Qaytar ana borcunu...

post-img

Ümumi kədər və böyük ürək ağrısı ilə soyuqluğu uzaqdan diqqət çəkən binaya doğru addımlayıram. Onlar niyə burada yaşayırlar? Ömürlərinin son çağlarında niyə sərbəstlikləri əllərindən alınıb, uşaq kimi qəbul olunmuş qaydalara uyğun rejimə tabe olublar? Bu ahılların övladları varmı? Varsa valideyni niyə “qocalar evi”nə atılıb? Bəli, məhz atılıb. Doqquz ay bətnində, sonra qucağında gəzdirdiyi balası niyə anaya dönük çıxıb? “Niyə”lərin sayı uzandıqca uzanır...

Görəsən, necə və neçə ildir onların “damlanmış” həyatının yaşı? Heç doğma ocaqları yadlarına düşürmü? Beynimdə qəzetimizin baş redaktorunun sözləri tək­rar-təkrar səslənir: “Anasını sevən qızları sevirəm”. Görəsən, onların qız övladları olmayıbmı? Məkana çatıb soruşacam... Hələ çox suallarım var, görəsən, səmimi cavab alacağammı? Bu gözlənilməz gə­lişin geri dönüşü necə olacaq? Sinəmdən sallanan yükün çəkisi artacaqmı? Yoxsa yüngülləşəcəyəm? 

Ömrünü övladlarının böyüyüb təhsil alması, hətta ev-eşik sahibi olmasına xərc­ləyən qocalar... Sizin valideynlik borcunu­zu yox, barı övladlıq borcunu yerinə yetirə bilməyənlərə nankordan başqa ad vermək olmur. Əli Kərimin “Qaytar ana borcunu” şeirini astadan deyə-deyə irəliləyirəm. “Qocalar evi”nə lap yaxınlaşmışam, ürə­yimdə artan sıxıntı ilə. Görəsən, söhbəti­min nə qədər ağır olacağını dərk etdiyim, duyduğum qədər yazımda verə biləcəyəm­mi? 

Qeyd edək ki, müəssisə 1964-cü ildən fəaliyyət göstərir. Öncə Qocalar və Əlillər evi, 1989-cu ildən Müharibə və Əmək Əlil­ləri üçün Pansionat, sonra Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət Müəs­sisəsi, 2020-ci ildən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsi adı ilə fəaliyyətini davam et­dirir. Artıq bura yalnız 70 yaşından yuxarı şəxslər – ahıllar (kimsəsizlər) qəbul olunur.

Müəssisəni direktor Samirə Mehdi­yeva ilə gəzirəm. Geniş ərazidə, müxtəlif gül-çiçək kollarının, ağacların əhatələdiyi müəssisədə müasir tələblərə uyğun şəra­it yaradılıb. Burada beşmərtəbəli əlavə korpus istifadəyə verilib. Hər otaq lazımi məişət avadanlıqları ilə təchiz olunub. Sa­kinlərin normal yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təminatı, asudə vaxtlarını mə­nalı keçirmələri üçün lazımi şərait yaradı­lıb. 

Burada illərdir ömür sürənlər var. 30 ildən yuxarı qaçqınlıq dövründə Füzulidən gələn Səbinə xanım, Sumqayıt hadisələ­rində evsiz qalan rus qadın Abqoliya Dob­rınina kimi. Həyatlarına davam edən 110 kişi və 100 qadın bir ailədə birləşib. Ən yaşlı sakin 97 yaşlı Ənvər Əfəndiyevdir. Ən kiçik isə 65 yaşında Sara Əliyevadır. O, əlil olaraq bura qəbul edilənlərdəndir. Görəsən, ahıllar gənclik illərinin, doğma­larının həsrətini, xiffətini çəkirlərmi? Sua­lımı Samirə Mehdiyeva belə cavablandırır:

– Əlbəttə, amma çalışırıq ki, övladlar­la, qohumlarla əlaqə yaradaq, ünsiyyətləri­ni təşkil edək. Bəziləri ilə sosial iş aparıb onların doğmalarına ehtiyacları olduğunu başa salmağa çalışırıq. İşlədiyim 3 il müd­dətində bu cür təbliğatla bir neçə nəfəri ailəsinə qaytarmışıq. Övladı, qardaşı qızı, qardaşı oğlu, digər doğmaları onları apa­rıblar. 

