Böyük Qayıdışın Kəlbəcər və Laçın addımları

post-img

Prezident İlham Əliyevin Vətən müharibəsindən ötən dövr ərzində işğaldan azad edilən rayonlara çoxsaylı səfərləri zamanı bir sıra strateji infrastruktur obyektləri işə salınıb, yenilərinin təməli qoyulub. Bununla da düşmənin darmadağın etdiyi, xarabalığa çevirdiyi şəhər və kəndlərimizə həyat yenidən qaytarılıb. Azadlığına qovuşan torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin sürəti getdikcə yüksəlib. Bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma, inkişaf, çiçəklənmə dövrü başlayıb. İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu yurd yerlərimizə indi yeni nəfəs gəlib.

Bu, Prezident İlham Əliyevin mayın 27-də Kəlbəcər rayonuna səfəri zamanı da müşahidə olunub. Belə ki, Yanşaq və Zallar kəndlərinin, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin və məktəb bi­nasının təməlinin qoyulması, “Qamışlı” və “Meydan” kiçik su elektrik stansiya­larının, hərbi hospitalın istifadəyə veril­məsi, Toğanalı-Kəlbəcər-İstisu və Kəl­bəcər-Laçın avtomobil yolunda görülən işlərin nəzərdən keçirilməsi, işğaldan azad edilən digər yaşayış sahələri kimi, bu rayonun da bərpasının diqqət mərkə­zində saxlanılmasının təsdiqinə çevrilib. 

Prezident İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı bu məsələ – Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı geniş bəhs edib. Dövlətimizin başçısı nitqində adıçəkilən şəhərin simasının dəyişməsinin iqtisadiyyatımızın dinamik inkişafından xəbər verdiyini, müstəqilli­yimizin nə qədər güclü olmasını bir daha göstərdiyini vurğulayıb. Ölkə rəhbəri de­yib: “Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sakinlərin sərəncamına verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə La­çında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq”.

Bütün bunlar Laçın şəhərinin Baş planında da öz ifadəsini tapıb. Prezident İlham Əliyevə təqdim olunan həmin Baş planda nəzərdə tutulan tədbirlər və pla­na əsasən görülən işlər barədə məlu­mat verilib. Bildirilib ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Bakı Dövlət Layihə İns­titutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu–İsveçrənin “SA Part­ners” şirkətinin iştirakı ilə hazırlanıb.

Şirkətin həmtəsisçisi və tərəfdaşı Dunya Kovari-Binggeli bildirib ki, Laçı­nın özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm mə­kanı kimi inkişaf etdirilməsinə, fəal rek­reasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Beynəlxalq hava limanının yaxınlığında, beynəlxalq və respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər re­giona giriş qapısı funksiyasını daşımaq­la çoxşaxəli inkişaf istiqamətlərinə malik olacaq. Laçın şəhərinin mövcud plan­laşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni yaşayış əra­zilərinin inkişaf etdirilməsi əsas hədəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb.

Baş planın konseptual əsasını “Tə­biətlə vəhdətdə olan şəhər” yanaşması təşkil edir. Buraya urbanizasiya mərkəzi­nin xüsusiyyətlərinin formalaşdırılması, iqtisadi şaxələndirmənin təmin edilmə­si, ekoloji həssas ərazilərin mühafizəsi, yaşıl enerji mənbələrindən və müasir texniki infrastruktur texnologiyalarından istifadə, həmçinin şəhər xidmətlərinə piyada əlçatanlığının artırılması daxil­dir. Plana əsasən, Laçın şəhəri “ağıllı idarəetmə”, müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən da­vamlı və innovativ mərkəzə çevriləcək.

Baş plan layihəsində təbii yaşıllıqlar­la əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaş­ma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və di­gər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqə­dər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdır­mada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gün­dəlik tələbat obyektlərinin yaxın mə­safədə olmasını və aşağı sürətli yol in­frastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Əhalinin məşğulluğunun təşkili ra­yonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.

Xatırladaq ki, ərazinin coğrafi yerləş­məsinə, quruluşuna uyğun olaraq yerli ənənələrə, müasir yanaşmalara əsas­lanan və Laçın şəhərinin özünəməxsus simasının formalaşdırılmasında istifadə ediləcək memarlıq layihələri həyata ke­çiriləcək.

Yeri gəlmişkən, Prezident İlham Əli­yev Laçın rayonuna səfəri zamanı bir sıra obyektlərin açılışında və təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Laçın” şəhər və “Qorçu” yarımstansiyalarının açılışı zamanı bu stansiyalarda görülən işlər barədə mə­lumat verilib. Laçın rayonunun Azərbay­canın ümumi enerji sisteminə qoşulma­sı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorçu kəndində 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından 42 ki­lometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xət­ti çəkildiyi bildirilib. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qa­yalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xətti boyunca hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılıb. 110 kilovoltluq xəttin üzərindəki ildırımö­türücü funksiyalı fiberoptik kabellə in­ternet xətti çəkilib. Bu da enerjisistemin idarə olunmasında siqnalların etibarlı şəkildə ötürülməsini şərtləndirib. 

Səfər şərçivəsində, eyni zamanda, Qorçu qəsəbəsinin təməlqoyma məra­simi keçirilib. Burada ölkə rəhbərinə gö­rüləcək işlər barədə məlumat verilərək Laçın rayonunun şimal-qərbində dağ­lıq ərazidə, Şəlvə çayının sol qolu olan Qorçu çayının sahilində yerləşən eyni­adlı qəsəbə rayon mərkəzindən 64 kilo­metr, Bakı şəhərindən isə 475 kilometr məsafədədə olduğu bildirilib. 

Prezident İlham Əliyev Laçına səfəri çərçivəsində Şəlvə kəndinin təməlqoy­ma mərasimində də iştirak edib. Burada dövlətimizin başçısına Şəlvə kəndi barə­də məlumat verilərək biildirilib ki, rayo­nun şimalında, Şəlvə çayının sahilində, dəniz səviyyəsindən 1540 metr yüksək­likdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsi­nin tərkibinə yaxınlıqda yerləşən İman­lar kəndi də daxil ediləcək.

Yeri gəlmişkən, Prezident İlham Əli­yev Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə də tanış olub. Burada istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, məşğul­luğun artırılması istiqamətində işlər da­vam etdirilir. Burada əhalinin məşğullu­ğunun təmin edilməsi üçün yaradılacaq müəssisələrdə 1169 nəfər işlə təmin olunacaq. Müəssisələr qida, sənaye, ya­radıcılıq, tekstil, tədris, turizm və xidmət sahələrində fəaliyyət göstərəcək. Hazır­da fəaliyyət göstərən 7 müəssisədə 226 Laçın sakini işlə təmin edilib.

Bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nümunəsinə çevrilir. Mübaliğəsiz demək olar ki, şəhər əsl tikinti meydançasını xatırladır. İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə bütün Qarabağ və Şərqi Zəngəzur kimi, Laçında da nəhəng bər­pa və yenidənqurma işlərinə başlanılıb. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binası­dır. Eyni zamanda, 71 inzibati bina yeni­dən qurulur.

 

V. BİNYATOĞLU, “Xalq qəzeti”

Sosial həyat