Gəncəbasar yenilikləri

post-img

Ölkədə ilk Ekoloji Park ­Kompleksi Gəncədə yaradılır

Xeyli vaxtdır ki, Gəncəçayın üzərindəki körpüdən bir qədər aralıda, çayın sağ sahilində nəhəng bir obyektin ucaldılması şəhər sakinlərinin və qonaqların diqqətini cəlb edir. Son günlər burada işin sürəti bir qədər də artıb, tikintiyə əlavə işçi qüvvəsi və texnika cəlb olunub. Məqsəd hamının həsrətlə gözlədiyi obyektin ilin sonuna kimi tikilib istifadəyə verilməsidir.

Bəli, ölkəmizdə bir ilk olan Ekoloji Park Kompleksi yerli və xarici turistlərin ən sevimli məkanı olacaq. Kompleks Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehaslat Birliyinin (MKTİB) yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində salınıb və bütövlükdə 11 hektarı əhatə edir. 

Obyektdə ucaldılan üçmərtəbəli 22 metr hündürlüyündə oranjereya binasının 2 min 100 kvadratmetr sahəsi var. Tikilinin əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizaynı ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün bütün şərait yaradılmaqdadır. Burada istənilən fəsildə müxtəlif nadir növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinqləri yetişdiriləcək. Bunun üçün oranjereya binasının daxilində bitkilərin normal inkşafının təmin edilməsi üçün isitmə və havalandırma sistemi qurulur. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzləri, idman qurğuları və iaşə obyektlərinin yerləşdirilməsi planlaşdırılır. Bununla yanaşı, açıq havada müxtəlif növ balıqları olan akvarium da olacaq. 

Gəncə Şəhər MKTİB-nin yaşıllaşdırma şöbəsinin gülçülük və tingçilik sahəsində salınan Ekoloji Park Kompleksinə gələn ziyarətçilər, həmçinin  müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi prosesi ilə də yaxından tanış ola biləcəklər. Obyektin bu ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, hazırda Gəncə şəhərində 14 park və istirahət güşəsi  fəaliyyət göstərir. Onların yaşıllıqlarla müntəzəm təmin edilməsi üçün MKTİB-nin gülçülük təsərrüfatında yerli mütəxəssislər tərəfindən ilboyu 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növ ağac tingləri yetişdirilir.

Tovuzda kartof bu il daha boldur  

Tovuzun kartofçuluq ənənələri var. Bu yerlərin adamları “ikinci çörək” dedikləri kartofun əkib-becərilməsinə, satışa daha keyfiyyətli, özü də bol məhsul çıxarmağa daha meyllidirlər. Elə bunun nəticəsidir ki, son illər kartofçuluqda daha çox fərqlənən Gədəbəy və Cəlilabad kimi iri rayonları arxada qoyurlar.

Məhsul bu il də boldur. Bütövlükdə 5 min 271,2 hektar ərazidə kartof səpininin aparılması onu göstərir ki, 2023-cü ilin məhsulu heç də əvvəlki illərdəkindən az olmayacaq. Artıq yığıma başlanan cəmi bir neçə gün  ərzində  8 min tondan artıq məhsul tədarük olunub.

İlkin yığım onu deməyə əsas verir ki, bu il məhsuldarlıq ötənilkindən daha çox olacaq. Hətta artıq hesablanıb ki, kartof yığımına 6 min nəfərdən çox mövsümi işçi cəlb olunacaq. Yeri gəlmişkən, hər bir işçinin orta hesabla gündəlik gəliri 20-25 manat təşkil edir. 

Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov da kartofçuluqla məşğul olan bir sıra fermer təsərrüfatlarına baş çəkib, onların yığım prosesi zamanı üzləşə biləcəyi problemlərlə maraqlanıb, lazımi tövsiyələrini verib.

Fermerlər kartofçuluğun inkişafına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti  İlham Əliyevə öz minnətdarlıqlarını bildirirlər. Onlar deyirlər ki, bizə elə bir şərait və imkan yaradılıb ki, ondan istifadə etməyən özündən küssün.

Göygöldə “plastiksiz iyul” 

“PMD Hospitality” şirkətinin nəzdində fəaliyyət göstərən “Göygöl Lake Resort” otelinin təşəbbüsü, YAP Göygöl Rayon Təşkilatının və Göygöl Milli Parkının birgə təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Dayanıqlı inkişaf tədbirləri” layihəsi çərçivəsində “Plastiksiz iyul” aksiyası keçirilmişdir.

Adıçəkilən təşkilatın və şirkətin, həmçinin milli parkın əməkdaşlarının iştirak erdikləri aksiyaya könüllülər də qoşulmuşlar. Ətraf məişət tullantılarından təmizlənmiş, abadlıq işləri aparılmışdır.

Aksiyanın məqsədi hər bir kəsdə təmizliyə riayət olunması kimi vacib keyfiyyətləri özündə aşılamaq, bunu təbliğ etmək, füsunkar  bir qoruğun zibillənməsinin və çirklənməsinin qarşısını almaq, eləcə də təbiətsevərləri ətraf mühitin qorunması uğrunda mübarizəyə yaxından cəlb etmək olmuşdur.

 

Hamlet QASIMOV,  
“Xalq qəzeti”nin bölgə  müxbiri

 





Sosial həyat