XX əsrin əvvəlində başlayan istiqlal savaşının hərəkatının məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti mübariz milli mətbuatın təşəkkülünü də təmin etmişdir. O zaman davamlı şəkildə aparılan ideoloji-siyasi mübarizələrdə mətbuat orqanları ön plana çıxmışlar. 28 May – Müstəqillik Günü ilə əlaqədar redaksiyamızın qonağı olan tarix üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Akif Aşırlı ilə istiqlal dövrünün mətbuatı mövzusunda söhbət apardıq.
– Akif müəllim, bilirik ki, siz 1870–1920 və 1920–1990-cı illəri əhatə edən iki “Mətbuat tarixi” kitabının müəllifisiniz. Eyni zamanda, cümhuriyyət dövrü mətbuatının müxtəlif aspektləri, o dövrün qaranlıq səhifələri ilə bağlı bir sıra araşdırma məqalələriniz var. Bugünün “pəncərə”sindən 105 illik məsafədə milli mətbuatımızın mənzərəsi necə görünür?
– Bəri başdan deyim ki, AXC dövrü mətbuatı milli mətbuat tariximizdə xüsusi bir mərhələ təşkil edir. İstiqlal mətbuatı cümhuriyyətin ömrü qədər qısa ömrü olmuş tarixi salnaməmizdir. Bu mərhələni digərlərindən fərqləndirən başlıca amil odur ki, burada artıq senzuralı mətbuatdan yox, açıq, demokratik mətbuatdan danışılır. Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yarandığı 1875-ci ildən 1918-ci ilin mayına qədərki dövrdə ana dilində cəmi 40 adda qəzet çıxmışdısa, 23 aylıq Cümhuriyyət zamanı qəzetlərin sayı 200-dən çox olub. 1918-ci ilin sentyabr ayının 15-də Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik işğalından azad edəndən sonra Azərbaycan mətbuatı özünün yeni dövrünə qədəm qoyub. Bu, “Azərbaycan” qəzetindən başlayıb. Elə Bakının azad edilməsi xəbərini ertəsi gün Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap olunan "Azərbaycan" qəzeti xəbər verib. Dörd səhifədən ibarət olan bu qəzetin iki səhifəsi Azərbaycan türkcəsində, iki səhifəsi isə rus dilində buraxılıb. Gəncədə ilk dörd sayı çıxmış “Azərbaycan” sonra Bakıya köçürülüb və 1920-ci ilin 27 aprel tarixinədək nəşr olunub.
Qəzet Bakıya köçdükdən sonra oktyabrın 3-də 5-ci sayı 4 səhifədən ibarət olmaqla nəşr edilib və bu sayında fəaliyyət istiqamətlərinin "gündəlik ictimai, ədəbi, iqtisadi türk qəzetəsi" olması proqramlaşdırılıb. Cümhuriyyətin ilk rəsmi mətbu orqanı sayılan "Azərbaycan" dövlət tərəfindən maliyyələşir və dövlət mətbəəsində gündəlik nəşr olunurdu. Gəncədə çıxan ilk dörd sayından sonra Bakıda 1918-ci ildə 75, 1919-cu ildə 358, 1920-ci ildə isə 85 sayı işıq üzü görüb.
– O dövrün daha hansı mətbu nəşrlərin adını çəkmək olar?
– Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, "İttihad" partiyasının sədri Qarabəy Qarabəyov nəşrləri hesab olunan "İttihad" və "Yeni həyat" qəzetlərinin də bəlli ideoloji-siyasi istiqamətləri vardı. Cümhuriyyət dövründə tək Bakıda deyil, Gəncədə, Şuşada, Tiflisdə, İrəvanda və digər bölgələrdə də müxtəlif ideya-siyasi istiqamətli mətbu orqanlar çap olunub. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın siyasi müşaviri kimi Türkiyədən Azərbaycana gələn Əhməd bəy Ağaoğlu Gəncədə "Türk yurdu" qəzetini nəşr etdirib. Çox təəssüf ki, Azərbaycan uğrunda gedən hərbi savaş və mətbəə imkansızlığı ucbatından bu qəzetin cəmi iki sayı işıq üzü görüb. Tiflisdən Gəncəyə köçən milli hökumət Azərbaycanın bütövlüyü savaşında mətbu imkanların zəifliyini hiss edib və bir sıra tədbirlər görməyə başlayıb.
