Yuxarı Qarabağ su kanalında bənd bərpa edilib

post-img

Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb. Fövqəladə Hallar Nazirliyinin Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi­nin rəisi Mirəli Feyziyev bildirib ki, Qaraqoyunlu kəndində 30-a yaxın evə ziyan dəyib. O deyib: “ Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bən­din bir hissəsinin uçması nəticəsində yaranan güclü su axını kənd sakinlərinin təsərrüfatlarına ziyan vurub. Hadisə yerinə ağır tex­nikalar cəlb edilib. Görülən tədbirlər nəticəsində suyun qarşısı alınıb. Qaraqoyunlu kəndində 160 təsərrüfat var. Haradasa 30-a yaxın ev subasmaya məruz qalmışdı. Çox şükürlər olsun ki, in­sanlar zərər çəkməyib. Subasmaya məruz qalan ərazidə xilaset­mə işləri davam edir.

Hadisə baş verəndən dərhal sonra, suyun səviyyəsinin arta­cağı ehtimalı olduğu üçün əhaliyə öncədən xəbərdarlıq edilərək onların subasma ərazisindən çıxması təmin edilib. Ərazidə qalan iki avtomobil isə su altından çıxarılıb. Evlərin zirzəmisindən və həyətyanı sahələrdən suların çəkilməsi üçün əraziyə xüsusi su çəkən aqreqatlar gətirilib. Sabah kənddə suyun vurduğu ziyanın araşdırılması aparılacaq”.

Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şə­rifov isə bildirib ki, agentlik tərəfindən kanaldan suyun axması­nın qarşısının alınması ilə bağlı tədbirlər görülüb. İlk növbədə, suyun səviyyəsinin aşağı salınması üçün Mingəçevir su anbarın­dan kanalın suyu azaldılıb. Əraziyə ağır texnikalar cəlb edilib, uçan bəndin bərpasına başlanılıb. Görülən tədbirlər nəticəsində bəndin uçan hissəsi bərpa edilib və subasmanın qarşısı alınıb.

Bəndin uçan hissəsi bərpa edildikdən sonra Yuxarı Qarabağ kanalında suyun əvvəlki səviyyədə axması ilə bağlı göstəriş veri­lib. Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi Şakir İmanov bildirib: “Yuxarı Qarabağ kanalında sızma baş verib. Sızmanın qarşısı qısa müddətdə aradan qaldırılıb. Kanalın bəndində bərpa işləri başa çatıb. Biz kanalın suyunun əvvəlki səviyyəyə qaldırıl­ması ilə bağlı göstəriş vermişik. Maksimum bir sutka ərzində su əvvəlki səviyyəsində axacaq”.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Son xəbərlər