Söhbət əsnasında ahılların bu məka­na gəlmə səbəbi– yaşayış yerinin olma­ması “bəhanəsi” məni daha çox təsirlən­dirdi. Onlar övladlarının rahat yaşaması üçün dövlətə sığınanlardır. Düşünürəm: Görəsən, nə zamana qədər övlad qayğı­sı çəkəcəklər? Dediklərinə görə, çoxu bir otaqda yaşamağa “imkan olmadığından” bu məkana üz tutub. Ahılların pensiyası ilə maraqlanıram. Eşitdiklərimdən bir faktı dəqiqləşdirmək üçün soruşuram ki, o pul­dan dövlətin hesabına keçirirlərmi? 

– Əsla. Pensiyalarını özləri alırlar. Otaqlarına baxın. Heç bir ölkədə belə şəra­it yoxdur. Rusiyada Novosibirskdə qocalar evi var. Mən əlaqə saxlayıram. Statusumda tədbirlərimizi görəndə yazırlar ki, “Sizdə şərait necə gözəldir!” Orada qalanlar pen­siyasının 75 faizini dövlətə keçirirlər. Siz onu eşitmisiniz. Dövlət onları həmin 75 fa­izin hesabına saxlayır. 25 faiz isə özlərinə qalır. Amma bizim dövlətimiz hər şeyi özü edir. Gör nə qədər təmin olunublar ki, təqa­üdlərindən nəvələrinə vəsait ayırır, övlad­larına göndərirlər. Deyirlər, neyləyim, öv­laddır, işləmir, köməyə ehtiyacı var. Mən onlara irad tutanda, deyirlər ki, qoy övla­dım yaxşı dolansın, mənə pul lazım deyil. 

Həyat bu!!! Düşünürəm ki, “bir ana doqquz övlad böyüdür. Amma doqquz öv­lad bir anaya sahib çıxmır”– bu, həqiqət imiş. Direktoru dinləyirəm:

– Əvvəllər mənə də pis təsir edirdi. Sonra alışdım və çalışıram başa düşəm. Valideyn hər zaman özündən öncə övladı­nı düşünür. İnanın, kimsə bir salfet də olsa hədiyyə gətirəndə, onu da çalışırlar ki, evə göndərsinlər. Başa salırıq ki, özün istifadə et. Amma ata-ana ürəyidir, övladını düşü­nür. Fikirlər müxtəlifdir.

– Bunu dövlətin diqqət və qayğısın­dan sui-istifadə adlandırmaq olarmı? 

– ... 

Bu susqunluqdan sonra ürəyimdə fik­rimə haqq qazandırıram və ƏƏSMN-nin “kimsəsizlərə” göstərdiyi qayğının hansı formada olduğunu soruşuram. 

– Nazirlik müəssisəni lazım olan hər şeylə təmin edir. Agentlik tərəfindən adambaşına səhər yeməyindən tutmuş şam yeməyinədək gündə 3 dəfə isti qida göndərilir. Meyvəsi, şirəsi, mineral suyu, şirniyyatı... Corabdan paltoya qədər verir. İnsana həyatda yaşamaq üçün lazım olan hər şeylə dövlət təmin edir. Bu cür gözəl şərait yaradıb. Görürsünüz, hər otaqda tək qalırlar: soyuducu, televizor, paltar dolabı, stol, stul,.. hamam-tualet. Hər sakin elə bil, birotaqlı evdə tək yaşayır. Belə şəraitdən sonra artıq o kövrək hisslər bir qədər unu­dulur. 

