“Olimpiya Festivalına yüksək nəticə üçün gedəcəyik”

post-img

Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalına sayılı günlər qalır. İyulun 25-də Sloveniyanın Maribor bölgəsində start götürəcək yarışlarda Azərbaycanı 7 idman növü üzrə 36 idmançı təmsil edəcək. Bugünlərdə Milli Olimpiya Komitəsində (MOK) bu nüfuzlu yarışda Azərbaycanı təmsil edəcək idmançılarla görüş keçirilib. Komitənin vitse-prezidenti Çingiz Hüseynzadə yarışların əhəmiyyətini vurğulayıb, Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivallarında hər zaman Azərbaycan komandasının fərqləndiyini deyib. Vurğulayaq ki, Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalı Bakıda keçirilmişdi. Komandamız həmin yarışlarda 10 qızıl, 7 gümüş və 6 bürünc medalla festivalı 4-cü sırada başa vurmuşdu. Azərbaycan millisinə ən çox medalı güləşçilər qazandırmışdı.

Ümumilikdə, 23 medaldan 16-sı pəhləvanların payına düşüb. Budəfəki yarışlarda idmançılarımız cüdo, atleti­ka, tennis, üzgüçülük, velosiped, MTB (dağ velosipedi), gimnastika növlərin­də qüvvələrini sınayacaqlar. Bu idman növlərimiz arasında ən böyük heyətlə təmsil olunan cüdoçularımızın medal potensialları da böyükdür. Sloveniyaya yollanacaq komandanın heyətində yer almış idmançıların nailiyyətlərinə nəzər salsaq, onların bu il təşkil edilmiş Avropa birinciliyi, qitə kuboku yarışları və müxtə­lif beynəlxalq turnirlərdə böyük qələbələr qazandığını görərik. 

Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət yığma komandamızın baş məşqçisi Rüstəm Alimli “Xalq qə­zeti”nə müsahibəsində komandanın ha­zırda təlim-məşq toplanışına cəlb edildi­yini bildirdi: “Festivalda cüdo yığmamızın heyətində 8 oğlan, 4 qız mübarizə apa­racaq. Cüdoçularımız həm fərdi, həm də qarışıq komanda yarışında iştirak edəcəklər. Yığma üzvləri hazırda Bakı­da təlim-məşqdədirlər. Onların hərtərəfli hazırlıq keçmələri üçün federasiya tərə­findən bütün tədbirlər görülür. 25 nəfəri hazırlığa cəlb etmişik. Festivalda ikinci heyətimiz iştirak edəcək. Hər çəkidə cü­doçularımıza böyük ümidlər bəsləyirik. Onların arasında son Avropa birinciliyi­nin qızıl medalçıları Məhəmməd Musa­yev (60 kq), Ramazan Əhmədov (90 ki­loqramdan yuxarı), Vüsalə Hacıyeva (48 kq) da var. Olimpiya Festivalına yüksək nəticə üçün gedəcəyik. Təlim-məşq top­lanışı bu həftə yekunlaşacaq”. 

Baş məşqçi Olimpiya festivalından sonra cüdoçularımızın dünya birinciliyin­də iştirak edəcəklərini bildirdi: “Cüdoçu­larımız yaxşı formadadırlar. İnanırıq ki, komandamız həm Olimpiya festivalında, həm də dünya birinciliyində potensialla­rından maksimum istifadə edəcəklər”. 

Xatırladaq ki, Bakıda keçirilmiş Avro­pa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalında komandamızın qazandığı 10 qızıl medalın 2-sinə cüdoçularımız Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) sahib olmuşdular.

Onu da vurğulamaq yerinə düşər ki, bu yaxınlarda yeniyetmələrdən ibarət cüdo millimiz Avropa çempionatında 6 qızıl və 3 bürünc medalla ümumi hesab­da oğlanlar arasında birinci yerə layiq görülüb. Millimiz qarışıq komanda yarış­larında da qızıl medal qazanıb. Yeniyet­mə cüdoçularımızın bu il Avropa birincili­yi ilə yanaşı, Avropa kuboku yarışlarında, digər beynəlxalq turnirlərdə əldə etdikləri parlaq nailiyyətlər Olimpiya Festivalında da yüksək nəticələr üçün əsaslı zəmin yaradır. 

Qeyd edək ki, Avropa Yeniyetmələ­rinin XVII Yay Olimpiya Festivalında 48 iştirakçı ölkədən 11 idman növü üzrə 3600-a yaxın yaş həddində olan yeniyet­mə idmançılar iştirak edəcəklər. 

 

Leyla SABİRQIZI,

“Xalq qəzeti”

İdman