23 laçınlı ailə də doğma yurda qayıtdı

post-img

Dünən Qaradağ rayonundakı “Qobu park -3” yaşayış kompleksindən 85 nəfərdən ibarət 23 ailə doğma yurdu Laçına köç edib.

Yolasalınma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi ra­yonuna daxil olan Laçın rayonunda Azər­baycan Prezidentinin xüsusi nümayəndə­liyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Səhər saatlarında başlanan yolasal­ma mərasimində müxtəlif media qurum­larının nümayəndələri, yaşayış komp­leksinin digər sakinləri də qatılmışdılar. Bütün bu qələbəlikdə Laçına köçənlərin kimlər olduğunu başa düşmək elə də çə­tin deyildi. Simalarındakı sevinc və fərəh, həyəcan onları digərlərindən fərqləndirir­di.

Qarabağ müharibəsinin bütün ağ­rı-acılarını yaşayan, öz doğma torpaqla­rından didərgin düşən və nəhayət yurd həsrəti sona çatan bu insanların ürək söz­lərini dinlədik.

İlk həmsöhbətimiz Laçın sakini Bəxtiyar Şirinov oldu. O, bu sevinci keçmiş köçkünlərə yaşadanlara min­nətdarlıq etdi:

–Bu gün doğma torpaqlarımıza dönü­rüksə, buna görə Ali Baş Komandanımı­za, şəhidlərimizin ruhuna və qazilərimizə borcluyuq. Şəhidlərimizə Allahdan rəh­mət, qazilərimizə cansağlığı diləyirəm. Biz o torpaqlarda gəzdikcə Vətən uğrun­da döyüşənləri daim xatırlayacağıq. Onlar təkcə doğma torpaqlarımızı deyil, qüruru­muzu da bizə qaytardılar.

Bahar Həsənova isə yaşadığı hissləri dilə gətirməkdə çətinlik çəkdiyini dedi:

– Bu gün ömrümdə tam fərqli hisslər yaşayıram. Baxın, barxanalarımız yığılır, maşın karvanımız yola çıxmağa hazırlaşır. Əminəm ki, Laçına yaxınla­şanda həyəcan dolu hisslərimiz daha da güclənəcək. Bu barədə düşündükcə həyəcanlanıram. Otuz ildən sonra doğma el-obama geri dönərkən keçirdiyim hisslə­ri sözlərlə ifadə edə bilmirəm.

Digər sakin Elmira Cəfərova uzun illərdir bu günün arzusunda olduğunu vurğuladı: 

– Şükürlər olsun Allahın bugünkü gü­nünə ki, doğma elimizə geri dönürük. Bu günü çox arzulayırdıq, arzumuza çatdıq.

Atamoğlan Quliyevlə söhbətimiz zamanı o, böyük qayıdış işlərində əmə­yi keçən hər kəsə təşəkkür etdi:

– Mən ordan çıxanda oğlumun 5 yaşı var idi, indi nəvəm 6 yaşındadır. Bu müd­dət ərzində hər gün yurd həsrəti çəkmi­şik. Şükürlər olsun qovuşdurana. Bu işin təşkilində, orda quruculuq işlərində, bizim evlərimizin təmirində əziyyəti keçən hər kəsə minnətdaram. Hər şey çox yüksək səviyyədə təşkil edilib.

Qeyd edək ki, doğma torpaqlarına köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan son­ra Prezident İlham Əliyevin göstərişi əsa­sında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Son bir neçə ay ərzində Laçın şəhə­rinə 5 köç yola düşüb və 93 ailədən ibarət 351 nəfərin daimi məskunlaşması təmin edilib. İnşallah, yurd həsrəti çəkən bütün soydaşlarımız doğma ocaqlarına qayıdar­lar. Dövlətimiz, hökumətimiz bundan ötrü məqsədyönlü addımlar atır.

Rüfət MƏHƏRRƏMOV







Sosial həyat