Ağstafada Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə 14 iyul 1969-cu ilə həsr olunmuş tədbir keçirilmişdir. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri düzülmüşdür.
Mərkəzin böyük akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Liderin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Ulu Öndərin zəngin və mənalı həyatından, siyasi fəaliyyətindən və dövlətçilik məfkurəsindən bəhs olunan sənədli film nümayiş etdirilmişdir.
Ağstafa RİH başçısı Seymur Orucov xalqımızın tarixi taleyində misilsiz yer tutan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixinin əhəmiyyətindən söz açaraq bildirmişdir ki, dünya şöhrətli siyasi xadim hakimiyyətinin birinci dövründə öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb.
Rayon ictimaiyyətinin nümayəndələri Qalib Cəfərov, Fəridə Həsənova və başqaları da 1969-1982-ci illəri haqlı olaraq Azərbaycanın intibah dövrü adlandırmışlar.
Tədbir yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilmişdir.
Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri