Zelenskinin NATO ümidləri puç oldu

post-img

İyulun 11–12-də Vilnüsdə NATO-nun ikigünlük sammiti keçirilib. Gündəlikdə İsveçin alyansa üzvlüyü və Ukraynaya dəstək məsələsi əsas mövzu olub. Litvada keçirilən görüş daha çox rəmzi xarakter daşıyıb - 10 il əvvəl burada Şərq Tərəfdaşlığı sammiti keçirilib: Sonrakı dövrdə Avromeydan və Ukrayna münaqişəsi başlayıb.

Danışıqlar zamanı Baltikyanı ölkələr Ukraynanın alyansa daxil olması üçün aydın qrafikin işlənib hazırlanmasının tərəfdarı olublar. Lakin alyans liderləri Kiyevə hərbi və siyasi dəstəyin artması­na baxmayaraq, hələ də onu NATO-ya dəvət etməyə hazır deyillər. Bu ölkənin alyansa daxil olması üçün qrafiki razı­laşdırmaqdan imtina ediblər. Ekspertlər vurğulayırlar ki, Qərb Rusiya ilə nüvə münaqişəsi qorxusundan hələ də bu addımı atmaqdan çəkinir.

Bildirilib ki, NATO "müttəfiqlər razı­laşdıqda və lazımi şərtlər yerinə yetiril­dikdə" Ukraynanın alyansa qoşulması­na icazə verəcək. Əslində, Ukraynanın NATO-ya üzvlüyü Co Baydenin qəra­rından asılı idi. Bayden isə Ukraynanın alyansa üzvlüyünə qarşıdır. O bu barə­də deyib: “Ukrayna müharibə şəraitində NATO-ya daxil olmağa hazır deyil. Bu məsələyə yalnız sülhün bərqərar olma­sından sonra baxılacaq”. Bayden, eyni zamanda, onu da qeyd edib ki, NATO ölkələrində hazırda Ukraynanın üzvlük məsələsilə bağlı fikir ayrılığı hökm sü­rür.

Alyans həmçinin Ukraynaya üzvlük­lə bağlı “Fəaliyyət planı”nı hələlik ləğv etməyi təklif edib. Brüssel hesab edir ki, bu tədbir Kiyevin təşkilata qoşulması prosesini qısaldacaq. Nəhayət, NATO Ukrayna Silahlı Qüvvələrinə çoxillik dəstək planını razılaşdırmağa söz verib. Stoltenberq, öz növbəsində, kaset bom­baları da daxil olmaqla, Kiyevə hərbi yardımı artırmağa çağırıb: “Qısa müd­dətdə Ukraynanın kifayət qədər mərmi­sinin olmaması riski var, ona görə də biz onları maksimum sursatla təmin etmək üçün mümkün olan hər şeyi etməliyik.

Ukrayna–NATO Şurası da yaradı­lacaq. Kiyev sadələşdirilmiş qaydada üzvlük üçün müraciət edəcək. Şuranın ilk iclası isə iyulun 12-nə planlaşdırı­lıb. Bu şura, alyansın Kiyevlə siyasi əlaqələrini gücləndirəcək”. 

Aydındır ki, Ukrayna prezidenti daha çox şeyə ümid edirdi. NATO-ya üzv ölkələrinin Ukraynanın Şimali Atlantika Alyansına mümkün üzvlüyü ilə bağlı bir­gə bəyanatı Kiyevin narazılığına səbəb olub. Bu ölkənin prezidenti Volodimir Zelenskinin davranışı Vilnüs sammitin­də ABŞ prezidenti Co Bayden başda olmaqla bu ölkənin nümayəndə heyə­tinin üzvlərinin böyük narazılığı ilə qar­şılanıb. Bu barədə məlumatlı mənbəyə istinadən “Vaşinqton Post” xəbər yayıb. “Amerika nümayəndə heyətinin üzvləri Zelenskinin tvitinə görə qəzəbləniblər. Orada dövlət başçısı “hirslə” NATO ölkələrini Ukraynanın alyansa qoşul­maq istəyinə ciddi yanaşmamaqda it­tiham edib. Zelenski ölkənin alyansa qəbulu üçün dəqiq müddətin olmama­sını “görünməmiş və absurd vəziyyət” adlandırıb.

