“İnsan resursları” zirvəsində “Gələcəyə qayıdış”

post-img

Bugünlərdə Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında ölkəmizdə ilk dəfə olaraq təşkil edilən “İnsan resursları” zirvəsində müzakirə olunan məsələlər cəmiyyətin diqqətini çəkdi. “Gələcəyə qayıdış” devizi ilə keçirilən və insan resursları sahəsi üzrə mütəxəssislərin bir araya gəldiyi tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır.

Qeyd edək ki, tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev, Gənclər və idman naziri Fərid Qayıbov, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Res­publikasının İnsan Hüquqları üzrə Müvək­kili (Ombudsman) Səbinə Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Türkiyə Res­publikası Prezidenti Administrasiyası İn­san Resursları Ofisinin rəhbəri Salim Atay, Azərbaycan Həmkarlar İttifaqları Konfede­rasiyasının sədri Səttar Möhbalıyev, SO­CAR-ın prezidenti Rövşən Nəcəf, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, “Paşa Holdinq”in baş icraçı direktoru Cə­lal Qasımov, deputatlar, beynəlxalq təş­kilatların Azərbaycandakı nümayəndələri, xarici ekspertlər, insan resursları üzrə mütəxəssislər və digər nümayəndələr iş­tirak ediblər.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə aparılan sosial islahatlar, sosial ödənişlərdəki ciddi artım­lar Əmək və əhalinin sosial müdafiəsi na­ziri Sahil Babayevin çıxışında diqqətə çat­dırılıb. Nazir qeyd edib ki, ölkəmizdə son 5 ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu dövr­də minimum əməkhaqqında 2,7 dəfə artım olub, cəmi 4 il ərzində median əməkhaqqı 2,1 dəfə artıb. Həmçinin orta aylıq əmək­haqqında 70 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım olduğu, digər ödənişlərdəki ciddi artımlar, qeyd olunan sosial islahatlar üçün illik 7 milyard manata yaxın vəsait ayrıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, əmək, məşğulluq, sosial müdafiə üzrə 153 xidmətdən 140-ı və ya 91 faizi tam elekt­ronlaşdırılıb, DOST mərkəzləri tərəfindən 1,6 milyon vətəndaşa xidmət göstərilib və bu xidmətlərdən vətəndaş məmnunluğu 98 faiz müəyyən edilib.

Son beş ildə ölkəmizdə 1 milyon vətəndaşa məşğulluq xidmətləri göstərilib, 400 min nəfər işsiz şəxs münasib işlərlə təmin edilib, 62 min nəfər özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb, 450 mindən çox gəncə peşəyönümü və peşə hazırlığı istiqamətində dəstək verilib. Postmühari­bə dövründə şəhid ailəsi üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müha­ribə iştirakçılarından ibarət 18 min şəxsin məşğulluğu təmin edilib.

Əhalinin sabit artımı aktiv məşğulluq proqramlarının da daim genişləndirilməsi­ni əsas çağırışlardan bir kimi şərtləndirir. Məşğulluğun iqtisadi inkişafda və sosial rifahda mühüm rolu, eyni zamanda, iqtisa­diyyatla təhsil sistemi arasında bir körpü olduğu vurğulanıb. Qeyd edilib ki, iqtisa­diyyatın tələblərinə uyğun insan resurs­larının yetişdirilməsi, insan resursları ilə əmək bazarı arasında vəhdətin qurulması, yeni iş yerləri yaradılmasında önəmli rola malik kiçik və orta sahibkarlığın genişlən­dirilməsi, qeyri-formal məşğulluğun qarşı­sının alınması, ixtisaslı işçi qüvvəsinin ar­tırılması, aktual peşələr üzrə ixtisaslı kadr hazırlığı sisteminin inkişaf etdirilməsi, özəl sektorun bu sahədə işlərə daha aktiv cəlb olunması, təhsil məşğulluq və iqtisadiyyat arasında körpünün daha təkmil şəkildə qu­rulması da əsas çağırış və hədəflərdəndir.

İşğaldan azad edilmiş ərazilərimizə qayıdan sakinlərin məşğulluğu, layiqli əmək şəraitinin təminatı, peşə bacarıq­larının inkişaf etdirilməsi, onlara aktual peşələr üzrə bacarıqlar aşılanması da əsas vəzifələrdən biridir. Hazırda işğaldan azad edilən bölgələrdə həyat öz axarına düşür. Həmin ərazilərimizdə məskunla­şıb işləyənlər üçün stimullaşdırıcı tədbir­lər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərimizdə işləyən mütəxəssislərin vəzifə maaşlarına minimum 20 faiz həc­mində əlavələr hesablanır. Xatırladaq ki, dövlət başçısının ötən ilin dekabr ayında imzaladığı qanunvericilik aktları ilə Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub. Bu an­layışa peşə, orta ixtisas və ali təhsil müəs­sisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyənlər aiddir. Stimullaşdırıcı tədbir kimi, həmin mütəxəssislərə birdəfə­lik müavinət ödənilir, aylıq vəzifə maaş­larına əlavələr hesablanır və hər il 5 gün əlavə məzuniyyət verilir.

