“Müstəntiqlər Xaçatryanı dindirirlər, ona əlavə ittihamlar irəli sürülə bilər”

post-img

Hazırda ölkə gündəmində olan əsas məsələlərdən biri keçirilmiş axtarış tədbirləri nəticəsində iyulun 29-da Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan–Ermənistan dövlət sərhədinin Laçın nəzarət-buraxılış məntəqəsində Vaqif Xaçatryanın saxlanılmasıdır. V.Xaçatryan 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində qanunsuz erməni silahlı dəstəsinin tərkibində azərbaycanlılara qarşı soyqırımı cinayəti törətməkdə təqsirli bilinir. Onun barəsində Azərbaycanın prokurorluq orqanları tərəfindən başlanmış cinayət işi üzrə 2013-cü ildə beynəlxalq axtarış elan edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Respublikası baş pro­kurorunun xüsusi tapşırıqlar üzrə bö­yük köməkçisi İlqar Səfərov V.Xaçatr­yanla bağlı aparılan istintaq-əməliyyat tədbirləri, o cümlədən Meşəli cinayə­tinin digər iştirakçılarının məsuliyyətə cəlb olunması, bununla əlaqədar Ermə­nistandan ölkəmizə yönələn ittihamlar və sair məsələlər barədə “Xalq qəzeti”­nin suallarını cavablandırıb. Müsahibə­ni təqdim edirik.

– İlqar müəllim, əvvəlcə 1991-ci il dekabrın 22-də Meşəlidə baş vermiş ci­nayət hadisəsi barədə məlumat vermə­yinizi istərdik. Bu cinayət nəticəsində neçə nəfər zərər çəkib? Sakinlərə və dövlət əmlakına nə qədər ziyan dəyib?

– 1991-ci il dekabr ayının 22-də Meşə­li kəndinə Azərbaycan SSR-in ərazisində yaşayan, ölkə vətəndaşları olan, millliy­yətcə ermənilərdən ibarət bir qrup silahlı şəxs, həmçinin Ermənistan Respublika­sından Azərbaycana gəlmiş silahlı şəxslə­rin iştirakı ilə hücum təşkil edilib. Məqsəd kənddə yaşayan azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək olub. Hücum nəticəsində milliyyətcə azərbay­canlı olan 25 nəfər qəsdən öldürülüb, 14 nəfər ağır bədən xəsarətləri alıb. Niyyət onları da öldürmək olub. 41 yaşayış evi, o cümlədən, dövlət binaları talan edilib və yandırılıb. İstintaq nəticəsində kəndə maddi baxımdan, ümumilikdə, 5,5 milyon manat həcmində ziyan vurulduğu qənaə­tinə gəlinib. Yəni, vurulmuş ziyanın ümumi mənzərəsi bundan ibarətdir. Eyni zaman­da, soyqırımı cinayəti ilə yanaşı, kəndin 358 nəfər sakini öz yurdlarından didərgin salınıb, məcburi köçürülüb.

– Meşəli hadisələri ilə bağlı cinayət işi nə vaxt başlanıb?

– Beynəlxalq və yerli ictimaiyyəti ən çox maraqlandıran məsələ budur. Çünki bir çoxları sosial şəbəkələrdə bu cinayət işinin Ermənistana təzyiq, yaxud Azər­baycanın Qarabağ bölgəsində məskunla­şan etnik qrupa – ermənilərə təsir etmək üçün formalaşdığını deyirlər. Lakin istin­taq sənədləri var və biz bu sənədlərin bir hissəsini ictimaiyyətə açıqladıq. Həmin sənədlərdə 1992-ci il yanvar ayında Azər­baycan Respublikası Prokurorluğunun vahid əməliyyat istintaq qrupuna Meşəli hadisəsi ilə bağlı müraciət daxil olduğu görünür. Yanvar ayının 11-də istintaq qru­pu Meşəli kəndinə baxış keçirir. Baş ver­miş bütün qətllər, talanlar, yanğınlar öz təsdiqini tapır. Onlar protokollaşdırılır, fo­toşəkillər çəkilir və 11 yanvar 1992-ci ildə Şuşa şəhərində bu faktla bağlı cinayət işi başlanılır. Fakt üzrə istintaq uzun müddət davam edib. İstintaq qəsdən adamöldür­mə, quldurluq, soyğunçuluq, iki və ya daha çox şəxsi qəsdən öldürmə maddələri ilə davam etdirilib.

