“Qarabağ İtkin Ailələri” BMT-dən kömək istəyir

post-img

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatına müraciət ünvanlayıb. Vətəndaş cəmiyyəti qurumudan qəzetimizə göndərilən həmin məktubun mətnində bildirilir: 

– Ermənistanın Azərbaycana hər­bi təcavüzü nəticəsində itkin düşmüş 3 min 890 nəfər azərbaycanlının ailə üzvlərini birləşdirən ictimai təşkilat kimi, itkin ailələri adından BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti Çaba Köröşiyə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Ko­missarı Volker Türkə müraciət edirik. 

Beynəlxalq humanitar hüququn və onun əsas mənbəyi olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyala­rının tələblərinə əsasən, silahlı mü­naqişələr zamanı itkin düşmüş şəxs­lər barədə onların ailələrinin məlumat almaq haqqı birmənalı şəkildə tanınır və bu, insan kimi bizim hüququmuz­dur. Lakin biz 30 ildən çoxdur ki, bu hüquqdan məhrumuq, Ermənistan itkin düşmüş azərbaycanlılar barədə məlumatları təqdim etməkdən imtina edir, bizi bitməyən əzaba, iztirablara məhkum edib. 

Ermənistanın Azərbaycana qar­şı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində itkin düş­müş şəxs kimi qeydiyyata alınan 4 minə yaxın azərbaycanlının 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxslərdir. 71 nəfər yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri qocadır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-gi­rov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalması şahid ifadələri ilə təsdiq edilib. 

Müraciətdə itkin düşənlərin bir çoxunun işgəncə ilə qətlə yetirilməsi və meyitlərinin 30 il Ermənistanın nə­zarəti altında olmuş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlarda gizlədil­məsi onların erməni silahlıları tərəfin­dən məhv edilməsinin təkzibedilməz sübutu kimi nəzərə çatdırılır: 

– Kütləvi məzarlıqlardan 1-i Kəlbə­cər rayonunun Başlıbel kəndində, 3-ü Xocavənd rayonunun Edilli kəndində, 1-i Xocalı rayonunun Fərrux kəndin­də, 2-si Şuşa rayonunun Daşaltı kən­dində, 1-i Şuşa şəhərində, 1-i Ağdam rayonunun Sarıcalı kəndində aşkar edilib. Daha bir neçə kütləvi məzarlı­ğın izinə düşülüb, hazırda həmin is­tiqamətlərdə araşdırmalara başlanıb. İnsanların kütləvi halda qətl edilərək qeyri-insani qaydada basdırılması və izlərinin itirilməsi, bütün insani dəyər­lərə hörmətsizlik, vəhşilikdir.

Müraciət bu sözlərlə bitir: “Sizdən xahiş edirik ki, Ermənistana çağırış edəsiniz ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatları açıqlasın, kütləvi məzarlıqların yerlərini Azər­baycan tərəfinə təqdim etsin. Siz­ləri çağırırıq ki, BMT-nin itkin düş­müş şəxslər üzrə xüsusi məruzəçisi institutunun yaradılmasına öz töhfəni­zi əsirgəməyəsiniz”. 

“Xalq qəzeti”

Son xəbərlər