Qəbələdə Alban qəbiristanlığı niyə dağıdılıb?

post-img

Tarixi keçmişimizin mötəbər izini məhv etmək cinayətdir

Qafqaz Albaniyasında oda, Günəşə etiqad və məhəbbət o qədər güclü olub ki, xristianlığı qəbul etdikdən sonra da onların özlərinə məxsus bir çox bədii ornament və elementləri xaç rəmzlərində öz əksini tapıb. Bu xaçlar meşəlik ərazidəki alban qəbiristanlığındakı mərhumun xatirəsini yad etmək üçün ucaldılan qəbir abidələrində də diqqəti çəkir. Tanınmış ingilis alimi A. Van bu barədə yazır: "Qafqaz albanlarının qədimdən riayət etdikləri və hələ o zamanlar mərhumun xatirəsini yad etmək kimi adətə görə, adsız qəbir daşları – xaç daşları vardı". 

“Tapdığım muncuqların nə qədər dəyərli olduğunu bilmirdim”

Bəs, Alban qəbir daşlarını qoruya bil­dikmi? Onlar XXI əsrin əvvəlinədək ciddi dağıntılara məruz qalmamışdı. Metal və qızıl axtaran dedektor alətlər Qəbələyə ayaq aç­dıqdan sonra isə vəziyyət tamamilə dəyişdi. Bu barədə meşəlik ərazidə alban qəbiristan­lığının axtarışında mənə dəstək olan Tarix İnstitutunun doktorantı Rəşad Seyidov deyir:

– Bizim Əmirvan kəndi yaxınlığında ki­fayət qədər araşdırılmalı alban qəbirləri, yar­ğanlıq ərazidə isə mağara var. Alban qəbirləri bir ərazidə deyil, meşənin müxtəlif yerlərin­də topa şəklindədirlər. Həmin qəbiristanlıq­ların hüdudları daxilində qəbirlərin quruluşu onu deməyə əsas verir ki, burada müxtəlif təbəqələrin nümayəndələri dəfn olunub. 

Bu qəbiristanlıqlardan biri də bizim tor­paq sahəmiz yaxınlığında yerləşir və mən orada çox olmuşam. Hər bir qəbir daşını yaxşı xatırlayıram. Onların arasında xüsusi seçilən, üstündə ox -kaman, Alban xaçı, küp, insan şəkilləri və yazılar olanlar vardı. 

Ən iri qəbir daşlarından biri də yolun kə­narında idi. Amma bir gün torpaq sahəmizə gedəndə onu əvvəlki yerində görmədim, bir kənara atılmış, yeri isə qazılmışdı. Bunla­rı qızıl axtaranlar etmişdi. Ətrafı diqqətlə nəzərdən keçirdikdə bir neçə muncuq, tunc qolbağı və küp parçaları tapdım. Qiymətli əşyaları aparmışdılar. O vaxt məktəbdə oxu­yurdum, tapdığım muncuq, qolbağı və küp parçasının nə qədər dəyərli olduğunu bil­mirdim. Hər bir tapıntının torpağa basdırılan vaxt, o ərazidə mövcud olan ictimai, siyasi həyatın mənzərəsini əks etdirdiyindən xəbər­siz idim. Mənim üçün adi bəzək əşyalarından başqa bir şey deyildilər. Uzun müddət evdə saxladım, çox təəssüf ki, bu gün onlar məndə yoxdur, itiblər. 

Söhbətə davam edən Rəşad Seyidov ma­raqlı bir məlumat da verdi. Onun sözlərinə görə, o vaxtlar təsərrüfat küpləri barədə də danışırdılar. Kənd sakinlərinin dediyinə görə, saxsı küplərin bəzisində şərab komponentlə­rinin izi qalıbmış. Bu onu göstərir ki, Qafqaz Albaniyası qədim şərabçılıq mərkəzlərindən biri olub. 

Haşiyə: Alimlərin bildirdiyinə görə, 2400 il bundan əvvəl qəbələlilər indi olduğu kimi taxılçılıq, heyvandarlıq, bağçılıq, üzümçülük və şərabçılıqla məşğul olublar. Şəraba dər­man kimi, insanlararası münasibətləri həlim­ləşdirən amil kimi, düşüncəyə təsir göstərən maddə və çox qiymətli mal kimi baxıblar. Şərabın dindarlıq, əczaçılıq, cəmiyyət üçün əhəmiyyəti böyük olub.