O vaxt əsas məfkurə Vətəni sevmək, millilik, türkçülük, turançılıq, öz milli ordusuna sahib olmaq iddiası idi. O dövrkü mətbuat milli dövlətçilik quruluşuna hesablanmışdı. Eyni zamanda, AXC dövründə bolşevik mətbuatı da, müstəqil Azərbaycanın tərəfdarı olan, iqtisadiyyatımızı özündə əks etdirən milli nəşrlər də var idi. 1919-cu ildə “Övraqi-nəfsi” adında ilk mədəniyyət jurnalımız nəşr olundu. Təəssüf ki, o dərginin cəmi 6 sayı işıq üzü gördü. Aparıcı mövzusu Azərbaycanın milli-mədəni tarixi, islahatlar, teatr tarixi və görkəmli aktyorların həyatı ilə bağlı idi. “İstiqlal” qəzetində müstəqilliyin möhkəmlənməsi uğunda mücadilə öz əksini tapmışdı. Onun başlığında verilən Tofiq Fikrətin məşhur misraları bu qəzet üçün epiqraf seçilmişdi:
Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq! Yaşa, ey sevgili millət, yaşa var ol!
Get-gedə pərvəriş tapan AXC mətbuatı çoxdilli idi. Rus, gürcü, fransız, polyak, alman dillərində qəzetlər çap olunurdu. 1919-cu il oktyabr ayının 29-da Mətbuat Nizamnaməsi qəbul edilib. Biz hazırkı “Media haqqında” qanunun ana müddəalarını, fəlsəfəsini nəzərdən keçirsək, görərik ki, kökləri gedib AXC-nin həmin Nizamnaməsinə qədər çıxır. Məsələn, “Media haqqında” qanunda yazılır ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı qəzet təsis edə, naşir ola bilər. Həmin bənd AXC Nizamnaməsində də var idi.
"İstiqlal" qəzetinin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü görüb. M.Ə.Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məhəmmədzadə, Ə.Həmdizadə, Ümmugülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Məhəmmədəli Rəsulzadə kimi dövrün qüdrətli qələm əhli "İstiqlal"ın əsas yaradıcı sütunlarını təşkil edirdi.
– Milli mətbuatda calanma həm də o dövr ictimai-siyasi xadimlərinin əksəriyyətinin jurnalist olması sayəsində yaranmışdı. Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Ceyhun və Üzeyir Hacıbəyli qardaşları, Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayev və başqaları əsl mətbuat fədailəri idi. 1937-ci ildə repressiya qurbanı olmuş publisist Xəlil İbrahim də həmin sıradandır. Ancaq onun haqqında bilgilərimiz yetərli deyil.
– Doğrudur. Aparıcı sütunları adları çəkilən və çəkilməyən şəxsiyyətlər olan demokratik yönümlü mətbuat orqanları xalqı narahat edən problemlərə həssas yanaşır, həllini gözləyən məsələlərə toxunur, azadlıq, istiqlalçılıq, türkçülük ideyalarını təbliğ edir və bir növ siyasi maarifçilik işi aparırdı. "Açıq söz" qəzeti 1918-ci ilin 4 yanvar tarixli sayında ilk dəfə olaraq cümhuriyyətçilik fikrini ortaya qoyaraq, qurulacaq dövlətin ideoloji təməl prinsiplərini açıqladı: "Türkləşmək, islamlaşmaq, müasirləşmək" şüarını müdafiə edirik..."
Çeşidli mətbu orqanlar arasında daha geniş oxucu auditoriyasına Azərbaycan Cümhuriyyətinin fəaliyyəti ilə bağlı nəşrlər malik idi. Çünki bu tip mətbu orqanlar zəngin tarixi ənənələrə, özündən əvvəlki milli mətbuat nümunələrinə əsaslanırdılar.
