Molla Pənah Vaqifin faciəli qətli

post-img

Sonuncu Qarabağ hökmdarı İbrahimxəlil xanın sarayında baş vəzir olmuş şair-diplomat Molla Pənah Vaqifin faciəli qətli barədə tarixi mənbələrdə və sənədli ədəbiyyatda bir sıra versiyalar mövcuddur. Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sində və Mirzə Camal Cavanşirin “Qarabağ tarixi” əsərlərində istər İbrahimxəlil xan, istərsə də Vaqif haqqında yazılan əhvalatlar, mülahizələr yetərli olduğu qədər də dəqiqdir. Onlar həmin dövrdə yaşadıqlarından hər iki şəxsiyyətin doğru-dürüst surətini ustalıqla yarada bilmişlər. 

Mirzə Camal Ağa Məhəmməd şah Qa­car Şuşada öz adamları tərəfindən qətlə yetiriləndən və Qarabağda hakimiyyəti qısa müddətdə ələ keçirmiş xanın qar­daşı oğlu Məmməd bəy Cavanşir şahın həbsə saldırdığı baş vəzir Molla Pənah Vaqifi edam etdirəndən sonrakı dövrdə həm İbrahimxəlil xanın sarayında, həm də Mehdiqulu xanın sarayında vəzir ol­muşdur. O, şahidi olduğu əhvalatları elə dəqiq, inandırıcı yazmışdır ki, tarixçi və oxucu heç bir cümləni, heç bir əhvalatı şübhə altına almır. Eyni zamanda, Mirzə Camal Cavanşir onunla bir nəsildən olma­ğına baxmayaraq, Məmməd bəyin naxələf əməllərini, möhtərəm əmisi İbrahimxəlil xan Cavanşirə qarşı müxalif olmağını, ha­kimiyyət iştahını öz əsərində açıq-aydın göstərmişdir.

Vaqifi kim öldürdüb?

Mirzə Camal yazır ki, İbrahimxəlil xan 3 aydan sonra Balakəndən qayıtdı. Şuşa əhalisi və ətraf kəndlərdən axışıb gələn camaat xanın pişvazına çıxmışdı. Hamı sevinc və şadlıqla qaladan enib Əsgəran yoluna gəlmişdi. Bəylər, ağalar tüfəng atır, qılınc oynadırdı. Qarabağın səmənd kəhəri üstündə şahanə oturan İbrahimxəlil xan yan-yörəsində baş əyənləri salamla­yırdı. Cilov gəmirən xanın atı fınxıra-fınxı­ra irəliləyir, arabir də başını qaldırıb, Şuşa tərəfə baxır, kəsik-kəsik kişnəyirdi. Bu şadyanalığı, sevinən xalqı görən İbra­himxəlil xan da kövrəlmişdi. Arabir sağ əli ilə atın yalmanını, boynunu sığallayıb deyirdi:

– Hə, Maral, deyəsən, ovlaqlarını gö­rüb tanıdın. Tələsmə, vətənə çatmışıq...

Gəncə qapısını keçən kimi xanın bö­yük oğlu Məmmədhəsən ağa nökərinə əmr elədi ki, qoy, çal-çağırı, oxumağı yı­ğışdırsınlar. Ağam əvvəlcə Vaqifin məza­rını ziyarət edəcək, sonra sarayına gedə­cək.

İbrahimxəlil xan Molla Pənah Vaqifin məzarı üstə gəlib, astadan “Yasin” oxu­mağa başladı. Birdən dayandı, qəhər onu boğurdu. Həyəcandan boğazı qurumuş­du. Sonra surəni tamamlayıb dedi: 

– Bizdən sənin pak ruhuna fatihələr, rəhmətlər. Unudulmaz xatirən ki, qəlb do­lusu hörmətlər. Dünyanın işinə bax. Mən kimin üçün, nə oxuyuram. 30 il sadiq dost, qardaş kimi qulluğumda duran, sarayımın ən möhkəm dayağı, yaraşığı dəryayi-alim Axund Molla Pənah... Axı, mən yaşda on­dan böyüyəm... Zırrama Məmməd bəyə nə deyəsən… Qılıncla vurub, başını aya­ğının altına atasan…Heyif, bizi külli-Qara­bağın sevimli şairindən məhrum etdi”.

Məhəmmədhəsən ağa atasına bir az da yaxın gəlib dedi: 

– Namərd belə bir ağıllı, müdrik şəx­siyyəti öldürməklə bizim saf Cavanşirlər nəslimizə ömürlük ləkə vurdu. 

Xan kövrək səslə:

– Heyif ki, bizim nəsildəndir, amma bizə oxşamadı. Allah bəlasın versin...