Biganəliyimiz...

Söhbət edə-edə Alban qəbiristanlığı­na doğru getdik. Kol-kos basmış ərazidən keçərək meşəliyə daxil olmaq mümkün ol­madı. Kolluğun ətrafından fırlanaraq zoğal ağacının yanındakı açıq sahədən qəbiristan­lığa daxil olduq.

Ərazidə isə sındırılmış, topa şəkilində yı­ğılmış qəbir daşları, çuxurlar, çalalar və mal -qara vardı. Sanki, inəklərin otlaq sahəsidir. Bunlar xalqımızın çoxəsrlik tarixi keçmi­şindən yadigar qalmış tarix və mədəniyyət abidələrinin diqqətdən kənarda qaldığını göstərirdi. Bu həm də müvafiq orqanların məsuliyyətsizliyi və bizim tarixi irsimizə bi­ganəliyimizin nəticəsi idi. Halbuki ərazi mü­hafizə olunmalı, qorunmalı idi. Əgər qoruya bilmiriksə və “Biz müsəlmanıq, qəbir daşla­rında xaç var, bizə aid deyil” təfəkkürü ilə yaşayırıqsa, onda bir çox tarixi abidələrimizə başqaları sahib çıxacaq, özünküləşdirəcək, “mənimdir” deyəcəklər. Ermənilər kimi. 

Unutmayaq ki, onlar ilkin mərhələdə Azərbaycan torpaqlarında məskunlaşıb, son­rakı mərhələdə bu torpaqları özününkü elan etmək üçün tarixi abidələrimizə göz dikib, imkan daxilində onu öyrənib və daha son­rakı mərhələdə isə mənimsəyiblər. Nəhayət, onları özünün maddi -mənəvi irs nümunələri elan edib, tirajlayıb və yayıblar. Ermənilər beynəlxalq ictimaiyyətin rəyini çirkin niyyət­lərinə istiqamətləndirməyə çalışıblar.

Bu barədə yazıçı Fəxri Uğurlu yazır: 

– Bəli, Albaniya əhalisinin çoxu son­radan müsəlmanlaşdı, ancaq bu, özündən əvvəlki dini-mədəni irsə biganə yanaşmağa bəraət qazandırmır.

Necə deyərlər, yeməyənin payını yeyər­lər – bir də onda ayıldıq ki, Azərbaycan əra­zisindəki xristian mədəniyyəti qalıqları bütün dünyaya erməni-qriqorian irsi kimi təqdim olunur. 

Əlavə edim ki, son dövrlərdə alban dini -mədəni irsinə sahib çıxmaq iddiasında olan gürcülər də fəallaşıb.

... və şayiələr

Meşəlik ərazidəki alban qəbiristanlı­ğının dağıdılmasında şayiələrin də rolu az olmayıb. Bu barədə Rəşad Seyidov deyir: 

– Məktəbdə oxuyurdum. Qədim qəbir­lərdə qızılın olması barədə şayiələr böyük sürətlə yayıldı, naməlum adamlar qızıl ax­tarmaq adı ilə kortəbii qazıntı işləri apardılar. Bu qəbir abidələrin böyük əksəriyyəti onlar tərəfindən dağıdıldı. Yüz illərin, min illərin informasiyasını özündə saxlayan abidələr məhv edildi. Bu cinayətdir!

Bəli, müsahibimiz haqlıdır. Bu cinayətdə onlarla birlikdə hərəkət edən, qəbir abidələ­rinin yeri barədə məlumat verən, yəni onlar­la ortaq olan yerli sakinlər də cavabdehlik daşıyırlar. Əslində hamısı bir yerdə işləyib. Qiymətli bir şey tapan kimi öz aralarında bö­lüşüblər, dəllallara yüksək qiymətə satıblar. İstisna deyil ki, bir hissəsi ölkədən çıxarıla­raq ermənilərə satılıb. 