– Cinayət işi üzrə, ümumilikdə, neçə nəfər təqsirləndirilir? Neçə nəfər barə­sində axtarış elan olunub?

– Bu cinayətin iştirakçıları iki qrupdur. Bir qrup Meşəli kəndinə qonşu olan kənd­lərdə yaşayan şəxslərdir. Meşəli sakinləri onları şəxsən tanıyırdılar, bəzilərinin mü­nasibətləri var idi. Orada müxtəlif sosial qruplara məxsus şəxslər – müəllimlər, digər peşə sahibləri olub. Meşəli sakinlə­rinin tanıdığı şəxslərin şəxsiyyəti istintaq zamanı müəyyənləşdirilib. Bu cinayət işi üzrə 9 nəfər barəsində axtarış elan edilib. O cümlədən cinayətin digər iştirakçılarının müəyyən edilməsi ilə bağlı zəruri istintaq hərəkətləri aparılıb. Hazırda bu istiqamət­də işlər davam etdirilir.

– Cinayət işi üzrə saxlanılan Vaqif Xaçatryanın soyqırımının törədilməsin­də iştirakı hansı şəkildə olub? O, təşki­latçılardan, yoxsa icraçılardandır?

– Vaqif Xaçatryan həmin cinayətin icraçılarından olub. Hadisə yerinin müa­yinəsi zamanı, əsasən, avtomat silahların gilizləri tapılıb. Qrup üzvləri dinc yerli əha­liyə avtomat silahlardan, zirehli transport­yorlardan və piyadaların döyüş maşının­dan intensiv atəş açıblar. Vaqif Xaçatryan həmin silahlı şəxslərdən biri olub. Onun əhaliyə qarşı birbaşa hücumda iştirak et­məsi istintaqın gəldiyi qənaətlə tam sübu­ta yetirilib. Xaçatryanın icraçılardan biri ol­ması ilə bağlı istintaq əsaslı sübutlar əldə edə bilib.

– Bəs digər 8 nəfərlə bağlı istintaqa nələr məlumdur?

– Digər 8 nəfərin də şəxsiyyəti, o cüm­lədən istintaq üçün zəruri olan məlumatlar bizə məlumdur. Onların da barəsində ax­tarış elan edilib. Eyni prosedur onlara da tətbiq olunur. Təbii ki, onların da məsuliy­yətə cəlb edilməsi təmin ediləcək.

– Vaqif Xaçatryanın saxlanılmasın­dan sonra onunla bağlı istintaq-əmə­liyyat hərəkətləri icra olunubmu? İstin­taqa yeni faktlar məlumdurmu?

– Şübhəsiz. İlk növbədə, Vaqif Xa­çatryan saxlanıldıqdan sonra onun tibb müəssisəsinə yerləşdirilməsi təmin olu­nub. Çünki həmin şəxs Beynəlxalq Qır­mızı Xaç Komitəsinin vasitəçiliyi ilə müa­licə adı altında Azərbaycan Respublikası hüdudlarını tərk etmək istəyirdi və sərhəd nəzarət-buraxılış məntəqəsində onun şəxsiyyəti müəyyən edilən zaman axta­rışda olması halı aşkar olunub və dərhal hüquq-mühafizə orqanlarına təhvil verilib. Bundan sonra qeyd etdiyim kimi, o, dərhal tibb müəssisəsinə yerləşdirilib, sağlamlığı ilə bağlı həkim müayinəsindən keçirilib və tibbi müayinələr başa çatandan sonra Ci­nayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq istintaq orqanı – hazırda istintaqı aparan Azərbaycan Respublika­sı Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin müstəntiqləri iş üzrə prosessual hərəkətlərə başlayıblar. Şəxs tərcüməçi və vəkillə təmin edilib. Barəsində çıxarılan təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar ona elan edilib və digər prosessual hərəkətlər, o cümlədən dindi­rilməsi aparılıb.

– Xaçatryanın azərbaycanlılara qar­şı digər cinayətlər də törətdiyi bildirlir. Bu baxımdan ona əlavə ittihamlar irəli sürülə bilərmi?

