Ölkə Konstitusiyasının və qanunların aliliyinin keşiyində

post-img

Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 25 illiyi tamam olur. Bu tarixin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyik yubileyi ilinə təsadüf etməsi Konstitusiya Məhkəməsi üçün olduqca əlamətdardır. 

Azərbaycan Respublikası Kons­titusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu münasibətlə ölkə me­diasında çıxışında bildirib ki, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin 30 il öncə ölkənin siyasi rəh­bərliyinə qayıdışından sonra bütün sahələrdə sabitliyin təmin olunması genişmiqyaslı islahatların həyata keçi­rilməsinə əlverişli şərait yaratdı:

– Həyata keçirilən islahatlar çərçi­vəsində ən mühüm hadisələrdən biri də 1995-ci il noyabrın 12-də ümumxalq səs­verməsi - referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi oldu. Ölkəmizdə müasir məh­kəmə-hüquq sisteminin bərqərar edilmə­si məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il Konstitusiyasının dövlət və hüquq sisteminə gətirdiyi əsas yeniliklərdən biri də demokratik hüquqi dövlətin təməl daşlarından biri hesab olu­nan müstəqil məhkəmə hakimiyyətinin ya­radılması oldu. 

Dövlətimizin Əsas Qanunu qəbul edil­dikdən sonra 1998-ci ildə konstitusiya nəzarəti orqanı olan Azərbaycan Respub­likasının Konstitusiya Məhkəməsi fəaliy­yətə başladı. Belə ki, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqın­da” Azərbaycan Respublikasının Qanu­nu qəbul edilmiş, 1998-ci il iyulun 14-də Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsi ha­kimlərinin təyin edilməsi ilə və həmin ilin iyulun 18-də Ulu öndər Heydər Əliyevin Konstitusiya Məhkəməsinin müstəqilliyini və hakimlərinin hüquqi statusunu təmin etmək məqsədi ilə imzaladığı fərmanla Konstitusiya Məhkəməsi rəsmi olaraq fəa­liyyətə başlamış oldu. 

Konstitusiya Məhkəməsinin yaradıcı­sı olaraq bu təsisatın əsas vəzifələrindən birini Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının qorunmasında görən Ulu öndər Heydər Əliyev Konstitusi­ya Məhkəməsinin yaradılmasının beşinci ildönümü münasibətilə müraciətində qeyd etmişdir: “Konstitusiya Məhkəməsinin in­san hüquqlarının müdafiəsi sahəsində mühüm beynəlxalq sənədlərə əsaslana­raq qəbul etdiyi qərarlar insanların siyasi, iqtisadi, sosial və digər hüquq və azadlıq­larının təmin edilməsinə, dövlətin hüquqi bünövrəsinin möhkəmləndirilməsinə, gələcək nəsillər üçün zəngin hüquqi irsin formalaşmasına xidmət edir”.

Konstitusiya Məhkəməsinin Ulu öndərin bu sözlərini hər zaman rəh­bər tutduğunu və üzərinə qoyulan bu vacib missiyanın öhdəsindən gəlməyə çalışdığını vurğulayan Fərhad Abdul­layev qeydn edib ki, səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konsti­tusiya ədalət mühakiməsi orqanı olan bu qurumun əsas məqsədləri əsas qa­nunun aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir:

–Məhkəmənin əsas səlahiyyətləri Konstitusiyanın 130-cu maddəsində öz əksini tapmışdır. Belə ki, qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ akt­larının, bələdiyyə və məhkəmə aktlarının Konstitusiyaya və hüquqi qüvvəsinə görə daha üstün olan aktlara uyğunluğunun yoxlanılması Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biridir. Bu səla­hiyyəti vasitəsilə Konstitusiya Məhkəməsi Konstitusiyanın və qanunların aliliyini tə­min edir. Məhkəmə tərəfindən yoxlanılan norma məhz Əsas Qanunun hərfinə və ruhuna, o cümlədən onun təməl prinsip­lərinə uyğunluğu baxımından qiymətlən­dirilir.

Konstitusiya Məhkəməsinin digər mühüm səlahiyyəti Konstitusiyanın və qanunların şərhidir. Konstitusiya Məh­kəməsi tərəfindən verilən şərhin əsas məqsədi Konstitusiya və qanunların mü­vafiq müddəalarının başa düşülməsində qeyri-müəyyənliyin aradan qaldırılması, eyni zamanda bu müddəaların həqiqi mə­nasını və məzmununu müəyyən etmək və bununla da, onların vahid tətbiqi qaydası­nı müəyyən etməkdir. Konstitusiya Məh­kəməsi bu səlahiyyətini müvafiq hüquq subyektlərinin sorğuları və məhkəmələrin müraciətləri əsasında həyata keçirir. 

Konstitusiya Məhkəməsi digər məh­kəmələrlə qarşılıqlı əməkdaşlıq müna­sibətlərinin inkişaf etdirilməsinə hər za­man böyük diqqət yetirir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar sırasında məhkəmələrin müraciətləri əsasında Konstitusiya və qa­nunların şərhinə dair çıxarılmış qərarlar xüsusi çəkiyə malikdir. 

Azərbaycan Respublikasının Kons­titusiya Məhkəməsi ölkəmizin hərtərəfli tərəqqinə, cəmiyyətdəki ümumi yüksəlişə uyğun olaraq, müəllifi Ulu öndər Heydər Əliyev olan Əsas qanunun müdafiəsi, müstəqil dövlətimizin möhkəmlənməsi, qanunçuluğun qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçir­diyi çoxşaxəli və mütərəqqi fəaliyyətinə dəstək olaraq, üzərinə düşən məsuliyyətli vəzifələri bundan sonra da layiqincə ye­rinə yetirməyə çalışacaq.

“Xalq qəzeti”

Siyasət