Rəşad Seyidovun sözlərinə görə, bu ra­yonun ərazisində birinci hadisə deyil. Əv­vəllər də Qəbələ rayonunun müxtəlif əra­zilərində qızıl axtaranlar bəd niyyətlərini həyata keçirmişdilər:

– Yiyəsizlik, laqeyd münasibət səbə­bindən qədim qəbiristanlıqlar, dini xatirə abidələri, digər dəfn yerləri, o cümlədən, kurqanlar və torpaq qəbirlər kompleksləri, küp qəbirlər, qədim təsərrüfat yerlərinin qa­lıqları dağıdılmış, qiymətli nə varsa oğurlan­mışdı. Bir tarixçi kimi bu, məni çox narahat edir. Elə bil ki, kimlərinsə əli ilə bu tarixi keçmişimizi qəsdən yox etməyə çalışırlar”.

Axtarış uğursuz oldu 

Başımız söhbətə qarışdığından az qala qəbir daşlarından birinin altında qazılmış çuxura düşəcəkdim. Bir an özümü toparla­dım, diqqətlə ornament və müxtəlif element­lərlə zəngin dördbucaq formasında olan qəbir daşını nəzərdən keçirdim. Daşın altında 1,5 – 2 metr dərinlikdə çuxur qazılmışdı. Onun çökməməsi üçün isə altına uzununa dirəklər, ağac tirlər qoyulmuşdu. “Çuxurda qızıl həris­lərindən ola bilsin ki, nəsə qalıb” düşüncəsi ilə onun içərisinə düşüb “axtarışımı” davam etdirsəm də, küp qırıntılarında başqa heç nə tapmadım. Kimliyi bilinməyən şəxslər tarixi məzarı bərbad hala salmışdılar. 

Bir sözlə tayfa başçısına və ya tayfa iye­rarxiyasında yüksək mövqe tutan şəxslərə aid olduğu ehtimal olunan qəbirdəki sümüklər çıxarılıb ətrafa atılmış, küplər sındırılmış, qiymətli əşyaları oğurlanmışdı. 

3–4 metr aralıda torpaq təpəsi daha dərin çuxurdan xəbər verirdi. Yanılmamışdım, qa­zılmış çuxur 3 metrdən dərin idi və traktorla qazılmışdı. Bu da ərazidəki qəbirlərin dərin­liyinin ən azı 1,2 metrdən 3,1 metrə qədər olduğundan xəbər verirdi. Dağıntı yalnız bu iki qəbirlə bağlı deyildi. Ətrafdakı dağıdılmış qəbir daşlarının böyük əksəriyyəti tamamilə məhv edilmişdi -qazılmış qəbirlər, sındırıl­mış baş və sinə daşları... Xoş olmayan acına­caqlı mənzərə vardı. 

Bu dağıntılar arasında yarı torpağa bat­mış və üzərində xaç olan daş marağıma səbəb oldu. Onun ətrafını təmizləmək üçün xeyli zəhmət çəkməli oldum. Xaç daşı daha çox Yenivəng xaç daşlarına oxşayırdı və qəbir daşının bir parçası idi. Qızıl hərisləri “qəbir daşının içərisində qızıl var” düşüncəsi ilə onu sındırmışdılar. Bu sizə qəribə gəlməsin, doğ­rudan da qəbir daşları sındırılaraq icərisində qızıl axtarılıb. Ətrafa səpələnmiş sındırılmış daşlar da bunun sübutudur. Ürəkağrıdıcı bir mənzərəni seyr etmək mənim üçün çox ağır idi. 

Gördüklərim onu deməyə əsas verir ki, bu yerlərin ətraflı araşdırılması kifayət qə­dər faydalı nəticələr verə bilər. Gec də olsa, tədqiq edib tariximizin qədimiliyi barədə mühüm faktlar əldə edə, bir sıra sirləri işıq üzünə çıxara bilərik. Ciddi işlər görülməlidir. Unutmayaq ki, Qafqaz Albaniyasının tarixi yalnız bir neçə icmanın, ya etnik qrupun yox, bütövlükdə ölkəmizin, xalqımızın tarixidir. 

Bununla yanaşı yerlərdəki abidələri təb­liğ etməliyik, uşaqlara, gənclərə abidələri­mizin mahiyyətini, tarixini, əhəmiyyətini anlatmalıyıq. İmkan verməməliyik ki, alban qəbiristanlığında qiymətli nə vardısa oğurla­nıb aparsınlar. Tariximizə sahib çıxmalıyıq. Olan – qalanı heç olmasa qorumaliyıq.

(ardı var)

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”





Sosial həyat