Tovuz döyüşləri Qarabağ zəfərinin müjdəçisi idi

post-img

2020-ci ilin İyul döyüşlərindən 3 il keçir. Azərbaycan Ordusunun düşmənin hər bir təxribatının qarşısı almağa qadir olduğunu dünyaya nümayiş etdirən bu hərbi qələbə həm də yaxınlaşan Vətən müharibəsindəki misilsiz Zəfərin qaranquşu olmuşdu. 

Bu parlaq qələbə Prezidentin və Ali Baş Komandanın Vətənin müdafiəsində xalqa arxalanmasının, ağır gündə xalqla bir yerdə olmasının yeni bir nümunəsini göstərmişdi. Prezident İlham Əliyev o za­man bu birliyi belə dəyərləndirmişdi: “Bi­zim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyi­nin bir rəmzi idi. Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gü­cünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi. Bu gün xalq–iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir”.

Tarix elmləri doktoru, ehtiyatda olan polkovnik, hərbi ekspert Meh­man Süleymanov Tovuz döyüşlərinin tarixi önəmini, işğal olunmuş torpaq­larımızın müharibə yolu ilə azad edil­məsi prosesində rolunu belə açıqladı:

–2020-ci il iyul ayının 12–15-də Er­mənistan–Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində baş verən hadisələr zamanı Azərbaycan Ordusunun böl­mələri tamamilə yeni bir keyfiyyət ortaya qoydu. Ordunun komandir və zabit heyə­tinin yüksək peşəkarlığı, təşəbbüskarlığı və çevikliyi Ali Baş Komandan tərəfindən verilən tapşırıqların tam şəkildə yerinə yetirilməsinə yol açdı. Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqı­nın ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrildiyini sübut etdi.

Həmin günlərdə İlham Əliyev Ali Baş Komandan kimi ordunun hazırlıq səviyyəsini belə qiymətləndirmişdi: “Bu gün biz güclü ordu yaratmışıq. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Son günlər ərzində Azərbaycan Ordu­su bir daha öz üstünlüyünü göstərdi. Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Azərbaycan Ordusu Ali Baş Komandan tərəfindən verilən bütün tapşırıqları şərəflə yerinə yetirir. Mənim dövrümdə bir dəfə də olmayıb ki, tap­şırıq verilsin, yerinə yetirilməsin. Yerinə yetirilib”.

Tovuz döyüşləri zamanı bölgədə­ki hərbi qüvvələr dərhal bu təcavüzün qarşısının alınmasına səfərbər olundu, Azərbaycan Ordusunun malik oldu­ğu müasir hərbi texnika çox dəqiqliklə işə salındı. Xüsusilə pilotsuz uçan təy­yarələr Ermənistanın istər sərhəd boyu, istərsə də dərinliklərində olan hərbi ob­yektlərini darmadağın etdi, təcavüzkara ağır itki verildi. Erməni hərbi qüvvələrinin ələ keçirməyə çalışdığı ərazilər geri qay­tarıldı və düşmənə bu bölgədə bir qarış da olsa torpaq verilmədi. 

Yalnız güclü dövlət və güclü mərkəzləşdirilmiş rəhbərlik olan yerdə qalib ordu yaratmağın mümkün oldu­ğunu vurğulayan müsahimiz bildirdi:

–Prezident İlham Əliyev Ali Baş Ko­mandan kimi yalnız ordu qüvvələrinin qisas döyüşlərinin keçirilməsini nəzarət altına götürmədi. O, eyni zamanda Pre­zident Administrasiyasının müvafiq şö­bələrinə, Nazirlər Kabinetinə, aidiyyatı qurumlara lazımi göstərişlər verdi, döv­lətin gücünü baş verən erməni təcavü­zünün qarşısını almağa səfərbər etdi. Bu hadisələrin nəticəsi də artıq göstərir ki, Ali Baş Komandan döyüş xəttində təşəbbüsün ələ alınması və Ermənis­tanın hərbi-siyasi rəhbərliyinin yerində oturdulması üçün zəruriliyi və səmərəli­liyi şübhə doğurmayan qərarlara əl atdı.

Tovuz hadisələri zamanı şəhid olan hərbçilər isə dövlət başçısı İlham Əli­yev nisgilli duyğularla yad etmiş, onların qəhrəmanlığını gənc nəsil üçün örnək saymışdır. Bu da əslində, Ali Baş Ko­mandan tərəfindən Vətən müdafiəçilə­rinə göstərilən qayğının bir nümunəsi idi: “General Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstər­dikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Mehman Süleymanov açıqlaması­nın sonunda dedi:

–Nəticə etibarilə, İyul döyüşləri Qa­rabağ Zəfərinin müjdəçisi oldu. Həmin günün yaxında olduğunu isə Ali Baş Ko­mandanın son bəyanatlarından duymaq mümkün idi. Tovuz döyüşlərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əli­yevin səsləndirdiyi “Biz öz doğma tor­paqlarımıza qayıtmalıyıq və qayıdaca­ğıq” bəyanatı isə göstərirdi ki, qəhrəman ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyi gün çox da uzaqda deyil. Bunu cəbhədə və beynəlxalq aləmdə əldə edilən uğurlar, bir də Ali Baş Komanda­nın inamlı qətiyyəti deməyə əsas verirdi. Ötən hər gün bizi Azərbaycanın haqq işinin təntənəsinə, Ali Baş Komandanın xalqımıza qazandıracağı böyük və son zəfərə yaxınlaşdırırdı.

Tovuş döyüşlərində 2 ay yarım son­ra düşmənin növbəti irimiqyaslı hərbi hücumuna cavab olaraq başladılan və çağdaş tariximizə Vətən müharibəsi adı ilə düşən II Qarabağ savaşı Azərbaycan Ordusunun Zəfər tarixinə çevrildi. Dün­yanın müxtəlif ölkələrinin hərbi mütəxəs­sislərinin qeyd etdiyi kimi, Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılmasının nümunəsini nümayiş et­dirdi. 

 

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”







Siyasət