Dünən Azərbaycan tərəfinin təşəbbüsü ilə IAACA tərəfindən EPAC/EACN (Korrupsiyaya qarşı Avropa Tərəfdaşları / Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsi) ilə birgə “Sərhədsiz korrupsiya: onunla mübarizədə əməkdaşlıq” mövzusunda beynəlxalq vebinar keçirilib.
Bildirilib ki, 60 ölkədən 850-ə yaxın nümayəndənin qeydiyyatdan keçdiyi tədbirdə Avropa, Asiya, Amerika və Afrika qitələrinin müstəqil antikorrupsiya qurumlarının, prokurorluq, istintaq xidmətlərinin, ədliyyə, daxili işlər nazirliklərinin, ombudsman ofislərinin və digər aidiyyəti qurumların məsul şəxsləri, Avropa İttifaqı, Avropol və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Vebinarın açılışında IAACA-nın vitse-prezidenti, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, EPAC/EACN-ın vitse-prezidentinin müavini Trayan Barlici, Litvanın Xüsusi İstintaq Xidmətinin direktor müavini Eqidiyus Radzaviçyus və IAACA-nın Baş katibi Kennet Vonq çıxış ediblər.
Nazir F.Məmmədov ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizəyə dair kompleks tədbirlərin görüldüyünü, bu sahədə fəal beynəlxalq əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq 2006-cı ildən fəaliyyət göstərən assosiasiyanın işinə dəyərli töhfələr verildiyini bildirib.
Nazir IAACA-nın işinə dünyada ilk antikorrupsiya qurumlarından olan Honkonqun Korrupsiyaya qarşı mübarizə üzrə Müstəqil Komissiyasının dəstəyini qeyd edib. Həmçinin Avropa məkanında korrupsiyaya qarşı mübarizədə məlumat və təcrübə mübadiləsinin aparılmasını təşviq edən EPAC/EACN-ın, habelə Şərqi Avropa regionunda ilk belə qurumlardan olan Litvanın Xüsusi İstintaq Xidmətinin (STT) fəaliyyətinə toxunaraq ölkəmizin bu mühüm təşkilatlarla səmərəli əməkdaşlığını vurğulayıb.
Sonra ekspertlər antikorrupsiya treninqlərinin keçirilməsi təcrübəsi və bu sahədə birgə fəaliyyət, korrupsiyaya qarşı işlər üzrə beynəlxalq əməkdaşlıq, qlobal antikorrupsiya təcrübəsinin bölüşülməsi və ikitərəfli layihələrin həyata keçirilməsinə dair mövzular üzrə ətraflı təqdimatlarla çıxışlar ediblər.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”