Yox, unudulmur, ürəkdə yumaq kimi düyünlənib qalır. Hiss edirəm ki, ahıllar burada həyatın ləzzətindən istifadə etməyə çalışırlar. AFFA-nın məşqçisi həftədə iki dəfə gəlir və məşq edirlər. Federasiya fut­bolçu sakinləri yay geyimi ilə də, qış for­ması ilə də təmin edib. “Neftçi”nin vete­ranları ilə görüş təşkil edilib. Həftədə bir dəfə Gimnastika Federasiyasından gimnast gəlir, sakinlər gimnastika ilə məşğul olur­lar. Gənclər və İdman Nazirliyi tennis stolu bağışlayıb. Ahıllar tennis oynayır, velosi­ped sürürlər. Həyətdə gəzəndə velosipedlə qarşımıza çıxan Vyaçeslav Şuyenkov ya­dıma düşür. Onların idman vaxtları səhər yeməyindən sonra olur. Qadınlı-kişili fut­bol oynayırlar. 

Evlərində kim idi onlara idman forma­sı alıb futbol oynamağa göndərən? Onlara diqqət yetirən olsaydı, bura düşməzdilər ki... Burada təcrübə keçənlərlə tamaşalar hazırlanır. Bayramlardan başqa, hər həftə tədbir keçirirlər. Vəkillər Kollegiyasının, Apellyasiya Məhkəməsinın əməkdaşları burada olublar. Bugünlərdə YAP Nizami rayon təşkilatının nümayəndələri, məktəb direktorları, rayon fəalları gəlibmiş. Ame­rika səfirliyi, Qərb Universiteti, Modern Məktəb, Biznes Universiteti, sirk ustaları... gözəllik salonunun işçiləri öz təşəbbüslə­ri ilə onların görüşünə gəliblər. Saçlarını qaydaya salıb, rəngləyiblər. Əksəriyyətin­də bəzənməyə həvəs var. 

Heydər Əliyev Fondunun əməkdaşla­rı müntəzəm olaraq uşaq evləri və inter­nat məktəbləri ilə yanaşı, burada yaşayan ahıllarla da görüşür, onların qayğıları ilə maraqlanırlar. Leyla Əliyeva iki ildir yeni ildə ahılların sevincinə sevinc qatır, bay­ramı onlarla keçirir. Məşğuliyyət çoxdur. Həyətdə ağac əkirlər. Gəzməyə gedirlər. Hərbi Qənimətlər parkında olublar. Dənizə – SİBRİZ-ə keçən yay gediblər və bu möv­sümü həsrətlə gözləyirlər. 

Bura baş çəkənlərin və gəlmək istəyən­lərin sayı hədsiz çoxdur. Tələbələrin gəlişi valideynlərinə münasibəti dəyişir. Bir nəfər zəng edibmiş ki, ailəmlə, uşaqlarla gəlmək istəyirəm. Həyatın bu biri üzünü görsünlər deyə... İnsana məhəbbət, valideynə mü­nasibət artsın deyə... Zəng edib gəlmək, qocalara qulluq etmək istəyənlər də olub. Amma müəssisədəki kiçik tibb işçiləri bu işlərin öhdəsindən yetərincə gəlirlər. Ən böyüyü 97 yaşındadır – Ənvər Əfəndiyev. Tatyana təzəlikcə rəhmətə gedib, onun 98 yaşı varmış.

Ani olaraq fikrimdən keçir ki, bəs ömrünün son çağlarında burada yaşayan binəvaların dünyadan köçəndən sonrakı “taleyi” necə olur? Soruşuram ki, vəfat edənlərin dəfni necə təşkil edilir? Ölüsünə sahib çıxmayan olurmu?

– Bəzisini qohumu aparır... Aparılma­yanı müəssisə üçün ayrılmış məzarlıqda dəfn edirik. Qəbirüstü sinə daşı, baş daşı qoyulur, adı, soyadı yazılır. Köhnə qəbiris­tanlıq vardı. Abadlaşdırdıq, hasarını qal­dırdıq. Ölülərimizi şəriətə uyğun, molla ilə dəfn edirik. Bayramlarda gül aparır, ölən­ləri ziyarət edirik. Buranı ailə kimi bilir və bütün adətlərə əməl edirik. Ailədə dünyası­nı dəyişənə hansı münasibət varsa, burada da mərhumlara eyni sayğı ilə yanaşırıq.

Bu cavabdan sonra bilmirəm nə so­ruşum. “Dirisi sənə “mane olur”, ölü­sünə niyə yiyə çıxmırsan, ay namərd öv­lad?”– deməkdən özümü zorla saxlayıram. Görəsən, övladları olanlardan bura gəlib baş çəkən olurmu? Utana-utana gəlirlər, yoxsa, heç nə olmamış kimi?

