Qarabağa gedən yol Tovuzdan başlanmışdı. 27 sentyabrdan əvvəl Tovuz hadisələri olmuşdu. Tovuz istiqamətində gərginlik iyulun 12- dən başlamış, 13-nə keçən gecə də davam etmişdi.
İyulun 14-ü yenə səhər saatlarından başlayaraq rayonun Ağdam və Əlibəyli kəndləri iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutulmuş, düşmənin təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən daha 5 hərbi qulluqçu şəhid olmuşdu. Uzun fasilədən sonra qapıları yenə şəhid xəbərləri döyməyə başlamışdı.
...Şəhidlik xəbəri Tovuz rayonunun Cəlilli kənd sakini Ayaz Zeynalovun da qapısına çatdı. Bəd xəbərlə eyni vaxtda qonum - qonşu həyətə toplaşdı... Halbahal olan İlqarın anası Laçına su, atası Ayaza toxdaqlıq verən kim, “bəlkə yalandır” – deyə ümidlənən kim ...
İlqar Ayaz oğlu Zeynallı 9 iyul 1995-ci ildə Tovuz rayonunun Cəlilli kəndində anadan olub. Ailənin ikinci uşağı olan İlqar həkim olmaq arzusu ilə böyüyüb. Həmin kənddə yerləşən məktəbdə orta təhsil alarkən əla qiymətlərlə oxumuş, valideyn iclaslarında adı həmişə layiqli məktəbli kimi çəkilmişdir. Onun şəkli uzun illər məktəbin şərəf lövhəsindən düşməmişdir. 2014-cü ildə Azərbaycan Ordusunun N saylı hərbi hissəsində feldşer kimi xidmətə başlamışdır.
Anası Laçın Zeynalova deyir ki, yoldaşlarının söhbətlərinə gorə, 2016-cı ilin aprelində Lələtəpə uğrunda gedən döyüşlərdə yaralananlara ilkin tibbi yardım göstərən İlqar, gecələr də yuxu yatmır, ağır yaralıların keşiyində dururmuş... 2018- ci ildən etibarən Azərbaycan Ordusunun Quru Qoşunlarının giziri, Qara ləqəbli İlqar Zeynallı hərbi fəaliyyətini Tovuz rayonunda davam etdirmişdir.
İlqarın atası Ayaz Zeynalov deyir ki, illər bir-birini əvəz etdikcə, qəlbimizdəki yara sağalmır, daha da çox ağrı verir: “Təsəllim odur ki, oğlum tək deyil. Bu torpaq uğrunda can verənlərin hamısı balamızdır. Minlərlə şəhiddən biri də İlqardır. O, torpağımızın namusunu qoruyan zaman qəhrəmanlıqla şəhid olub. Başımızı uca edib. Ermənistanla Azərbaycan arasında gedən müharibələr zamanı Tovuz rayonu düşmənə bir qarış belə torpaq verməyib. Torpağımız məhz İlqar kimi Vətən sevən oğulların hesabına bütövlüyünü qoruyub”.
Ayaz Zeynalov İlqarın şəhid olduğu günü belə xatırlayır: “Axırıncı gün onun öz maşını ilə lazım olan hər cür ərzaq göndərdim ki, heç nəyə ehtiyacları olmasın. Qardaşı Sənan apardı. 15 dəqiqədən sonra İlqar zəng etdi ki, ata payına qurban olum. Göndərdiklərin çatdı və paylaşdırdıq. Məni tam arxayın etdi ki, hər şey yaxşıdır, narahat olma. Saat 4- də gördüm Sənan maşını yenə işə salıb getmək istəyir. Bildim ki, nə isə xəbər eşidib... Mən də ona qoşuldum. Getdik... Yarım saat sonra İlqarı təcili yardımla gətirdilər...
Mən bilirdim ki, bu döyüş güclü başlayıb və itkilərsiz Qələbə olmayacaq. Ona görə də bu ana da hazır idim. İlqara hərbçi olmağı da mən tövsiyə etmişdim. Atanın oğlu haqqında danışması çox ağırdır. Kimi dindirsənız, onqat artıq danışar onunla bağlı. Belə deyim var ki, oğulu el tərifləyər. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlər ölməzdir, Vətənimiz basılmazdır. Biz oğulu Vətən üçün böyüdürük. 55 yaşım var. Bir oğlum da, mən də istənilən vaxt torpağımızı, ana – bacılarımızın qeyrətini qorumaq uğrunda vuruşmağa hazırıq”.
Qardaşı Sənan danışır: “Deyirdilər, İlqar filan yaralını aşağı endirdi, filankəsə yardım göstərdi. Arxayın idim ki, qardaşıma heç nə olmaz, o, təhlükəsiz yerdədir. Özü də danışanda deyirdi ki, aşağıdayam, onları görmürəm. Mən nə biləydim ki, İlqar düşmənlə üzbəüzdədir, silahsız döyüşür. Biz bütün gənclər ön cəbhəyə yaxın yerdə döyüşə atılmağa hazır idik”.
İlqarın anası Laçın Zeynalova isə hələ də ovunmur: “Mən elə bilirəm ki, həyətə Azərbaycanın o müqəddəs bayrağına bükülüb gətirilən tabutdakı şəhid İlqar deyil. O gələcək. Arzuları vardı, xəyallar qururdu. Onu gerçəkləşdirməmiş hara getdi? Mən onun toyunu, nişanını görmədim, ölümmü? İlqar mənim də onunla bağlı arzularımı yarımçıq qoydu, hamısı gözümdə qaldı, ürəyimdə daşa döndü. Tovuz döyüşləri olan günlərdə gecələr də evə gəlmirdi. Səhərəcən qapının ağzında gözləyirdim. Tək mən yox, bütün kənd. Övladı döyüşdə olan da, olmayan da o dörd gündə səhəri dirigözlü açır, dualar edirdik ki, ölüm - itim olmasın. İlqarın xəbəri şəhid olan kimi yayıldı. Çünki, rayonun cavanları, hamısı döyüş bölgəsində sıraya düzülüb, vuruşmaq üçün silah istəyirdilər. Hərbi komissarlığın həyətinə iynə atsaydın, yerə düşməzdi. Bunun davamını 44 günlük Vətən müharibəsində də gördük. Səhərə qədər Respublika Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Tovuz rayon şöbəsinin həyətində qeydiyyata düşmək üçün gözləyənlər vardı.
2014-cü ildən 2020-ci ilədək həyatını orduya bağlayan, rütbəsi gizir, vəzifəsi feldşer olan İlqar anadan olduğu Cəlilli kəndində dəfn edildi. Onunla vida mərasiminə Azərbaycan Ordusunun zabitləri də qatıldı. Nakam oğlumun bir nişanəsi də qalmadı. Subay idi, özündən yaşca böyük qardaşı və kiçik bacısı var. Hamısı sağ olsun. Hərənin öz yeri var. Kimsə kimsəni əvəz edə bilməz”.
Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələn İlqar və onun kimi oğullar aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayacaqlar.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”