“Azərxalça”nın xalçaları Vyetnamda sərgilənəcək

post-img

Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında da bildirildiyi kimi, iyul ayının sonunda Bakı şəhərində 3-cü “Vyetnam Günləri” təşkil olunub. Tədbirin əsas məqsədi iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsidir. Bu məqsədlə də gələn xarici qonaqlara, ilk növbədə, Azərbaycanın milli-mənəvi sərvəti, əsl Azərbaycan qadınlarının göz nuru, əl əməyinin məhsulu, 100 faiz təbii məhsullardan hazırlanan Azərbaycan xalçaları nümayiş olunub.

Azərbaycanın ən böyük xalça istehsalçısı “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən satış və nümayiş salonunda keçirilən görüşdə qurumun İdarə Heyətinin sədri Emin Məmmədov, Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə və Trinh Thi Thu Hanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Məlumatı “Azərxalça” ASC verib.

Bildirilib ki, qonaqlara Azərbaycan xalçalarının tarixi, keçdiyi inkişaf yolu və müasir dövrü haqqında geniş məlumat verilib.

“Azərxalça” ASC-də istehsal olunan yun və ipəkdən ənənəvi və müasir üslubda toxunan xalçalar qonaqların marağına səbəb olub. Bundan əlavə, qonaqlar xalça toxuma prosesində iştirak edib, ilmə atmağı öyrəniblər. Xalça toxunmasında iştirak edən hər bir kəsə “Azərxalça” ASC-nin sədri Emin Məmmədov tərəfindən sertifikatlar təqdim olunub.

Görüş zamanı, həmçinin yaxın gələcəkdə Vyetnamda baş tutacaq Azərbaycan xalçalarından ibarət sərginin detalları da müzakirə olunub.















Mədəniyyət