– Nə deyim, vallah... – Bu cavab hər şeyi anladır və beynimə çəkic kimi dəyir... Eşidəcəyim cavabın xofundan çəkinə-çə­kinə soruşuram:

– Övladı olanlardan burada dəfn edilən varmı? 

– Var. – Samirə xanım o kəlməni pıçıl­tı ilə, boğuq səslə deyir... Mən də özümdə deyiləm...

– Nəyi bəhanə edib valideyninin ölü­sünə sahib çıxmırlar?

– Bəzən səbəbsizdir. Burada Həbib dayı var. Deyir: 5 uşağımı evdə qoyub çıx­mışam, heç vaxt maraqlanmamışam. İndi nə üzlə onlardan qayğı gözləyim? 

Buradakıların hamısı elə deyil ki... Maraqlanıram ki, adi vətəndaşlardan evinə aparmaq istəyən olubmu ki, Allaha xatir onlara qulluq etsinlər. Direktor bildirir ki, təşəbbüs olsa da verməmişik. Pandemiya dövründə nazirliyin qərarı ilə işçilər də bu­rada qalırdı. Bir nəfərimiz də koronavirusa yoluxmadı. Qayğı böyükdür.

Bəs görəsən, özləri bir-biri ilə necə dolanırlar, heç sözləri çəp gəlirmi? Samirə xanım deyir ki, əlbəttə. Yaşlı adamlardır. Birinin sözü o birinin boğazından keçmə­diyi vaxtlar olur. Mehribanlıq yaratmağa çalışırıq. Düşünürəm ki, görəsən, heç kü­süb getmək istəyən olubmu? Elə o andaca fikrimə gəlir ki, hara gedəcəklər? Yerləri olsa, bura gəlməzdilər ki... Onlara burada­kı xidməti kim göstərəcək? İşçilər o qədər əziyyət çəkirlər. Evdə bir yaşlı insana bax­maq nə qədər çətindir? O da olsun, yataq xəstəsi, Alzheymer xəstəsi... Onlar nə et­diyini bilmirlər ki... Hər gün onların arxa­sınca gəzmək, təmizləmək... Elə gün olur, qızlar onları 5 dəfə yuyundururlar. 

Söhbət əsnasında onların müəssisəyə giriş-çıxışlarının sərbəst olub-olmaması ilə maraqlanıram.

– Bəli, sərbəstdir. Amma deyib gedir­lər. Bəzən qohum-əqrəbası onları 1 aylıq, 10 günlük ev məzuniyyətinə aparır. Hər bir ahılla işləmək çox çətindir, amma şərəfli­dir. O insanların ağrılı həyatına sevinc qat­maq və verilən etimadı doğrultmaq, evində görmədiyi xoş münasibəti burada göstər­mək amalımızdır. Biz əlimizdən gələni edirik. Dövlətimizin qayğı və diqqətindən başqa, burada onlara xoş münasibət bəslə­nir. Üzlərini qırxırlar, geyindirirlər. Çətin xarakterdə olan insanların yanında olmaq­dan usanmırıq. Bilirik ki, onların bizə eh­tiyacı var. Yaş, xarakter özünü göstərir. Ən böyük problemimiz odur ki, onlar bir-bi­rini qısqanırlar, küsürlər. Kollektiv oyun­ları ona görə çox təşkil edirik ki, onlar bu yolla mehribanlaşsınlar, bir-birini görəndə sevinsinlər. Bir söz tapşıranda uşaq kimi dinləyirlər. Bir-birinin otağına gedir, söh­bətləşir, çay içirlər.

– Bəs xəstələnəndə?

– Həkimlərimiz, tibb bacılarımız var. Nə lazımsa yardım edilir. Gömrük Xəstəxanası, Bona dea, Göz Xəstəliklə­ri İnstitutu, Dünyagöz Xəstəxanasından mütəmadi həkimlər gəlir, tibbi aksiyalar keçirirlər. Müayinələr edir, ehtiyac olanda, aparıb əməliyyat edirlər. 