– İttihamlar irəli sürülə bilər. Vaqif Xa­çatryanla bağlı məlumatlar, onun fotosu, videosu mediada yayıldıqdan sonra Baş Prokurorluğun 961 nömrəli “qaynar xət­t”inə bir neçə vətəndaş tərəfindən müra­ciətlər daxil oldu. Eləcə də, bəzi vətəndaş­lar sosial media hesablarında məlumatlar paylaşdılar. Bildirdilər ki, Xaçatryan onlara da xəsarət yetirib və onu tanıyırlar. Bu şəxslər istintaq orqanına dəvət edilir, on­ların verdiyi informasiyalar rəsmiləşdirilir. Yəqin ki, siz də bu videoları görmüsünüz. Bir vətəndaşımızda Xaçatryanın ona ver­diyi işgəncə nəticəsində bədənində yaran­mış izlərin göründüyü video var. Onların tibbi müayinədən keçirilməsi təmin edilir. Əgər dedikləri fakt təsdiqini taparsa, yəni, Vaqif Xaçatryan tərəfindən bu cinayətlərin törədildiyi istintaqla sübuta yetiriləcəyi təq­dirdə ona yeni ittihamlar elan ediləcək.

– Yəni, həmin şəxslər də zərərçək­miş kimi tanınacaqlar...

– Birmənalı olaraq, 1992-ci ildən eti­barən zərərçəkmiş şəxslərin tanınması və müəyyənləşdirilməsi davam etdirilir. İstintaqa müraciət etmiş şəxslər arasın­da fiziki xəsarət alanlar, ölmüş zərərçək­miş şəxslər var ki, onların yaxın qohum­ları hüquqi varis qismində tanınıb. Eləcə də maddi ziyan dəymiş şəxslər müraciət ediblər. Bütün proses boyu qeydə alınmış müraciətlərin müəllifləri əgər hüquqi əsas mövcuddursa, zərərçəkmiş şəxs, eləcə də bəziləri mülki iddiaçı qismində tanınıblar.

– Ermənistan tərəfi Vaqif Xaçatrya­nın saxlanılmasını adam oğurluğu kimi qələmə verməyə çalışır. Bu iddialarla bağlı nələri qeyd edə bilərsiniz?

– Bilirsiniz, Vaqif Xaçatryan və o cüm­lədən ölkəmizin Qarabağ bölgəsində ya­şayan erməni milliyyətindən olan şəxslərlə bağlı Azərbaycan dövlətinin mövqeyi bu­dur ki, onlar Azərbaycan vətəndaşlarıdır. Təbii ki, istəməyən çıxıb getməkdə sər­bəstdir, biz heç kimi zorla öz vətəndaşımız kimi saxlamırıq. Amma Vaqif Xaçatryan Azərbaycan Respublikasının vətəndaşı­dır. Onun barəsində Azərbaycan Respub­likası qanunları ilə cinayət təqibi aparılır.

Bu hadisəyə adam oğurluğu adı qoymaq düzgün deyil. Çünki Xaçatryan Azərbaycan sərhəd nəzarət-buraxılış məntəqəsinə beynəlxalq qurumun va­sitəçiliyi ilə yaxınlaşıb. Şəxsiyyəti, daha sonra axtarışda olması müəyyən olunub. Ona axtarışda olmasının səbəbləri izah olunub və aşkar şəkildə dövlətin müəy­yən etdiyi normalarla, Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən saxlanı­lıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. Yəni, bu adam barəsində cinayət təqibinin aparıldığını, onun saxlanıldığı yeri hamı bilir. Onun hüquqları təmin edilir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nü­mayəndələri ilə görüşünə şərait yaradılır, İnsan Hüquqları üzrə Müvəkkil (Ombuds­man) onunla görüşür. Yəni, burada adam oğurluğunun hansı elementi var ki, onu bu şəkildə təqdim edirlər?!

Sadəcə, məsələni siyasiləşdirmək üsulu kimi, Ermənistan bundan istifa­də etməyə çalışır. Ancaq Ermənistan bu məsələdə tərəf deyil. Söhbət Azərbaycan Respublikasının vətəndaşı barədə aparı­lan cinayət təqibindən gedir. Bu da milli qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdirilir. İş başa çatdırıldıqdan son­ra barəsində toplanmış sübutlar kifayət qədər əsaslı olsa, ittiham aktı tərtib edil­məklə məhkəməyə göndəriləcək.

