“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Laçın rayonunu yüksəksürətli internetlə təmin etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Laçında görülən işlərlə tanış olmaq məqsədilə həmin rayona mediatur təşkil olunub. Yeddi-səkkiz saatlıq yolu qət etməklə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarından keçərək nəhayət ki, Laçına çatdıq. Yolboyu erməni vandalizminin izləri ürəyimizi ağrıtsa da, Laçına daxil olanda qarşılaşdığımız mənzərə əhvalımızı yüksəltdi. Ötən ilin payızında son gəlişimdən sonra şəhər xeyli dəyişmişdi. Laçın canlanmışdı, buraya doğma insanların nəfəsi yeni həyat vermişdi. Yurd-yuvasına qovuşan laçınlıların sevincinin həddi-hüdudu yox idi. Ölkə başçısının tapşırığına əsasən burada bütün istiqamətlərdə işlər aparılır, insanların rahatlığı üçün hər cür şərait yaradılır. Sakinlərin yüksəksürətli internetlə təminatını öz öhdəsinə götürən “Aztelekom” MMC qısa müddətdə bu işin öhdəsindən gəlməkdədir.
“Aztelekom”un mətbuat katibi Alidə Mustafayeva jurnalistlərə bildirib ki, Prezident İlham Əliyevin “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı təsdiq etməsindən sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qarşısında duran prioritet məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə telekommunikasiya sahəsinin inkişafıdır. Azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin əsas tərkib hissəsi olaraq “Aztelekom” MMC tərəfindən Laçın şəhərində 800 evdə GPON (Gigabit Passive Optical Networks) texnologiyasının tətbiq olunması üçün layihə hazırlanıb, şəbəkə quraşdırılıb. Laçın şəhəri ilə yanaşı, rayonun Zabux və Sus kəndləri də GPON texnologiyası əsasında layihələndirilib. İşlər tamamlandıqdan sonra Zabux kəndində 250, Sus kəndində 75 ev təsərrüfatı xidmətlərdən yararlana biləcək.
Qeyd edilib ki, müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
“Aztelekom” MMC-nin Şərqi Zəngəzur üzrə səlahiyyəti nümayəndəsi Ülfət Tağıyev Laçın şəhərində 75 ailənin internetlə təmin olunduğunu, yaxın 10 gün müddətində isə daha 50 ailənin internetlə təmin olunmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Hazırda Zabux və Sus kəndləri istiqamətlərində kommunikasiya xətləri çəkilir. Gələcək planlardan biri də Laçın aeroportu istiqamətində layihələndirmə işlərinə başlanılmasıdır. Qeyd edim ki, bir həftə müddətində həmin layihənin icrasına başlanılacaq. Bundan əlavə, ilin sonunda Şuşa şəhərinə 34 ailənin köçürülməsi nəzərdə tutulub. Hazırda köçün olacağı yaşayış massivində kabel-kanalizasiya quyuları tikilir. 200 metrə yaxın kabel çəkilib və hazır vəziyyətdə saxlanılıb. Köç baş tutandan sonra həmin əraziyə yüksəksürətli internet vermək imkanımız olacaq”.
Laçın sakini İradə Hüseynova otuz bir ildən sonra yenidən Laçına qayıtmağın sözlə ifadə edilə bilməyəcək duyğular olduğunu deyib: “Həkəri çayını görəndən sonra tamamən keçmiş xatirələrə qapandım, heç yaşadığım yerə necə gəlib çatdığımı bilmədim. Sonradan fikir verəndə gördüm ki, Laçın necə də gözəl olub. Xoşbəxtəm ki, uzun illərdən sonra doğma yurduma qovuşdum. Buna görə Ali Baş Komandan Prezident İlham Əliyevə və onun rəşadətli Ordusuna minnətdarıq. Bizə bu sevinci yaşadan şəhidlərimizə, qazilərimizə borcluyuq. Yola çıxanda qonşularımız, qohumlarımız xahiş etdilər ki, Laçından bizə şəkillər, videolar göndərin. Buraya gələndən üç gün sonra “Aztelekom” bizi internetlə təmin etməyə başladı. Demək olar ki, hər gün Bakıda qalan tanışlarımızla əlaqə saxlayır, görüntülü danışır, bu gözəlliklərdən onların da zövq alması üçün Laçının əsrarəngiz mənzərələrinin şəkil və videolarını göndəririk”.
Digər sakin Gülşən Nəsibova Laçından çıxanda 22 yaşı olduğunu, doğma yurdunun çox dəyişdiyini, mənzərəsini seyr etməkdən doymadığını deyib: “Allaha çox şükür ki, torpağımıza qayıtmaq bizə qismət oldu. Biz uzun illər Bərdədə yaşamışıq. Bura köçün ilk günlərində şəbəkə olmadığından çətinlik çəkirdik. Heç kimlə əlaqə saxlamaq olmurdu, qohumlarımız bizdən nigaran qalmışdı. Lakin qısa müddətdə bu problem aradan qaldırıldı, internetlə təmin olunduq. Öz qohumlarımızla, qonşularımızla əlaqə saxlayır, Laçının gözəlliklərini onlara göstəririk. Laçından olan qohumlarımız tezliklə buraya gələcəkləri günü səbirsizliklə gözləyirlər. Hətta okeanın o tayında ABŞ-da yaşayan qohumumuzla da heç bir problem olmadan əlaqə yaradırıq. Ona şəkillər, videolar göndəririk. O da öz növbəsində göndərdiklərimizi tanışları ilə paylaşır, azərbaycanlıların əbədi və əzəli torpaqlarını necə abadlaşdırdığını əyani şəkildə göstərir”.
Laçında olan müddətdə “Aztelekom” MMC-nin əməkdaşları öz fəaliyyətini davam etdirirdi, gah internetlə təminat aparır, gah da internetin çəkildiyi evlərdə bir problemin olub-olmadığı ilə maraqlanırdılar.
Doğma Laçından xoş xatirələrlə ayrıldıq. Həm gözoxşayan gözəlliklər bizi valeh etdi, həm laçınlıların qonaqpərvərliyi uzun yolun yorğunluğunu apardı, həm də digər dağıdılmış ərazilərin də bu cür bərpa olunacağını, tezliklə bütün torpaqlardan dünyaya “biz qayıtmışıq” mesajını verən paylaşımların olacağını xəyal edərək xoş ovqata qapıldıq.