Cari mövsüm Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti üçün 55 illik yubiley tədbirləri ilə əlamətdar olub. Mart ayında M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə qeyd edilən yekun yubiley tədbiri yaddaqalan olub. Xatırladaq ki, ilk dəfə teatrın pərdələri açılan zaman da səhnədə həmin əsər oynanılıb.
Zəngin bir yol keçmiş Sumqayıt teatrının güclü potensiala malik truppası ayrı-ayrı illərdə beynəlxalq festivallardan mükafatla qayıdıb. Azərbaycan və dünya dramaturqlarının yüzlərlə pyesi bu teatrın səhnəsindən tamaşaçılara çatdırılıb və onların bədii-estetik zövqünün formalaşmasına xidmət edib.
Sumqayıtın teatrı sayca 54-cü olan cari mövsümünü də məhsuldar proqramla sona çatdırır. Təkcə son 2 həftədə yaradıcı heyət həm doğma teatrda, həm də Bakıda və Lənkəranda sənətsevərlər qarşısında hesabat verib.
Teatrın direktor əvəzi, Əməkdar artist Vidadi Məmmədov bu barədə danışmazdan əvvəl kollektivin beynəlxalq əlaqələrindən bəhs edərək dedi ki, ölkəmizin Özbəkistanla mədəniyyət sahəsində əməkdaşlığı çərçivəsində iyunun 30-da Səmərqənd teatrı ilə Sumqayıt teatrı arasında əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması məqsədilə Memorandum imzalanıb. Özbəkistanın incəsənət xadimləri Sumqayıt teatrının inzibati binası, qrim otaqları, texniki təchizat otaqları ilə tanış olublar və yaradıcılıq planları, gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
– Ondan bir neçə gün sonra Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Qonaq teatr” layihəsinə qoşulduq, – deyə Vidadi müəllim davam etdi. – Bu çərçivədə Aktyor evində repertuarlarımızın baxımlı nümunələrdən birini – Türkiyə yazıçısı Turqut Özakmanın eyniadlı əsəri əsasında hazırlanan “Ocaq” tamaşasını təqdim etdik. Qeyd edim ki, əsas etibarilə bölgə teatrlarını paytaxt teatrsevərləri ilə görüşdürüb, onların yaradıcılığını geniş auditoriya önünə çıxaran layihə Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr olunan gözəl təşəbbüsdür.
Teatrımızın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi birhissəli səhnə əsərində rolları Əməkdar artistlər Növrəstə Həşimova, Xatirə Süleymanova, Rauf Ağakişiyev, Cəlal Məmmədov, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı və Şəhla Məmmədova oynadılar. Tamaşanın sonunda teatrımız və baş rejissorumuz Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olundu.
Teatrın yaradıcı heyəti iyulun 7-də öz səhnəsində məşhur komediya ilə çıxış edib. Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" liberettosu Əməkdar artist Namis Şirməmmədovun quruluşunda maraqlı səhnə taleyi yaşayıb.
Bu günlərdə isə Lənkəran Dövlət Dram Teatrının səhnəsində sumqayıtlı sənətçilərin təqdimatında Əziz Nesinin "Öldür məni, canciyər" komediyası oynanılıb. Rejissor Xalq artisti Firudin Məhərrəmovun quruluşunda tamaşa uğurla keçib. Obrazları Əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova, aktyor Mətləb Səfərli canlandırıblar.
Sumqayıt teatrında mövsüm bağlanışı iyulun 16-da Hafiz Ataxanlının "Xəzinə" pritçası ilə reallaşacaq. Əsər dahi mütəfəkkir Nizami Gəncəvinin bəşəri ideyalarının konsepsiyasını ehtiva edir. Beş poemanın əsas obrazlarının cəm olduğu pritçada insan və onun kamilliyi, zəkanın qüdrəti mesaj kimi verilir. Tamaşada klassik yönlərlə avanqard teatr elementləri vəhdət təşkil edir.
Onu da qeyd edək ki, cari mövsümünü başa vurmağa hazırlaşan teatrda daha iki tamaşanın istehsalat prosesi tamamlanıb. Növbəti mövsümdə təqdim olunacaq həmin səhnə əsərlərindən biri Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Georgi Xuqayevin “Varlı ev” faciəsi, digəri isə gənc rejissor Telman Musayevin quruluşunda Ejen İoneskonun “Daz müğənni” absurd pyesinin tamaşasıdır.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”