– Bir məsələyə də aydınlıq gətirmə­yinizi istərdik. Qanunvericilikdə cinayət məsuliyyətinə cəlbetmə üçün müddət­lər nəzərdə tutulub. Həmin müddəanın Meşəli cinayəti kimi hadisələrə tətbiq olunması üçün hüquqi əsaslar varmı?

– Cinayət-Prosessual Məcəlləsi ci­nayət məsuliyyətinə cəlbetmə müddətləri­ni tənzimləyir. Orada bu məsələyə də yer ayrılıb. Müddətkeçmə norması sülh və in­sanlıq əleyhinə, o cümlədən müharibə ci­nayətlərinə şamil edilmir. Üstündən neçə il keçməsindən asılı olmayaraq, bu cinayət­ləri törətdikləri müəyyən edilmiş şəxslər ci­nayət məsuliyyətinə cəlb ediləcəklər. Hət­ta bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu Xarici İşlər Nazirliyi ilə birgə 2020-ci ildə keçirilmiş geniş tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinə, mətbuat təm­silçilərinə geniş izahat verdi. Biz o vaxt elan etdik ki, soyqırımı, ekoloji cinayətlər, işgəncə verilməsi, əhaliyə maddi ziyan vurulması, Qarabağda erməni separatçı­larının, müasir dövrdə erməni hərbçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayət­lərlə bağlı cinayət işlərini istintaq edirik. Hamıya elan etdik ki, bu istiqamətlərdə təqsirləndirilən şəxsləri aşkar etmişik, ax­tarışa vermişik, müddət keçməsinə arxa­yın olmasınlar, bizim Cinayət-Prosessual Məcəllədə bu məsələ tənzimlənir. Müddət məsələsi onlara şamil olunmayacaq və o şəxslər məsuliyyətə cəlb ediləcək.

– Xaçatryanın məsuliyyətə cəlb edilməsinin beynəlxalq normalara uy­ğunluğu ilə də bağlı fikirlərinizi öyrən­mək istərdik...

– Ermənilərin təxribat niyyəti ilə ən çox qaldırdığı məsələ Xaçatryanın, guya, beynəlxalq axtarışa verilməməsi məsələ­dir. Bu məsələ də sənədlərlə öz təsdiqini tapıb. Onun barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul ediləndən sonra Nərimanov Rayon Məhkəməsi tərəfindən 2013-cü il noyabrın 14-də şəxsin həbs edilməsi və tutulma­sı ilə bağlı qərar qəbul olunub. Bundan sonra İnterpolun Milli Mərkəzi Bürosuna müraciət edilib. Həmin sənədlər təqdim olunub. Şəxs beynəlxalq axtarışa verilib. Son dövrlərə qədər Xaçatryanın, eləcə də digər təqsirləndirilən şəxslərin axtarışı ilə bağlı İnterpolun Milli Mərkəzi Bürosu ilə Azərbaycanın hüquq-mühafizə orqanları arasında yazışmalar davam etdirilib.

– Birinci Qarabağ müharibəsi za­manı Kərkicahan, Bağanis-Ayrım, Cə­milli, Malıbəyli, Quşçular, Qaradağlı, Xocalı, Ballıqaya, Başlıbel kimi yaşa­yış məntəqələrimizdə də müharibə ci­nayətləri törədilib. Bu cinayətləri törə­dənlərin saxlanılması istiqamətində hansı tədbirlər görülür?

– Qeyd etdiyiniz soyqırımı cinayətlə­rinin hər biri ilə bağlı həm Baş Prokuror­luğun İstintaq İdarəsində, həm də Hərbi Prokurorluqda sənədlər toplanılıb. Hər bir fakt üzrə cinayət işi başlanılıb. İlkin cinayət işləri 1988-ci ildə milli münaqişə zəminində törədilən cinayətlərlə bağlı açı­lıb. Bu soyqırımları ilə bağlı zəruri olan bütün hərəkətlər aparılıb. Axtarışda olan şəxslərdən hansı saxlanılacaqsa, həmin hadisələrlə bağlı sənədləri yenə ictimaiy­yətlə paylaşacağıq.

Müsahibəni apardı:
Səxavət HƏMİD,
“Xalq qəzeti”

 



Müsahibə