Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri dünən şairin doğma şəhərində - Qazaxın Yuxarı Salahlı kəndində Vaqifin büstünə gül qoyulmaqla başlayıb.
Sonra mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar və şairlər Qazax şəhərinin mərkəzindəki “Mütəfəkkirlər parkı”nda toplaşıblar.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Vaqif Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və orada dəfn olunub. Qazaxda start götürən Vaqif Poeziya Günləri iyulun 14-15-də mədəniyyət paytaxtımız Şuşada davam edəcək.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında deyib ki, Şuşa azad olunandan sonra artıq 3-cü ildir Vaqif Poeziya Günləri keçirilir: “Hələ sovet dövründə Vaqif Poeziya Günləri Vaqifin vətənində - Qazaxda start götürürdü, Şuşada davam edirdi. Bu il qərar belə oldu ki, poeziya günləri ənənəyə uyğun olaraq Qazaxda başlasın. Bu gün artıq layihəyə start verilib”.
Ədəbiyyatşünas Rüstəm Kamal, şairlər Əkbər Qoşalı, İbrahim İlyaslı və başqaları çıxışlarında Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən danışıblar.
Bildirilib ki, bu tədbir həm də Türk dünyasının mədəniyyət paytaxtında Türk dünyasından gəlmiş şair və yazıçıların iştirakı ilə keçirilməsi mühüm hadisədir.
Daha sonra söz şairlərə və aşıqlara verilib, Molla Pənah Vaqifin qəzəlləri səslənib.
“Xalq qəzeti”