Sizin xatırlatdığınız Xəlil İbrahim “Azərbaycan” qəzetinin rus dilində nəşrinin redaktoru, tənqidçi, teatrşünas və tərcüməçi idi. Çiynində daha çox yükü daşıyan, cəfakeş maarifçi olub. Bu günlərdə mənim tərtibatımda onun məqalələrindən ibarət olan yeni bir kitab ictimaiyyətə təqdim edildi. Kitabın adı “İstiqlal yazıları”dır. Ona görə ki, burada tamamilə istiqlala, müstəqilliyimizə yönəlmiş yazılar var. Bunlar Xəlil İbrahimin “Azərbaycan”, “Açıq söz”, “İqbal”, “Kommunist” qəzetlərində çap olunmuş məqalələridir. Onun “Kommunist” qəzetində Şuşaya, bu əzəli yurdumuzun milliləşməsi yönümündə aparılacaq islahatlara dair yazıları da var.
Həmin dövr Azərbaycanda çox mürəkkəb siyasi təbəddülatlarla xarakterizə olunur. Bir tərəfdən Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin "Qızıl Qvardiyası" yaranmış şəraitdən istifadə edərək Bakı, Quba, Şamaxı, Salyan, Kürdəmir kimi şəhər və qəsəbələri dağıdıb viran qoyaraq Gəncəyə doğru hərəkət edir, digər tərəfdən isə Zəngəzuru işğal edib Qarabağa hücum edən Andranik də Gəncəyə hücuma hazırlaşırdı.
Qarabağın azad olunması, Azərbaycan və Türkiyənin milli hərbi qüvvələrinin, çoxsaylı könüllülərinin qatıldığı Qafqaz İslam Ordusunun Gəncədən başlayan ilk hərəkatı barədə də Xəlil İbrahim yazıb. Qarabağda ermənilərin silahlanması, Azərbaycan əhalisinə qarşı törədilən soyqırımıları ilə bağlı onun yazıları diqqət çəkir. Şuşa təmizlənəndə Xəlil İbrahim özü də orada idi və tarixi hadisəyə biganə qala bilməzdi.
Oktyabr ayının 6-da həmin əməliyyata başlanıldı və ayın sonunda uğurla yekunlaşdı. Həmin vaxt Xəlil İbrahimin “Azərbaycan” qəzetində 4 yazısı çap olunub ki, hamısını həmin kitaba daxil etmişəm. O yazılarda xeyli maraqlı faktlar var… Şuşanın giriş qapısında tağlar yaradılır. Qafqaz İslam Ordusu həmin şərəf tağlarının içərisindən keçir. Ermənilər də silahlarını təhvil verib bu keçidi izləyirlər. Sanki Vətən müharibəsində 44 günlük Zəfər Yürüşümüzün başqa bir variantı 1918-ci ildə yaşanıb. Qafqaz İslam Ordusu hərəkatı, Türkiyə və Azərbaycanın milli qüvvələrinin birliyi qürur yaradır.
– Akif müəllim, istiqlal dövrü mətbuatından da göründüyü kimi, Azərbaycan və Türkiyə tarixin bir çox dönəmlərində birlikdə olublar. Bildiyimiz qədərincə, Çanaqqala və Sarıqamış döyüşlərində bizim soydaşlarımız da yaxından iştirak edib və şəhid olublar.
