Nəsimi rayonunda Ulu öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda müşavirə keçirilib.
Əvvəlcə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, milli təqvimimizdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı şanlı və unudulmaz günlərdən biri də 14 iyuldur. 1969-cu il 14 iyulunda respublikanın məsul rəhbərlərindən biri olan Heydər Əliyev öz ölkəsinin ali şəxsi postuna seçilib. Bu yurdsevər, təşəbbüskar və yüksək enerjili insanın Azərbaycana rəhbərliyə başlaması xalqımızın tarixində əhəmiyyətli dönüşün, ölkəmizin sürətli və yüksək inkişafının başlanğıcı olub.
Qeyd olunub ki, həmin illər tariximizə hərtərəfli tərəqqi, milli intibah dövrü kimi yazılıb, o dövrdə gələcək müstəqilliyin zəruri əsasları yaradılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial müstəqillik illərində Azərbaycanın yeni tələbatı üçün çox əhəmiyyətli rol oynayıb.
Sovet imperiyası çökəndən sonra müstəqil Azərbaycan dövlətinin qurucusu olmaq missiyasını da ümummilli lider Heydər Əliyev gerçəkləşdirib. Ulu öndərin həyata həyata keçirdiyi alternativi olmayan siyasəti onun ən layiqli davamçısı Prezident İlham Əliyev 20 ildir ki. uğurla davam etdrir. Birinci vitse-prezident Mehriban Əliyeva geniş və səmərəli fəaliyyəti ilə bu mükəmməl və məqsədyönlü siyasətə önəmli dəstək qazandırır. Hüydər Əliyevin ideya və əməlləri Azərbaycanı xoş sabahlara aparır.
R.TAHİR, “Xalq qəzeti”