İkinci Dünya müharibəsi illərində bir qrup Azərbaycan yazıçısı sovet qoşunlarının tərkibində İranda fəaliyyət göstərib. Onların arasında Xalq şairi Süleyman Rüstəm də olub. Şairin İran xatirələrindən günümüzlə səsləşən bir maraqlı epizodu oxucularımıza təqdim edirik:
Oktyabr inqilabının ildönümü günü 7 noyabrdı. İran torpağında olan sovet adamları bu günü böyük iftixar hissiylə, faşizm üzərində qəti qələbəyə inamla qarşılayırdı. Mən mehmanxanadaydım. Birdən Təbrizin baş küçəsindən uğultular, gurultular qopdu. Balkona çıxdım. Atları addım-addım, ağır-ağır gedən bir fayton nəzərimə çarpdı. Faytonun dalınca yüzlərlə adam “urra” deyə bağırırdı. Faytondan əhalinin üzərinə vərəqlər göyərçinsayağı uçurdu.
Bu nə işdir, nə olmuşdu? Mənə elə gəldi ki, təbrizlilər 7 noyabr gününü qarşılayır. Faytonun içindəki adam mənə çox tanış gəldi. Bəli, bu “Şahin” qəzetinin sahibi Ağazadə idi. Bu şəxs yel hayana əsdi, o yana əsən adamdı. O həmişə deyirdi: “Baba, bu yaşda mənim dağa-daşa düşüb inqilabçılıq eləməyə iqtidarım yoxdur. Nə bilim... Siz burda qalacaqsınız, yoxsa gedəcəksiniz. Əgər qəti burada qalacaqsınızsa mən kəfən taxıb sizdən də betər inqilabçılığa hazıram. Yox, gedəcəksinizsə, mənlə işiniz olmasın...”
Bu qorxaq, liberal bir adamdı, biz bir növ ilə onunla dil tapıb qəzetində ziyanlı materialların çıxmamasına çalışırdıq. İndi budur, Ağazadənin dalınca baş küçədən insan seli axır. Mən dərhal mehmanxanada yaşayan yuxarı rütbəli yoldaşları bu işdən xəbərdar etmək istədim. Təəssüf ki, onlardan heç birini tapa bilmədim.
Yoldaşların hamısı şəhərdən bir az kənarda hərbi hissədə 7 noyabr təntənəsini keçirməyə getmişdilər. Mehmanxanada bir yoldaş tapdım (bu adam hazırda Azərbaycan Dövlət Universitetindədir). Maşına minib Gülüstan bağına gəldik. Vərəqələrdən birini alıb oxuduq. Farsca yaxşı bilmədiyimizə baxmayaraq vərəqədəki mətləbi başa düşdük. Vərəqədə deyilirdi ki, “Şirindilli şirazlılar sizə peyam göndərir. Onların səsinə səs verməliyik və ilaxır...”
Bu vərəqəni Ağazadə özü tərtib etmişdi. Gülüstan bağının qabağında faytonun sürücüsü oturan yerinə qalxıb əsasını hərlədərək Ağazadə nitq söyləyirdi. Əlbəttə, bu nitqin Oktyabr inqilabının ildönümünə heç dəxli yoxdu. Nitq Təbrizdəki hökumətin başçılarının ünvanına söyüşdən ibarətdi. Əhali isə “urra” deyib Gülüstan bağına axışdı. Ağazadə əsasını şahın heykəlinə doğru uzadıb “Məhv olsun Pəhləvi xanədanı” deyirdi.
Bu sözlərdən sonra kimi Rza şah Pəhləvinin heykəlinə tüpürür, kimi heykəli daşa basır, uşaqlar isə heykəlin başına dırmanırdılar. Bu dəmdə Gülüstan bağında yaşayan həkimlərdən bir neçəsi bizim köməyimizə gəldi. Əhalini sakit etdik. Ağazadəni və bir dostunu maşına mindirib “Firdovsi” mehmanxansındakı nömrəmizə gətirdik. Otağa çay gətirdilər. Ortaya nərd gəldi.
Ağazadə ağzıköpüklü ona mane olduğumuzdan narazılığını bildirirdi. “Baba, niyə qoymursunuz ki, inqilabçı öz inqilabçilığını eləsin”, – deyə bizi töhmətləndirirdi. Biz çox yaxşı bilirdik ki, Ağazadə “Tudə”də yoxdur. Qəti bir məslək sahibi də deyil. Onun bu hərəkətlərinin xalqa, vətənə bir xeyri yox idi.
“Haradan bildiniz ki, vərəqədə mən nə yazmışam?!”
Onu başa saldıq ki, farsca bilməsək də, ayrılıqda bir çox sözün mənasını başa düşürük. Ağazadə yaman həyəcan keçirird:
– Baba, olmaya məni həbs etmisiniz?
– Xeyr, ağayi Ağazadə, bizim İran vətəndaşları ilə işimiz yoxdur. Onları həbs etməyə səlahiyyətimiz də yoxdur. Siz bizim qonağımızsınız. Buyurun, çay için, meyvə yeyin... Nərd oynayın. Bir qədər də söhbət edək.
– Xub, elə olsun.
O yenə də bizə şübhəli nəzərlərlə baxırdı. Hadisədən iki saat sonra Təbriz ağsaqqallarından bir neçəsi yanımıza gəldi. Əli Birəng də onların arasındaydı. Ağazadəni nərd oynayan gördükdə, sevindilər. Onlara xəbər çatıbmış ki, şurəvilər Ağazadəni həbs ediblər.
Onlar da söhbətə girişdilər. Şəhərdə artıq sakitlikdi. Lakin mehmanxana ətrafında bəzi nigaran adam görünürdü.
Ağazadəni və onun ardınca gələnləri opera teatrımızın tamaşasına apardıq. Bütün salonun gözü bizim oturduğumuz lojada idi. Şəhərə yayılan şayiə bununla yuyulub getdi. Qonaqları maşınlarda evlərinə yola saldıq. Bu hadisə haqqında isə mənimlə olan yoldaşla birlikdə yazılı surətdə izahat yazdıq. Ağazadənin “inqilabı” bu yolla yatırıldı.
Ağazadənin səsini sonra bir dəfə radio vasitəsilə eşitdim. Tehran qoşunları Cənubi Azərbaycandakı azadlıq hərakatını boğmaq üçün Təbrizə gələndə, Ağazadə yenə fəaliyyətə keçmişdi.
Təbriz radiosu vasitəsilə cır səslə bağıraraq şah qoşunlarını təbrik edirdi. Cənubi azəri qardaşlarımız cəlladlar tərəfindən qətlə yetirilərkən Ağazadə radio vasitəsilə “Zindabad şah İran” – deyə bar-bar bağırırdı.
Doğrudan da, bu “dostum”un ürəyi dilindəydi.
Süleyman RÜSTƏM,
Xalq şairi