Nəşr qeyd edir ki, Zelenski tvitində Co Baydenin adını çəkməsə də, ABŞ prezidentini “NATO-nun rəhbəri, qərar qəbul edən şəxs” adlandırıb və Ukray­nanın alyansa üzvlük çağırışlarını Ağ evə ünvanlayıb. 

Sammitin yekunlarına dair brifinqdə isə prezident Volodimir Zelenski vur­ğulayıb ki, Ukraynaya hərbi yardımın göstərilməsi ilə bağlı qərarlar qəbul edi­lib və bu, işğalçılara qarşı müharibədə qələbəni yaxınlaşdırmağa kömək edə­cək. Prezidentin sözlərinə görə, NATO sammitinin iki günü ərzində Ukraynanın NATO-ya üzvlüyünün perspektivləri ilə bağlı hər hansı şübhə və qeyri-müəy­yənlik yoxdur: “Ölkəmiz alyansa daxil olacaq, lakin bunun üçün vaxt lazımdır”.

Bundan əvvəl, ABŞ Dövlət Depar­tamentinin mətbuat xidmətinin rəhbə­ri Metyu Miller Ukraynanın NATO-ya daxilolma vaxtı və münaqişənin sona çatması şərtləri ilə bağlı proqnoz ver­məkdən imtina etmişdi. Almaniya kans­leri Olaf Şoltz isə Ukraynanın indiki şəraitdə NATO-ya üzv ola bilməyəcəyi­nin səbəbini açıqlamışdı: “Ukrayna hö­kuməti özü də bəyan edir ki, Rusiya ilə münaqişə vəziyyətində olduğu müddət­də NATO-ya qoşulmaqdan söhbət gedə bilməz. Çünki Kiyevin alyansa üzvlü­yü NATO-nun müharibəyə qoşulması deməkdir”. 

O, həmçinin əlavə edib ki, NATO və Avropa İttifaqı (Aİ) G7 ölkələri ilə birlikdə effektiv və uzunmüddətli təhlükəsizlik öhdəlikləri hazırlayıb. Artıq G7 ölkələri Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi üçün ümumi prinsiplər barədə razılığa gəldilər. Bunlara quru, hava və dəniz yolu ilə müasir hərbi texnikanın çatdırılması, Ukrayna qüvvələrinin təli­mi, kəşfiyyat məlumatlarının mübadiləsi və kibermüdafiə yardımı daxildir. Amma bunun müqabilində Kiyev islahatlar, o cümlədən məhkəmə sistemində də­yişikliklər və silahlı qüvvələr üzərində mülki nəzarəti həyata keçirməyə borc­ludur.

Başda prezident Co Bayden olmaq­la ABŞ daha bir təşəbbüsün müəllifidir. Bildirilib ki, Vilnüsdə keçirilən NATO sammiti Rusiyanın işğaldan sonra Uk­raynaya qarşı genişmiqyaslı mühari­bəyə başladığı ilk məqsədlərindən nə qədər uzaqlaşdığını göstərdi. Bu da NATO-nun Vilnüsdə keçirilən sammi­tində “soyuq müharibə” başa çatdıqdan sonra ilk dəfə Rusiyadan gələn təhdid­lərə qarşı yeni “Fəaliyyət planı”nın qə­bul edilməsinə səbəb olub. Əslində bu, Avropada genişmiqyaslı müharibə pla­nıdır. Planın əsas məqsədi Rusiyanın bütün qərb sərhədlərində NATO qoşun­larının sayını artırmaqdır. 

Bu plana uyğun olaraq yüksək ha­zırlıq səviyyəsində olan 300 min NATO əsgəri , o cümlədən əhəmiyyətli hava və dəniz döyüş qüvvələri cənubdan, şimal­dan və qərbdən Rusiyanın sərhəddində yerləşdiriləcək. Kosmik və kompüter qü­vvələri də əməliyyatlara qoşulacaq. Ay­dındır ki, bundan qazanan ABŞ olacaq, silahları ilə müttəfiqlərini təmin edəcək. Bu, eyni zamanda Avropa ordularını öz müdafiə sənayesinə bağlılığını azalda­caq, milyardlarla dollar vəsait ABŞ-a axacaq. 

 

Pünhan ƏFƏNDİYEV,

“Xalq qəzeti”

Dünya