Su qıtlığından çıxış yolu ehtiyatları qorumaq və qənaətdir

post-img

Son 20 ildə ölkənin su təminatı 40 faizdən 70 faizə yüksəlib

Azərbaycanda içməli suya olan tələbatın ödənilməsi və su mənbələrinin axtarılması məsələsi hər zaman diqqətdə saxlanılıb. Bu istiqamətdə reallaşdırılan layihələr ölkəmiz dövlət müstəqilliyinə qovuşandan sonra daha da intensiv xarakter alıb. Bu, statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Məsələn, 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idisə, hazırda bu rəqəm 70 faizi ötüb. Yaxud, həmin dövrdə Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz olduğu halda, hazırda həmin göstərici 90 faizə yaxınlaşıb. 

Belə bir şəraitin yaranmasını, şübhəsiz ki, respublikamızda həyata keçi­rilən nəhəng su layihələri şərtləndirib. Məsələn, Oğuz–Qəbələ–Bakı su kəmə­rinin çəkilməsi, 270 milyon kubmetr su tutan, təqribən, 30 min hektar suvarıl­mayan torpaqların suvarılmasına imkan verən Taxtakörpü su anbarının tikintisi, Ceyranbatan su anbarının yenidən qu­rulması, Şəmkirçay, Göytəpə və To­vuzçay su anbarlarının inşa edilməsi bu sahədə şəraitin yaxşılaşmasına, və­ziyyətin müsbət məcraya yönəlməsinə gətirib çıxarıb. 

Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tama­milə müsbət istiqamətə dəyişib: “Mən onların arasında Oğuz–Qəbələ–Bakı su kəmərini xüsusilə qeyd etmək istərdim. Bu kəmərin çox böyük əhəmiyyəti var. İlk növbədə, böyük həcmdə təmiz iç­məli su Bakı şəhərinə çatdırılır. Nəzərə alsaq ki, bizim su resurslarımızın bö­yük hissəsi xarici ölkələrdə formalaşır, Oğuz–Qəbələ–Bakı su kəməri sırf yerli mənbə üzərində inşa edilmiş böyük la­yihədir. Bu layihənin inşası demək olar ki, bizim ilk neft gəlirlərimiz əldə olu­nandan sonra başlamışdır. O vaxt mən demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və Oğuz–Qə­bələ–Bakı su kəməri bunun əyani sübu­tudur… İndi mütəxəssislər yaxşı bilir­lər ki, əgər bu gün Oğuz–Qəbələ–Bakı su kəməri olmasaydı, Bakı şəhərinin su problemləri çox kəskinləşə bilərdi”.

Yuxarıda qeyd edildiyi kimi, Bakı­nın su təchizatında Taxtakörpü su anba­rı da önəmli rol oynayır. Dövlətimizin başçısının vurğuladığı kimi, bu su an­barının tikintisi tarixi layihədir. Çünki onun su tutumu kifayət qədər böyükdür –270 milyon kubmetr təşkil edir. Eyni zamanda, Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər yeni be­ton kanal fəaliyyət göstərir. Taxtakörpü su anbarının xüsusi əhəmiyyəti həm də ondadır ki, Samur çayının suları orada yığılır, təbii yollarla təmizlənir və belə­liklə, su yeni bir rezervuardan Ceyran­batan anbarına gəlir. 

Bu məqamda onu da qeyd edək ki, Prezident İlham Əliyev “Su ehtiyatla­rından səmərəli istifadənin təmin edil­məsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq ölkədə su ehtiyatlarının artırılması, əhalinin içməli su təminatının yaxşılaşdırıl­ması, əkinəyararlı torpaqlarda müasir təsərrüfatlar yaradılmasının təşviqi və əhalinin məşğulluğunun dəstəklənməsi məqsədilə Oğuz və Şəki rayonları əra­zisində Əlicançay su anbarının tikilmə­si haqqında keçən ayın 28-də müvafiq sərəncam imzalayıb. 

Lakin həyata keçirilən bu layihələrə baxmayaraq, hər il yay aylarında hö­kumət əhalini içməli sudan istifadəyə məsuliyyətlə yanaşmağa dəvət edir. Bu, içməli su qıtlığının mövcudluğunu, eyni zamanda, bu məsələdə israfçılığın, qeyri-qanuni halların aradan qaldırıl­masının zəruriliyini göstərir. Belə şərait paytaxtda və ətraf qəsəbələrdə daha çox nəzərə çarpır. Bakıda içməli suyun veri­lişində qənaət rejiminin tətbiqi də məhz bununla bağlıdır. Amma heç kimə sirr deyil ki, ölkəmizin digər ərazilərində də belə yanaşma özünü qabarıq büruzə verir. Səbəb isə suya tələbatın getdikcə artması ilə bərabər, şirin suyun texniki məqsədlə gen-bol işlədilməsi, avtoyu­ma məntəqələrində, yaşıllaşdırmada, kənd təsərrüfatı məhsullarının becəril­məsində daha çox istifadə olunması ilə bağlıdır. Təbii ki, bu cür israfçılıq içmə­li su ehtiyatlarının tükənməsinə, əhali­nin isə əziyyət çəkməsinə səbəb olur. 

