Bakılı “Avropa kraliçası”

post-img

Azərbaycanda öz zəkasının nuru, istedadı, bilik və bacarığı ilə cəmiyyətə nümunə olan gənclərimiz bizi daim sevindirirlər.

Bu günlərdə Bakıda start götürən şahmat üzrə dünya kuboku yarışında istedadlı gən­cimiz Mələk İsmayıla “FİDE online Queens Festival”da uğurla çıxış etdiyinə görə “Av­ropa kraliçası” kubokunun təqdim olunması bizdə qürur hissi yaratdı. Dünya şahmat alə­minin sayılıb-seçilən nümayəndələri sırasın­da Azərbaycan gənclərinin öz dəst xətləri, öz imzaları var. 19 yaşlı Mələk İsmayıl da artıq istedadlı zəka ustaları arasında öz yerini tapmaqdadır. Avropa birinciliyində ilk dəfə qalib adını 7 yaşlılar arasında qazanıb. 2011-ci ildə Antalyada qitə birinciliyində əldə et­diyi qızıl medal onun həyatında mühüm rol oynayıb. Bu yarışdan sonra müxtəlif yaş qruplarında – 2012-ci ildə Çexiyada keçi­rilən Avropa birinciliyində gümüş, 2014-cü ildə Gürcüstandakı qitə birinciliyində qızıl medal qazanıb. Gürcüstanda 2015 və 2019-cu illərdə keçirilmiş Şahmat Festivallarının qalibi olub. 2021-ci ildə isə onlayn Avropa birinciliyində gümüş medala layiq görülüb. 

Şahmata həvəsi onda atası yaradıb. O illəri Mələk İsmayıl belə xatırlayır: “Hələ kiçik yaşlarımdan fiqurların düzülüşü mənə sirli aləmi xatırladır, onda hikmət axtarır­dım. Saatlarca şahmat taxtasının arxasında oturub bir gedişin yüzlərcə, bəlkə də min­lərcə variantının olduğunu düşünürdüm. Şahmatın sirlərinə yiyələndikcə onun nə qədər dərin bilik, səbir və dözümlülük tələb etdiyinin şahidi oldum. Ani səhv böyük bir məğlubiyyətə səbəb ola bilər. Şahmat ağıl, güclü məntiq tələb edən strategiya oyunu­dur. Bir tanınmış şahmatçının etdiyi maraqlı gediş milyonlarla insanı heyran qoyur. Ən böyük arzum oyunlarım, gedişlərimlə in­sanları heyrətləndirmək, onların zövqünü oxşamaqdır”. 

Beynəlxalq arenalarda bir-birindən ma­raqlı oyunlar nümayiş etdirməklə mükafa­talayiq yer qazanan idmançı hər qələbənin arxasında böyük zəhmətin dayandığını bil­dirir: “Hər yarışa hazırlaşmaq üçün günlər, bəzən də aylarla vaxt sərf edirsən. Əvvəllər uduzanda çox üzülür, bəzən də ağlayırdım. Amma indi çalışıram ki, səhvlərimdən nə­ticə çıxarıb, növbəti oyunlarda onlara yol verməyim. Ən böyük mənəvi dəstəyi isə bu zaman atam verir. Ümumiyyətlə, diqqət etsəniz, yarışlara uşaqların ən çox validey­nləri ilə gəldiklərini görərsiz. Çünki bu çə­tin yolda insanın ən böyük dayağı mənəvi dəstəkdir”. 

Hazırda Bakı Mühəndislik Universite­tinin dizayn ixtisası üzrə təhsil alan Mələk rəsm çəkməyi də çox xoşlayır: “Bir neçə saatlıq şahmat oyunundan sonra rəsmlər çəkmək mənə xüsusi zövq verirdi. Sonra isə onları otağımda asırdım. Hazırda çalışıram ki, dərslərimi də yaxşı oxuyum. Gündəlik 8-9 saatlıq şahmat məşğuliyyətindən sonra dərslərimə də vaxt ayırmağa müvəffəq olu­ram. Bu, çətin olsa da, öhdəsindən gəlirəm. Həm dərslərimdə, həm də şahmat karyeram­da mənə dəstək olanlara sonsuz təşəkkürü­mü bildirirəm”. 

Həyatın bütün sahələrində güclü ira­dəyə, yüksək ruha malik insan öz imkanla­rından geniş istifadə edərək hədəfə doğru inamla addımlayır. Ona görə də, tərəqqi və yüksəlişə geniş rəvacın verildiyi cəmiyyəti­mizdə məhz gələcəyin qurucuları olan, yük­sək potensiala malik gənclərimiz yetişir. 

Leyla QURBANOVA, “Xalq qəzeti”

Sosial həyat