Üstündən əsr yarım keçəndən sonra Xalq şairi Səməd Vurğun bu faciəli ölümü belə nəzmə çəkdi:

Vaqif, ey şeirimin könül dastanı,

De, söhbətin hanı, de, sazın hanı?

Susdumu nəğmələr oxuyan dilin?

Yasını tutdumu barı sevgilin?

Ey könül yolçusu, gülər sənətkar,

Qədrini bilmədi sənin saraylar.

... Qalxacaq, şairim, bir gün heykəlin

Bizim Qarabağın Cıdır düzündə…

Səməd Vurğun 1937-ci ildə “Vaqif” pyesinin müzakirəsi zamanı “Şairin ölü­mü” poemasından danışaraq demişdir: “Azərbaycan poeziyasının böyük sima­sı, xalqımızın doğma oğlu Molla Pənah Vaqifin taleyi məni uzun müddət düşün­dürmüşdür… Məşhur lirik şair, şadlıq və sədaqət müğənnisi haqqında bir poema yazdım. Lakin o məni təmin etmədi. Bu zaman bu mövzuda dram yazmağı qərara aldım ki, indi oynanılan bu əsər də onun nəticəsidir”.

Bu gün 2 əsrdən çox keçəndən sonra istər-istəməz fikirləşirik ki, nə üçün Səməd Vurğun “Şairin ölümü” poemasında M.P.Vaqifi qətlə yetirən adamın adının Məm­məd bəy Cavanşir (1762-1797) olduğunu bildirmir. 1935-ci ildə Səməd Vurğun “Şai­rin ölümü” poemasını yazanda qatil Məm­məd bəy Cavanşirin adının çəkilməməsini onun nəvəsi, böyük Cəlil Məmmədquluza­dənin ömür-gün yoldaşı Həmidə xanım xa­hiş edibmiş. Bu barədə Süleyman Rüstəm sonralar mənə belə demişdi:

– Səməd 1935-ci ildə ilk dəfə poemanı mənə oxudu. Orda Məmməd bəyin adı bir beytdə vardı:

Sarayda hökm edir Məmməd adlı xan,

Qan-qarğış tökülür qaş-qabağından.

Poema dərc olunanda oxudum, gör­düm Məmməd bəyin adı yoxdur. Soruş­dum niyə belə oldu, Səməd? Qatil kimdi, Vaqifi kim qətlə yetirib. Belə çıxır ki, Vaqifi İbrahim xan qətlə yetirib. Çünki hər yerdə xan, xan deyirsən, yazırsan.

– Süleyman, – dedi, – sən düz deyir­sən, elə idi. Məmməd bəyin nəvəsi Həmi­də xanım Cavanşirovanı tanıyırsan. Mirzə Cəlilin arvadını deyirəm, evimə gəldi. Po­emadan xəbəri olduğunu bildirdi. Poema­nı Yazıçılar Cəmiyyətində oxumuşdum. Həmidə xanım dedi ki, Məmməd bəy mə­nim doğmaca babam düşür. Xahiş elədi, kövrəlib ağlamsındı ki, poemadan onun adını çıxardım. Yoxsa, bütün Qarabağda rüsvay olacam. Xətrini çox istədiyim ağ­birçək Həmidə xanımın xatirinə Məmməd bəyin adını çıxartdım.

Yaxşı ki, hələ XVIII əsrin sonlarında və XIX əsrin əvvəllərində şahidlər susmayıb­lar. Tarixçi-şair, maarif xadimi Mir Mehdi Xəzani, Vaqifin müasiri Mirzə Adıgözəl bəy, Mirzə Camal Cavanşir, Rzaqulu bəy Mirzə Camal oğlu, Mirzə Rəhim Fəna, Həsənəli xan Qaradaği, Mirzə Yusif Qa­rabaği, Salman Mümtaz və digər şahidlər Molla Pənah Vaqifin günahsız öldürülmə­sini öz əsərlərində bizə çatdırıblar. Yalnız Məmməd bəyin tarixçi nəvəsi, Həmidə xanımın atası Əhməd bəy Cavanşirdən başqa, hamısı qansız Məmməd bəyin M.P.Vaqifin xalq arasında, xüsusilə Şuşa camaatı arasındakı böyük hörmət və nü­fuzundan qorxub, gecə Cıdır düzündə onu oğlu Əli bəylə qətlə yetirdiyini yazıblar.

(ardı var)

Şəmistan NƏZİRLİ,

yazıçı-publisist, 

Prezidentin fərdi təqaüdçüsü



Sosial həyat