məktəbinin (əvvəlki adı Dövlət İdarəetmə Məktəbi) birgə icla­sında qəbul edilən qərara əsasən, Sadiq Qaçayev mərkəzin əsas ekspertlərindən biri təyin olunub. O, bu vəzifədə 5 il müd­dətinə çalışacaq.

Onu da əlavə edək ki, həmvətənimiz həmin tədqiqat mərkəzinə ekspert təyin olunan ilk azərbaycanlıdır.

Sadiq Qaçayev bizimlə söhbətində dedi: 

– Mən Pekindəki səfirliyimizin təş­kil etdiyi tədbirlərə dəvət alanda da, Azərbaycan Bayrağını Böyük Çin Səddi üzərində dəfələrlə dalğalandıranda da, orada Azərbaycan mədəniyyətinin nü­munələri nümayiş etdiriləndə də hədsiz məmnun idim. Pekindəki beynəlxalq təd­birdə çinlilərin dediyini avropalılar üçün ingiliscəyə, avropalıların fikirlərini isə Çin dilinə tərcümə edəndə isə fəxr edirdim. Ancaq gənc bir azərbaycanlı tədqiqatçı olaraq Çinin dövlət qurumlarından birinə ekspert təyin olunmağım daha çox qürur­vericidir. Dünyanın superdövlətlərindən birində ölkəmizi təmsil etmək həm də çox məsuliyyətlidir. Bu fakt sübut edir ki, müstəqil Azərbaycanın gəncləri xalqımı­za hələ çox uğurlar qazandıracaqlar. 

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat