Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Toplantını giriş sözü ilə açan akademik İsa Həbibbəyli gündəlik barədə məlumat verib.
Sonra Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Azərbaycanda İraq-türkman araşdırmaları: yekunlar və vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Akademik İsa Həbibbəyli qeyd edib ki, İraqda yaşayan türkmanlarla elmi əlaqələrin qurulması akademiyanın yaxın perspektivdə qarşısında duran hədəflərdəndir və AMEA bu istiqamətdə üzərinə düşən vəzifələri məsuliyyətlə və layiqincə yerinə yetirəcəkdir. AMEA Rəyasət Heyətinin qərarı ilə yeni yaradılan İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının tərkibi təsdiqlənib. Şuranın sədrliyinə akademik Teymur Kərimli, sədr müavinliyinə professor Qəzənfər Paşayev, üzvlüyünə isə tanınmış türkoloq alimlər təsdiq olunublar.
İclasda müzakirəyə çıxarılan növbəti məsələ Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar AMEA-nın nəşrləri haqqında olub. AMEA-nın həyatındakı yeniliklər və qarşıda duran vəzifələr də diqqət mərkəzində olub. Akademiklər Arif Həşimov, Rasim Əliquliyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, İsmayıl Hacıyev, Fuad Əliyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlü, tarix elmləri doktoru Zemfira Hacıyeva və başqaları çıxış edərək müzakirə edilən məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.
T.RÜSTƏMLİ, “Xalq qəzeti”