Qeyd edək ki, doğma yurda köçən sa­kinlərin məşğulluq məsələləri də həll edi­lib. Müvafiq dövlət qurumları, bu prosesi həyata keçiriblər. Sakinlər dövlət orqanla­rında, xidmət sahələrində, iaşə obyektlə­rində, kənd təsərrüfatı sahələrində, tekstil fabriklərində işlə təmin olunublar. Zəngi­lanın Ağalı kəndində 419 nəfərdən ibarət 86 ailə yaşayır. Kənddə bütün infrastruktur obyektləri hazırdır. Məktəb, bağça, poçt, tibb xidmətləri, eyni zamanda, ictimai nəq­liyyat da istifadəyə verilib.

Laçın sakinləri də doğma yurd-yuva­larına dönüşü şadyanalıqla qeyd ediblər. Məcburi köçkünlükdən xilas olan 97 nəfər­dən ibarət 20 ailə dövlətin onlara verdiyi hər cür şəraiti olan və zəruri avadanlıqla təchiz edilən evlərdə yaşayır, Vətən həs­rətini unutmağa çalışırlar. İnfrastrukturu yenidən qurulan Laçında ailələrin hər bir üzvü yaşlarına uyğun münasib işlə, mək­təb, bağça ilə təmin olunub. 

Belə köç karvanlarını işğaldan azad edilən digər rayonlarımızda da tezliklə görəcəyimizə əminik. Bu əminliyi bizdə cə­nab Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə həmin bölgələrdə gecə-gün­düz aparılan tikinti, quruculuq və abadlıq işləri yaradır. 

Sosial sahədə görülən işlərdən, hə­yata keçirilən dəstək tədbirlərindən danı­şanda, Əmək və Əhalinin Sosial Müdafiə­si Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən “İnsan hüquqları aylı­ğı” çərçivəsində “Təmiz Dünya” Qadınla­ra Yardım İctimai Birliyinin sığınacağında keçirilən maarifləndirici təlimləri də qeyd etməliyik. Nazirlik əməkdaşları ilə bərabər psixoloq və hüquqşünasların da iştirak et­diyi və davamlı olaraq keçirilən tədbirlərdə sığınacaqda yaşayan, məişət zorakılığın­dan zərər çəkmiş və digər həssas qruplar­dan olan şəxslərə insan hüquqları barədə məlumat verilir, “sığınacaq sakinləri”ni ma­raqlandıran suallar cavablandırılır.

Bugünlərdə ümummilli lider Heydər Əliyevin tapşırığı əsasında yaradılan Şa­ğan reabilitasiya pansionatının 20 yaşı qeyd edilib. Tədbirdə hökumət və qey­ri-hökumət qurumlarının nümayəndələri, deputatlar, şəhid ailələrinin üzvləri, müha­ribə veteranları və əlilliyi olan şəxslər iş­tirak ediblər. İştirakçılar öncə reabilitasiya mərkəzlərində müalicə kursu keçən, ha­belə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları olan əlil şəxslərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Əlilliyi olan şəxslərin tibbi-sosial rea­bilitasiyasının müasir müstəqil Azərbay­can dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin sosial inkişaf strategiya­sının əsas istiqamətlərindən biri olduğu vurğulanıb. Qeyd olunub ki, 2003-cü ilin may ayında istifadəyə verilən, ölkəmizdə ən böyük reabilitasiya müəssisəsi olan Şağan reabilitasiya pansionatı da ulu ön­dərin tapşırığı ilə yaradılıb və onun əlilli­yi olan şəxslərin reabilitasiyasına xüsusi qayğısının bir təzahürüdür. 

Əlillərə göstərilən bu qayğı və diqqət Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlət başçısı­nın tapşırığına əsasən son beş ildə na­zirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqur­madan sonra istifadəyə verilib. Həmçinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb, yaxın aylarda Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Cənab Prezidentin iştirakı ilə 2021-ci il fevralın 25-də isə Şağan reabilitasiya pansionatı­nın əsaslı təmir və yenidənqurmadan son­ra açılışı olub. 250 çarpayılıq pansionatda son bir ildə 7200-dən çox əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib.

 

Zərifə BƏŞİRQIZI, 

“Xalq qəzeti”



Sosial həyat