Ulu öndər Heydər Əliyev Azərbaycan–Türkiyə qardaşlığını indi dillərdə əzbər olan bir aforizmə sığışdırdı: “Bir millət, iki dövlət!” Bu formula Prezident İlham Əliyev bir millət və iki dövlətin düşmənin unutmayacağı bir ifadə əlavə etdi: “Bir millət, iki dövlət və bir yumruq!” Bu sözlər tarixən sevinci–kədəri bir olan Azərbaycan və Türkiyənin qardaş dövlətlər olduğunu dünyaya bir daha bəyan etdi.
Canımız – Türkiyəmiz! Böyük Atatürkün sözüdür: “Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”.
Yeni Türkiyənin yaradıcısı Atatürk və yeni Azərbaycanın memarı Heydər Əliyev öz dövlətçilik quruculuğu ilə bütöv bir məktəb qoyublar. Bu böyük məktəbi Azərbaycanda İlham Əliyev, Türkiyədə Rəcəb Tayyip Ərdoğan zirvələrə qaldırdılar. Tale bu iki dövləti qardaşlıq missiyası ilə dünyada görünməmiş gücə çevirdi. Tanrının millətə bir missiya (məhz missiya) kimi göndərdiyi İlham Əliyev və Rəcəb Tayyib Ərdogan bu müqəddəs vəzifəni tarixin indiyədək görmədiyi bir güc möcüzəsi ilə yerinə yetirdi: İlham Əliyev 44 günlük Vətən müharibəsində “dəmir yumruğu” ilə düşmənin başını əzdi. R.T.Ərdoğan Türkiyədə rəhbər vəzifələrdə olduğu 21 ildə bu ölkəni dünyaya nümunə kimi yenidən yaratdı. Bir millətin, iki dövlətin başçıları ən ağır günlərdə də, ən qürurlu anlarda da bir-birinin yanında oldular.
Türkiyədə prezident seçkiləri başa çatıb. Azərbaycan xalqı Ərdoğanı yenidən Cümhurbaşkanı görməkdən çox məmnundur. Burada R.T.Ərdoğan barədə qəlbimdən dilimə axan bəzi munis fikirlərimi yazmışam:
– Ərdoğan Türkiyə dövlətinin siyasi, ictimai, iqtisadi, mənəvi, real iradəsidir;
– Ərdoğan Türkiyədə son on ildə həyata keçirilən onlarca, yüzlərcə layihənin ideya və icra müəllifidir;
– Ərdoğan yeni dünya düzənində Türkiyənin yerini güc dövlətlərinə göstərən milli qəhrəmandır;
– Ərdoğan Türkiyə milli sənayesi ilə ən yeni və ən güclü silahlar yaradan bir ordu başçısıdır.
– Ərdoğan dünyanın ən uca hava limanının, Türkiyənin uzaq bölgələrini bir-birinə yaxınlaşdıran kəsə yolların, ən uzun tunellərin, ən yeni metro tikintisinin baş memarı və mühəndisidir;
– Ərdoğan özünün sülhsevər missiyası ilə dünyanın bir çox media mənsublarının Nobel sülh mükafatına layiq hesab etdikləri bir liderdir;
– Ərdoğan Türkiyəni terrorla hədələyən PKK-çıların dərsini verən mükəmməl bir hərbiçidir.
– Ərdoğan son illərdə təkcə İstanbulda 37 universitet yaradan, tələbələrə mümkün olan hər cür dövlət qayğısını təmin edən rəhbərdir.
Ərdoğanın İstanbul seçiciləri ilə görüşünün unudulmaz bir loqosu vardı: “Türkiyə sana emanet!” Bu loqo Ərdoğana ümumxalq sevgisinin cəmi üç sözdə ifadəsidir.
Biz də bu loqoya əlavələr edirik:
– Canımız – Türkiyəmiz! Sən dünya liderləri içərisində ulduz kimi parlayan Ərdoğana əmanət!
– Canımız – Türkiyəmiz! Sən dünyanı savaşdan barışa çağıran Ərdoğana əmanət!
– Canımız – Türkiyəmiz! Sən dünyanın ən dəhşətli zəlzələsinin ağrılarını millətə sevgi qayğıları ilə aradan qaldırmaqda olan Ərdoğana əmanət!
– Canımız – Türkiyəmiz! Sən Atatürk dövlətinin yüz ilini bütün istiqamətlərdə qələbə ilə qarşılamağa çağıran Ərdoğana əmanət!
– Canımız – Türkiyəmiz! Sən doğma qardaşın – Azərbaycanın Prezidenti İlham Əliyevin dayağı olan Ərdoğana əmanət!
28 may günümüz mübarək! Necə də möhtəşəm səslənir: Ərdoğan yenidən qardaş Türkiyənin Prezidentidir!
Cahangir MƏMMƏDLİ,
filologiya elmləri doktoru, professor