Populyar “Xalq əmanəti” layihəsinin növbəti 23-cü nəşri o taylı-bu taylı Azərbaycanın görkəmli ədibi, Xalq şari, ədəbiyyatşünas və ictimai-siyasi xadim Hökumə Billurnin poetik yaradıcılığına həsr edilib. Xalq Bankın əsas binasında ölkənin ədəbi-mədəni və elmi ictimaiyyəti təmsilçilərinin iştirakı ilə yeni toplunun təqdimatı keçirildi.
Mərasimin aparıcısı Azərbaycanda Ataürk Nərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov Xalq Bankın XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Hökumə Billurinin yaradıcılığının seçmə nümunələrinin, xalqın mənəvi xəzinəsinəsi olaraq, “Xalq əmanəti” layihəsinə daxil etməsini təbii və ədalətli bir hadisə kimi dəyərləndirdi. Alim bildirdi ki, 1946-cı ildə Təbrizdə qurulmuş demokratik respublikanın ziyalı fəallarından olmuş gənc şairə Hökumə Billuri Milli Hökumətin süqutundan sonra yurdumuzun bu tayında siyasi mühacir həyatı yaşamasına baxmayaraq, yaradıcılığı və ictimai fəaliyyəti ilə ömrünün sonunadək Azərbaycanın azadlığı, xalqımızın mənəvi birliyi idealına xidmət edib.
Qeyd edildi ki, qadın şairlərimizin və alimlərimizin istedadlı nümayəndələrindən biri kimi tanınan Hökumə xanımın zəngin və rəngarəng yaradıcılığı ikiyə bölünmüş Azərbaycanın bəlalı taleyinin poetik tərcümanı olmuş, yurd sevgisi ilə aşılanmış və milli varlığımızı qoruyub yaşatmağa səsləmiş mübariz poeziyası, həqiqətən, söz xəzinəmizdə layiqli yer tutur. Anadilli ədəbiyatımızın güney və quzey qollarını təmsil etdiyindən, milli yaddaşın kövrək və ümidli səhifələrini təşkil etdiyindən Hökumə Billuri poeziyası rəmzi “Xalq əmanəti” bankına daxil edilməyə tamamilə layiqdir.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, yeni toplunun tərtibçisi və ön söz müəllifi Səlim Babullaoğlu, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Mehman Həsənli, yazıçı-publisist Seyfəddin Hüseynli, kitabın rəssamı Tərlan Qorçu Hökumə Billurinin həyat və fəaliyyətindəm milli poeziyamızdakı özünəməxsus mövqeyindən söz açdılar, onun yaradıcılığını əhatə edən samballı toplunun nəfis şəkildə “Xalq əmanəti” saxlancına daxil edilməsini poeziya həvəskarlarına, söz xiridarlarına qiymətli töhfə kimi dəyərləndirdilər. Natiqlər yeni nəşrin tədqiqatçılar üçün dəyərli mənbə olduğunu və “Xalq Əmanəti” layihəsinin milli irsin qorunmasında rolunu razılıqla vurğuladılar.
Mərasimdə bildirildi ki, Hökumə Billuri 1926-cı il martın 3-də Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. “Azəri” qızlar məktəbində orta təhsil alıb və orada müəllimlik edib. İctimai-siyasi fəaliyyətə II Dünya müharibəsi illərində Azərbaycan Demokrat Partiyası Zəncan Vilayət Komitəsində başlayıb, Milli Hökumətin fəal təbliğatçılarından olub. Demokratik Respublikanın süqutundan sonra amansız repressiyadan yaxa qurtarıb Arazın bu tayına pənah gətirib. Bakıda ali filoloji və siyasi təhsil alıb. “İran Azərbaycanının realist-demokratik ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edib. “Azərnəşr”də ədəbi-bədii şöbənin redaktoru, Güney mühacirlərinin “Azərbaycan” qəzetinin baş redaktoru, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi olub.
Poetik yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir və məqalələri 1945-ci ildə “Azər” və “Vətən yolunda” qəzetlərində, “Azərbaycan” jurnalında, dərc olunub. “Mənim arzum”, “Ölməz qəhrəman”, “Həyat yollarında”, “Mübarizə illərində”, “Şeirlər”, “Şairin yadigarı”, “Səhər günəşi”, “Səndən uzaqlarda, “İstərəm”, “Necə unudum” , “Çinar gözləyir məni” “Apar məni o yerlərə”, Bir də bahar gəlsə”, “Seçilmiş əsərlər” “Dünya belə dünyadır”, “Nə qəribə dünya imiş” kimi çoxsaylı şeir kitablarının, “1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya” və “Məhəmmədhüseyn Şəhriyar” monoqrafiyalarının müəllifidir. Şeirləri xaricdə də nəşr edilib.
Hökumə Billuri mahir tərcüməçi kimi Məhəmmdəhüseyn Şəhriyarın farsca şeirlərini Azərbaycan dilinə, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirvarid Dilbazi və Nəbi Xəzrinin şeirlərini isə fars dilinə çevirib. 1984-cü ildə Hökumə Billuri Əməkdar incəsənət xadimi, 1998-ci ildə isə Xalq şairi fəxri adına layiq görülüb.
Kitabda Hökumə Billurinin poetik yaradıcılığı və ömür yoluna işıq salınır, oxuculara şairin əksər əsərləri təqdim edilir. Yeni nəşrdə ustad Şəhriyarın Billuriyə “Hökumə can” adlı şeirini əks etdirən nadir əlyazması da yer alıb.
Sonda şairənin qızı Elnaz Qəmbərli anasının vətən həsrətindən, bədii-elmi yaradıcılıqla yanaşı, ağır ailə qayğılarına cəfakeşliklə çiyin verməsindən danışdı, nadir nəşri ərsəyə gətirənlərə və iştirakçılara Hökumə xanımın övladları adından dərin minnətdarlığını bildirdi.
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”