– Bura sırf kimsəsizlər gəlirsə, övladı olanları necə qəbul edirlər?

– Övladdan, yaxud, valideyndən imtina ilə. Övlad deyir ki, baxmıram valideynimə. Valideyn də imtina edir, istəmir övladını, ya xaricdə yaşayır.

...Xanlar Cəmiyevlə söhbət edirəm. Ayın 20-də 76 yaşını keçiriblər. Əslən İs­mayıllıdandır. Deyir ki, kənd tez-tez yadı­ma düşür. Gedib ziyarət edirəm. Üç oğlum, bir qızım var. Yoldaşım rəhmətə gedəndən sonra gəlmişəm. Bura gəlməsəydim, çox­dan ölmüşdüm. Qoy uşaqlar da dolansın. Pensiyamdan kiçik oğluma hər ay yardım edirəm. “Sənə otağın bir küncündə bir çarpayılıq yeri qıymayan övladına niyə kömək edirsən?” – deyirəm. Övladdır, ney­ləyim – cavabını eşidirəm. 

1938-ci il təvəllüdlü Tamara Zeynalo­vanın otağına giririk. Samirə xanım ondan qara ciyərilə bağlı USM-dən keçib-keçmə­diyini soruşur. “Keçdim, soyuq olubmuş”, – deyir. Hər gün özü də idman edir, bədə­nini möhkəmlədir. “Biz burada kurortda­yıq, – deyir. – Geyim də verirlər, yemək də. Gəzməyə də aparırlar. Hər şeyimiz var – isti su, soyuducu, televizor. Hər yer tər-təmiz...” 

Digər otağın sakini, 70 yaşlı Elmi­ra Məhərrəmova deyir: “Biz firavan ya­şayırıq. Kim gəlirsə heyrət edir. Ayrıca otağımız, şəraitimiz, qulluq edən...” Xa­nımın eyvanda sıraladığı dibçək gülləri məni valeh edir. Qış ehtiyatı görüb. Xiyar duza qoyub, yarpaq tədarük edib, çiyələk mürəbbəsi də bişirib. Hüseyn Ələkbəro­vun otağı da təmiz və səliqəlidir. 76 yaşı var. “İrəvandanam”, – deyir. “Heç evimdə belə qulluq, şəraitim olmayıb.” Samirə xa­nım vurğulayır ki, oktyabrın əvvəlində 30 nəfərlə Şuşaya səfərimiz oldu. Bir gecə də qalıb gəldik. Ahıllarımızın sevinci yerə- göyə sığmırdı. 

Bu qənaətə gəlirəm ki, xalq arasında daha çox “Bilgəh qocalar evi” kimi tanı­nan bu müəssisənin sakinlərinə kimsəsiz sözünü heç cür yaraşdırmaq olmaz. Çünki bu məkan ömrünün ahıl vaxtında, doğma­larından və ailə üzvlərindən qayğıya, qul­luğa ehtiyacları olan bir vaxtda, müxtəlif səbəblərdən bütün bunlardan məhrum ol­muş insanlar üçün, sözün əsl mənasında, doğma evə çevrilib. Onların arxası da döv­lətdir, övladı da. Ahılların fikrincə, bundan sonra bir neçə il belə yaşasalar, bu, artıq onlar üçün bütöv bir ömürə dəyər. Çünki insanlar öz istədikləri kimi yaşamaq im­kanı əldə ediblər. Buranın sakinləri artıq tərk edilmək, atılmaq qorxusunu unuda­raq, özlərini qayğı əhatəsində, daimi ola­raq gözəl yaşayış şəraiti, keyfiyyətli qidası, geyimi və tibbi xidmətləri olan doğma bir evdə hiss edirlər. Ürəklərindən nə keçir?... – Allahla özləri bilər... Mən isə yazımı belə tamamlayıram:

Deyirəm ki, o boyu, buxunu qaytar geri!

Deyirəm ki, varını, yoxunu qaytar geri!

Qaytar onun borcunu,

Gülüşünü, adını, sözünü qaytar geri!

Qaytar ana borcunu,

O borc sənin özünsən, özünü qaytar geri!

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”









Sosial həyat