Düzilqarlı Vətən oğlu – İlqar Mirzəyev

post-img

Onun haqqında düşünəndə, ilk növbədə, yadıma unudulmaz Xalq şairimiz Musa Yaqubun doğma kəndi Buynuzda öz dilindən eşitdiyim məşhur misraları düşdü: 

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın!

Düz 3 il əvvəl – iyulun 14-də Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan­lardan, şairin təbirincə desək, Vətən tor­pağını daha bir qarış artıranlardan biri də o idi: 3-cü Ordu Korpusunun artilleri­ya rəisi İlqar Mirzəyev. 

Özü də gözlərini həyata əbədi yu­man zaman Vətən borcunu layiqincə vermiş qəhrəmanlardan biri İlqar Mirzə­yev həmin gün səhər çağı korpusun ko­mandir müavini, general-mayor Polad Həşimov və tabeliyində olan hərbçilərlə ön xətdə düşmən hücumunun qarşısını alarkən şəhid olub. 

...Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində düşmənin növbəti silahlı təxribatının qarşısının alınması məqsədilə görülən cavab tədbirləri nəticəsində haylara məxsus müxtəlif təyinatlı hərbi nəqliy­yat və döyüş vasitələri, xeyli canlı qüv­və məhv edilib. Lakin igid polkovnik və dostları həmin şiddətli döyüşlərdən sağ çıxa bilməyib, adlarını al qanları ilə şöh­rət və şərəf tariximizə yazıblar. 

Elə o gün şəhid zabit İlqar Mirzəye­vin cənazəsi minlərlə insanın qatıldığı izdihamın müşayiəti ilə yaşadığı Bakı­nın Əhmədli qəsəbəsindəki evinə gəti­rilib. O, II Fəxri xiyabanda dəfn olunub. Beləcə, Gürcüstanın Qardabani do­ğulan, sonradan Bakını ünvan seçən, hərbi vəzifə borcu olaraq 2016-cı ilin aprelində Tərtərdə, 2020-ci ilin iyulunda Tovuzda vuruşan və oradaca əbədiy­yətə qovuşan İlqar Mirzəyev artıq 3 ildir ki, xatirələrdə yaşayır. 

Ölümündən sonra Polad Həşimov­la ona “Azərbaycanın Milli Qəhrəma­nı” adı verilib. Digər şəhid silahdaşları – mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir İlqar Zeynallı, gizir Ya­şar Babayev və əsgər Elçin Mustafaza­də müxtəlif təltiflərə layiq görülüblər... 

İki ay öncə şəhid polkovnikin 50 yaşı Xətai rayonunda ehtiramla qeyd olundu, məzarı ziyarət edildi. Müdafiə Nazirliyi­nin, hüquq-mühafizə orqanları rəhbər­lərinin və ictimaiyyət nümayəndələri­nin tədbirə qatılması, Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Xalq artisti – şəhid atası Əli Nurun şeir söy­ləməsi, şagirdlərin ifasında ədəbi-bə­dii kompozisiya təqdim olunması və s. şəhidlərimizin xatirəsinin necə yüksək urvatda tutulduğunu bir daha göstərdi. Milli Qəhrəman İlqar Mirzəyevlə bütün Azərbaycan xalqının fəxr etdiyi vurğu­landı. Onun adını daşıyan 98 nömrəli tam orta məktəbin ərazisində şəhidləri­mizin xatirəsinə ağaclar əkildi. 

Yubileyinə həsr olunmuş “İgidlik sim­volu İlqar Mirzəyev” adlı digər bir anım tədbirində isə şəhid polkovnikin döyüş yoldaşları – polkovnik Xəyyam Məmmə­dov, polkovnik-leytenantlar Mürşüd Ba­bayev və Təbriz Kərimov onunla bağlı barıt qoxulu xatirələrini dilə gətirdilər. Bəstəkar-müğənni Ruslan Səfəroğlu Milli Qəhrəmana həsr etdiyi mahnını ifa etdi. Həzi Aslanov adına Ordu İdeoloji iş və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında hərbi-vətənpərvərlik mahnıları səsləndirildi. Sonda Milli Qəhrəmanımız haqqında “Atama məktub” adlı kitabı qonaqlara təqdim olundu. 

Daha öncə Azərbaycan Dövlət Pe­daqoji Universitetinin tələbələri şəhid polkovnikin ailəsini ziyarət ediblər və İlqar Mirzəyevin obrazını yaratmış gənc rəssam Azadə Zellabdiyeva portreti qəhrəmanın həyat yoldaşı Güllü xanı­ma təqdim edib. O da öz növbəsində tələbələrə İlqarla bağlı xatirələrini da­nışıb, onların suallarını cavablandırıb.

Onu da qeyd edək ki, rejissor Kə­malə Mehralı Musazadə “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəh­rəmanları” silsiləsindən İlqar Mirzəyev haqqında “Artilleriyanın atası” adlı ma­raqlı film çəkib. Biz bu faktı qəsdən ya­zının sonu üçün saxladıq. Ona görə ki, çəkilişləri onun döyüş yolu keçdiyi mə­kanlarda – Goranboy, Gəncə, Şəmkir və Tovuz istiqamətlərində aparılmış film davadan sonra qəhrəmanın oğlu Elvinin əsgəri xidmətə yollanması ilə sona ça­tır. Bu isə o deməkdir ki, qəhrəmanlıq ənənələri davam edir. 

Qoy düşmən bilsin ki, estafet etibarlı əllərdədir. Qəhrəman ataların yolunda oğullar iftixarla irəliləyirlər. 

Əli ƏLİYEV, “Xalq qəzeti”



Sosial həyat