Hesablamalara görə, Bakı və Ab­şerona kənar mənbələrdən saniyədə 26 kubmetr su verilir və bu, düzgün pay­lanma və səmərəli istifadə ilə əhalinin tələbatını ödəmək üçün kifayət qədər böyük göstəricidir. Amma su paytaxtda düzgün paylanmır, bununla da böyük it­kilərə yol verilir. Əvvəla ona görə ki, su borularının çox hissəsi ötən əsrin 50-ci illərindən qalmadır. Yeni binalar tikil­dikcə bu xətlərə qoşulur. Bundan başqa , verilən suyun təzyiqi də artır. Nəticədə köhnə borular bütün bunlara tab gətirə bilmir, ciddi su itkilərinə səbəb olan sıçrayışlar baş verir. Ona görə də Bakı­da və Abşeronda villalara qeyri-qanuni qoşulan bütün su xətləri kəsilməlidir. Avtoyuma məntəqələrində texniki su­dan istifadəyə şərait yaradılmalıdır. 

Ümumiyyətlə, mütəxəssislər pay­taxtda içməli suyun texniki məqsədlər üçün işlədilməsinin aradan qaldırılma­sını Bakının hündür yerlərində qurula­caq müəyyən qurğular vasitəsilə çirkab suların təmizlənərək bağ və parkların suvarılmasına, avtoyuma məntəqələ­rinə, küçə və sosial ərazilərin təmizlən­məsinə yönəldilməsində görürlər. 

Bəli, sirr deyil ki, texniki suyun ol­maması içməli suya təlabatı artırır. Ona görə də harada imkan varsa orada iç­məli su texniki su ilə əvəz olunmalıdır. Artıq Bakıda bəzi ərazilərdə park və yaşıllıqların suvarılmasında texniki su­dan istifadə edilir. Məsələn, Xocahəsən gölünün ətrafında salınan yaşıllıq bu göldən götürülərək təmizlənən su ilə suvarılır.

Yeri gəlmişkən, Azərbaycan dün­yada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə, ölkəmiz 90-cı yerdə qərarlaşır. Təbii ki, belə şəraitdə təkcə paytaxtda deyil, respublikamızın digər ərazilərin­də də su çatışmazlığı ciddi narahatlıq doğurur. Azərbaycanın su ehtiyatı 32 milyard kubmetr təşkil edir. Bu resur­sun 70 faizi əsasən, Kür və Araz çayları­nın hesabına, 30 faizi isə ölkə daxilində formalaşır. Kür, Araz və Azərbaycanın daxili çayları öz mənbəyini dağlara yağan yağışlardan, əriyən qar, buzlaq və yeraltı sulardan alır. Kür aprel ayın­da maksimum, sentyabrda minimum səviyyəyə yüksəlir. Araz çayında isə suyun səviyyəsi mayda maksimum, avqustda isə minimum həddə çatır.

Azərbaycanda su böhranı yaşandı­ğı indiki şəraitdə etiraf edək ki, möv­cud resurslarından vurğulandığı kimi, səmərəli istifadə olunmur. Belə halda, ilk növbədə, su itkisinə qarşı ciddi təd­birlər görülməlidir. Bu zaman həm də unutmayaq ki, Çünki Statistika Ko­mitəsinin Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələr üzrə təbii mənbələrdən götürülən su, onun istehlakı və itkisi ilə bağlı təqdim etdiyi statistik məlumatda respublikamız su itkisinə görə, 28 faizlə birinci yerdədir. Su itkilərinə səbəb isə əsasən, yuxarıda sadalanan problemlər­lə yanaşı, köhnəlmiş irriqasiya sistem­ləridir. Daha dəqiq ifadə etdək, çətinlik əsasən, istismar müddətini başa vuran suvarma kanallarının əksəriyyətinin ya­rarsız hala düşməsi ilə bağlıdır. 

Mütəxəssislər ölkənin mövcud su resurslarından səmərəli istifadə edilmə­si məqsədilə yağış sularının yığılmasını da təklif edirlər. Onlar yağışlı vaxtlarda və çaylarda sululuğun yarandığı günlər­də onun bir hissəsini xüsusi anbarlara, məsələn, sovet dövründən qalmış təsər­rüfatdaxili su anbarlarını qaydaya salıb ora yığaraq yay aylarında suvarmaya yönəltməyin mümkünlüyünü xatırla­dırlar. Təbii ki, belə halda fermerlər, kəndlilər həmin göllərə yığılmış sudan gen–bol yararlana bilərlər. 

V.BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat