Dərman insanlara həyat verir

post-img

Son illər  ölkəmizin  səhiyyə sistemində xeyli irəliləyiş müşahidə olunur. Hazırda demək olar ki, tibbin bütün sahələrində kifayət qədər mütəxəssis çalışır. Eyni zamanda, əksər  klinika və xəstəxanalarda ən müasir tibbi avadanlıq quraşdırılıb. Amma, təəssüf ki, dərman bazarından narazılıq gündən-günə artır. Dərmanların həm baha, həm də keyfiyyətsiz olması barədə söz-söhbətlər getdikcə çoxalır. İş o yerə çatıb ki, hətta, dövlət başçımız da məsələyə münasibət bildirərək deyi: “Başqa ölkələrlə müqayisədə Azərbaycanda bəzi dərmanların qiymətləri bir neçə dəfə bahadır və insanlar məcbur olub bu dərmanları alırlar. Bir çox hallarda keyfiyyətsiz dərmanlar satılır. Dərman paltar, avtomobil deyil. Dərman insanların həyatıdır, onların sağlamlığıdır. Bu sahədə pozuntulara yol verən insanlar vicdansızdırlar”. 

Hazırda ölkəyə dərman gətirilməsi sahəsində elə vəziyyət yaranıb ki, hər hansı dərman preparatını qeydiyyatdan keçirmək elə də ciddi problem deyil. İstənilən şəxs bunu edə bilir. Mütəxəssislər  bildirirlər ki, hazırda dərman preparatları həddən artıq çoxdur. Apteklərə daxil olanda rəflərdəki qutu-qutu dərmanların heç də hamısı sağlamlıq şəfası saçmır. Keçmişdə əksər apteklərin özündə  kiçik laboratoriyalar var idi. Bəzi dərmanlar həmin mini laboratorilarda hazırlanırdı. Heç kim də bundan narazı qalmırdı. Çünki  apteklərdə çalışan mütəxəssislər öz peşələrinin ustaları idi. İndi isə başqa ixtisas sahibləri aptek fəaliyyəti ilə məşğul olurlar. Altı aylıq və ya bir illik kursları bitirənlər, dərmanlar barədə anlayışı olmayanlar apteklərdə çalışırlar. Bu gün Azərbaycanda elə bir aptek yoxdur ki, orada dərman hazırlansın. Bəzi işbazlar dərman vasitələrini ölkəyə gətirməklə özlərinə geniş biznes şəbəkəsi açıblar. Özü də necə dərman preparatları? Keyfiyyətsiz və dozası çox aşağı olan dərmanlar. Görəsən, insanlara şəfa əvəzinə, problem yaradan belə dərmanlar respublikamıza hansı yollarla gətirilir? Axı, Azərbaycana rəsmi yolla idxal edilən bütün dərman vasitələri Analitik Ekspertiza Mərkəzində (AEM) laborator analizdən keçir və sənədlərinin uyğunluğu yoxlanılır.

Hazırda dərman preparatlarının reklamı da nəzarətsiz vəziyyətdədir. Bir sıra telekanallarda müxtəlif dərman preparatları gecə-gündüz reklam edilir, faydalarından danışılır, möcüzəli vasitə kimi təqdim edilir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov dərman vasitələrinin ölkəyə gətirilməsi və satışı ilə əlaqədar yaranmış nəzarətsizliklə əlaqədar müraciətimizi cavablandırarkən dedi ki, həqiqətən də, son zamanlar dərman preparatlarının baha qiymətə satılması və keyfiyyətsiz olması barədə narazılıqlar  xeyli çoxalıb. Bunun aradan qaldırılması, dərman vasitələrinin ölkəyə gətirilməsi və satışının nizamlanması məqsədilə “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi zərurəti yarandı. Artıq bu barədə qanun layihəsi hazırlanıb, parlamentin Səhiyyə komitəsində və Milli Məclisin plenar iclasında müzakirə olunub. Layihə səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirləri və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Komitə sədri qeyd etdi ki, layihədə dünya təcrübəsi əsas götürülərək dərman vasitələrinin beynəlxalq qeydiyyatının tanınması nəzərdə tutulub. Dərman vasitələrinin sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən beynəlxalq qeydiyyatı tanınaraq onların dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin sayı azaldılıb, sadələşdirilib və qeydiyyat prosedurlarının müddətləri qısaldılıb. Dərman vasitələrinin Azərbaycana gətirilməsi məqsədilə qeydiyyatı üçün müraciət edə biləcək tərəflərin dairəsi genişləndirilib və bütövlükdə, qeydiyyat prosesi sürətləndirilib: “Bunlarla yanaşı, sənəddə dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqibi və izləmə,  habelə dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub. Sənədə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən baha  satılması qadağan olunur”.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

Sosial həyat