Hazırda 3 milyondan artıq vətəndaşımız dövlətin sosial təşəbbüslərinin icrasından yüksək dərəcədə faydalanır. Ölkəmizdə həyata keçirilən sosial siyasət, həqiqətən də, inqilabi xarakter daşıyır. Bu, ilk növbədə, dövlət başçımızın öz vətəndaşına olan diqqət və qayğısının əyani nümunəsidir. Aztəminatlı ailələrə dövlət qayğısı ildən-ilə artırılır. Eyni zamanda, insanların sağlamlığının qorunması istiqamətində də zəruri addımlar atılır. Bu istiqamətdə aparılan islahatlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində mühüm rol oynayır.
Ölkəmizin malik olduğu iqtisadi potensialın daha da gücləndirilməsi və səmərəli reallaşdırılması nəticəsində əməkhaqları və pensiyalar, sosial müavinətlər, təqaüdlər mütəmadi artırılır. Yeni iş yerləri açılır, şəhid ailələrinin, əlillərin və müharibə veteranlarının həyat tərzinin yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə uğurla həyata keçirilən modern sosial siyasətin malik olduğu konrkret parametrlərdən biri yoxsulluğun azaldılmasıdır. Son illər qəbul edilən dövlət proqramları, imzalanan sərəncam və fərmanlar ölkəmizdə yoxsulluğun səviyyəsini 5 faizə endirmişdir.
Hər il təsdiqlənən dövlət büdcəsində sosialyönümlü xərclərin artırılması diqqətdən yayınmır. Faktlar da təsdiqləyir ki, 2022-ci ildə sosialyönümlü xərclər 2021-ci illə müqayisədə 12,4 faiz çox olub. Ötən ilin dövlət büdcəsinin 36,1 faizini sosialyönümlü xərclər təşkil edib. Son 5 ildə isə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 1,6 dəfə artıb. İqtisadi təsnifata uyğun olaraq, bu ilin ilk üç ayında isə dövlət büdcəsi xərclərinin 41,8 faizi sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 faiz və ya 343,2 milyon manat çoxdur.
Prezident İlham Əliyevin aztəminatlı vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə ölkəmizdə ünvanlı dövlət sosial yardımı sistemi tətbiq olunur. Son illər ünvanlı dövlət sosial yardımı mexanizminin təkmilləşdirilməsi məqsədi ilə müvafiq qanunvericiliyə bir neçə dəfə əlavə və dəyişikliklər edilmiş, nəticədə ünvanlı yardımın əhatə dairəsi genişləndirilməklə, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları daha da artırılmış, bu sahədə sənədləşdirmə qaydaları sadələşdirilmişdir.
Bugünlərdə Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir inqilabi addım atdı. Belə ki, Prezidentin imzası ilə Milli Məclisə daxil olmuş və bir neçə gün əvvəl qəbul olunmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi əhalinin həyat tərzinin daha da yaxşılaşdırılacağından xəbər verir. Bu, eyni zamanda, dövlətin öz vətəndaşlarına verdiyi dəyəri ifadə etməklə yanaşı, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin davamlı xarakter daşıdığını göstərir.
Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qəzetimizə açıqlama verib:
– Postmüharibə və postpandemiya dövründə dövlət büdcəsinin profisit ilə bağlı dürüstləşdirilməsinə baxılması faktının özü ölkəmizin iqtisadi gücünün göstəricisi, möhtərəm Prezidentimizin rəhbərliyi altında sosial-iqtisadi, maliyyə-büdcə siyasəti sahəsində aparılan davamlı və ardıcıl islahatların uğurlu nəticəsidir. Dürüstləşdirilən büdcənin xərclərinin əsas istiqamətlərinin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə, habelə məcburi köçkün soydaşlarımızın doğma yurdlarında yenidən məskunlaşmasına yönəldilməsi də diqqətə layiqdir. Əlavə büdcə xərclərinin digər hissəsini ölkəmizin milli təhlükəsizliyinin qorunmasına, beynəlxalq münasibətlər sahəsinin gücləndirilməsinə, strateji sahələrin infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilməsi də təqdirəlayiqdir.
Dürüstləşdirilmiş büdcədə DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 milyard 268 milyon manat təşkil edir. Fondun büdcəsinin 4 milyon manat həcmində gəliri əvvəlki illərdə istifadə olunmamış vəsaitdən formalaşacaqdır. DSMF-nin dürüstləşdirilmiş büdcəsinin xərc hissəsində nəzərdə tutulmuş 4 milyon manat uşağın anadan olmasına görə müavinətin məbləğinin 2023-cü ilin yanvar ayının birindən 300 manatdan 500 manata qaldırılması nəzərdə tutulmuşdur.
2023- cü ilin dövlət büdcəsinə dəyişiklik əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsində əhəmiyyətli rol oynayacaq. Bəzi faktları diqqətə çatdırmaq istərdim. İşsizliyə görə sığorta ödənişləri 2,5 milyon manat, haqqı ödənilən ictimai işlərin təşkili 725 min manat, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi xərcləri 1.100 min manat artırılacaq.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”