Görkəmli türkoloq və dilçi-alim Mədəd Çobanov 40 günə yaxındır ki, haqq dünyasına qovuşub. Onu tanıyanlar – qohumları, dostları, elm ictimaiyyəti bu itkini ağrı ilə qarşılayıblar.
İyulun 12-də məzarüstü abidəsinin qarşısında mərhum kədərlə anılacaq, amma bir müddət sonra Mədəd müəllimdən söz düşəndə hər kəsin xoş duyğularla, iftixarla danışacağına, ona sidq ürəklə Allahdan rəhmət diləyəcəyinə əminik. Çünki o, Azərbaycan elminin tanınmış simalarından biri, istedadlı ədəbiyyatnəvis, məşhur qorqudşünas, onomastika və toponomika sahələrində dəyərli sözünü demiş zəhmətkeş tədqiqatçı, təcrübəli pedaqoq, vətənpərvər insan kimi ad qoyub gedib...
1937-ci ilin aprelində qədim Borçalı mahalında, Bolnisi rayonunun Darbaz kəndində dünyaya gəlmiş Mədəd Namaz oğlu orta təhsilini doğma yurdunda alıb, Tbilisi Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib və Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil alıb.
Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə olan sonsuz sevgisi Mədəd müəllimin elmi mövzusunda da öz əksini tapıb. Namizədlik dissertasiyası “Borçalı–Bolnisi rayon şivələrinin leksikası” mövzusunda idi. O, yaxşı bilirdi ki, boya-başa çatdığı torpaq Azərbaycanımızın ayrı düşmüş bir parçasıdır. Elə buna görə də, Borçalı şivələri, onomastikası, toponimləri, antroponimləri (şəxs adları) və s. onun elmi tədqiqatının ana xəttini təşkil edib. 36 yaşında namizədlik dissertasiyasını uğurla müdafiə edərək, həmin ildən vaxtilə ali təhsil aldığı Tbilisi Dövlət Pedaqoji İnstitutunda 25 ilə qədər çalışıb, orada müəllim, dosent, professor, kafedra müdiri olub.
1994-cü ildə Gürcüstanda baş verən ictimai-siyasi hadisələr üzündən Bakıya köçəndə o, artıq doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və professor olmuşdu. Görkəmli alim qalan ömrünü Azərbaycan paytaxtında elmi-pedaqoji sahədə davam etdirib. Bir sıra özəl və dövlət ali məktəblərində çalışıb. 2000-ci ildə Türk Dil Qurumunun üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü, Respublika “Təhsil” Mərkəzinin baş direktoru və digər vəzifələrin öhdəsindən layiqincə gəlib. Yüzlərlə müəllimin, minlərlə gənc kadrın yetişməsində danılmaz zəhməti olan Mədəd Çobanov 80-dən çox kitabın, o cümlədən 15 monoqrafiyanın, 10-dan artıq dərslik və dərs vəsaitinin, 60 elmi əsərin müəllifi idi.
Görkəmli professorun geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitablarından biri Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlıq dastanı”dır. Həmin monoqrafiyanın 2-ci hissəsi "Borçalıda Dədə Qorqud izləri" adlanır. Qismətə baxın ki, görkəmli alim artıq 40 günə yaxındır, Bakıdakı "Dədə Qorqud" qəbristanlığında uyuyur və ruhu Qorqud babasının ruhuna qovuşub.
Mədəd Çobanovun “Görkəmli strategiyaçı” kitabı isə 100 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevə həsr olunub. Onun müxtəlif mövzulu kitabları, dərslik və dərs vəsaitləri Azərbaycanla bərabər, qardaş Türkiyə, qonşu Rusiya və Gürcüstan, habelə Orta Asiya ölkələrində çap edilib, tanınmış elm mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.
İşıqlı şəxsiyyət olan Mədəd Çobanovun 60, 70, 75, 80 illik yubileyləri Bakıda, Tbilisidə, Marneulidə və doğma Darvaz kəndində təntənə ili qeyd olunub, haqqında filmlər çəkilib, tele-radio verilişləri hazırlanıb, elmi konfranslar, sessiya və seminarlar keçirilib, kitablar yazılıb.
Şərəfli əməyinə görə layiq görüldüyü Prezident təqaüdü, orden və medallar, qazandığı ad-san onun şöhrət əmanətləridir. Mədəd müəllim gözəl alim olduğu qədər də, gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, Əməkdar tibb işçisi Rima xanımla birlikdə 5 layiqli övlad – 5 ziyalı böyüdüb boya-başa çatdırıb. O, həm də bəxtəvər baba sayılırdı: 9 nəvəsi və 15 nəticəsi var.
Tanınmış şair Səadət Buta bir şeirində ustad alim Mədəd Çobanovu Mehralı bəy yurdunda, Darvaz elində nurdan yaranmış varlıq adlandırıb:
Səpdin, dən-dən oldu bitirdiklərin,
Alim, aqil oldu yetirdiklərin...
Damladan göl oldu götürdüklərin
Elmə arxalandın, Mədəd müəllim!
Haqqında keçmiş zamanda danışmaq çətin olsa da, deməyə məcburuq: eldən və elmdən gedən ziyalımız idi Mədəd müəllim. O, cismən aramızda deyil, amma mənən həmişə bizimlə olacaq, xatirəsi hər zaman əziz tutulacaq.
Allah rəhmət eləsin!
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”