– Elədir ki, var. Mən bu barədə “Sarıqamış əsirlərinin dramı” kitabında yazmışam. Balkan əməliyyatı başlayanda azərbaycanlılar ora gedib Qafqaz könüllüləri birlikləri yaratmışdılar. Çanaqqaladakı məzarlıqlara baxdıqda görürük ki, ora Təbriz, Gəncə, Tiflis və Azərbaycanın müxtəlif bölgələrinin adları qeyd olunub. Fakt budur. Bu, əsl qardaşlıq yardımlaşması idi…
“Nargin adasında türk əsgərləri” kitabımda yazmışam ki, Birinci Dünya savaşında Qafqaz cəbhəsində əsir götürülən türkləri Nargin adasına gətirirdilər. Oradakı əsir barakları indi də qalır. Türkiyədən TRT, NTV kimi kanallar gəlib film çəkiblər. Mən də o filmlərdə iştirak edib faktlar açıqlamışam. Qafqaz cəbhəsində əsir götürülən əsgər və zabitlər Türk Ordusu üçün əhəmiyyətli olduğuna görə İstanbulda və yaxud Bakıda olan müəyyən milli-mədəni mərkəzi qurumlar onları arayıb-axtarırdılar. Deyirdilər ki, bəs, bizim ordumuzdan filan yüzbaşımız, minbaşımız Nargin adasındadır. Bakıya gəlib siyahı əsasında onları tapır, qayıqlara mindirib gətirirdilər İsmailiyə mehmanxanasına. Orada onların libaslarını dəyişirdirərək, saxta pasport düzəldir və Astaradan, İran üzərindən keçirirdilər Türkiyəyə. Bizimkilər də onlara hər cür yardımçı olurdular. Yəni bu, qardaş köməyi idi. Türkiyə–Azərbaycan münasibətlərində bu köklər də var. Qürur duyulası tarixidr.
– Həmin dövrün mətbuatında 31 mart soyqırımı necə əksini tapıb?
– Mənim 15 il bundan əvvəl çap etdirdiyim kiçikhəcmli bir kitabımda 31 Mart soyqırımı ilə bağlı hadisələrdən danışılır. Xəlil İbrahimin də bir neçə məqaləsi orada yer alır. O, həyəcanlı şəkildə soyqırımını anladıb və “Birlik tələb olunur, birləşəyin”, – deyə haray çəkib. Eyni zamanda, əhalini şayiələrə uymamağa, təmkinli olmağa səsləyib. Martın 18-i gecə 46 nəfər müsəlman əsgəri ilə Qırmızı Qvardiya arasında baş vermiş hadisədən dolayı şəhərdə böyük həyəcan yarananda “Vətəndaşlar, rahat və sakit olunuz”, – deyə əhaliyə müraciət edib. Azərbaycanın istiqlalı uğrunda təmkinli şəkildə mübarizə aparmağa səsləyib.
31 Mart soyqırımı həm də Azərbaycan mətbuatının soyqırımı idi. Anadilli mətbuat orqanlarımızın ən sonuncu nömrəsi 1918-ci ilin 30 martında çıxıb. Ondan sonra düz 5 ay yarım – sentyabr 15-nə, Bakı işğaldan azad olunana qədər Azərbaycan dilində milli məfkurəyə xidmət edən qəzet nəşr olunmayıb. Yeganə “Hümmət” qəzeti olub. O qəzetdə Nəriman Nərimanovun Şaumyana çox sərt cavabları, Daşnaksütyun partiyasına ittihamları var. Anadilli nəşrlər tədricən bərpa edilib.
– Araşdırmaları davam etdirirsinizmi?
– Bildiyiniz kimi, mən həm də “Şərq” qəzetinin təsisçisi və baş redaktoruyam. Gündəlik qəzet nəşr etmək vaxt tələb edir. Rəqəmsal jurnalistikaya keçid prosesi sürətlə gedir. O baxımdan çalışırıq ki, işin ahəngini pozmayaq. Eyni zamanda, saytımız aktiv şəkildə fəaliyyətini davam etdirir. YouTube kanalımız da var. Yalnız həftəsonu çalışıram ki, mətbuatımızın tarixi örnəklərinə nəzər yetirim. Cümhuriyyət dövründə informasiya siyasəti və informasiya təhlükəsizliyi ilə bağlı araşdırmalara başlamışam. Maraqlıdır ki, cümhuriyyət dövründə informasiya siyasəti necə olub. Deməli, Azərbaycan milli hakimiyyətinin tərkibində Mətbuat bürosu var idi. Fəaliyyəti işıqlandırılmayıb. Büroya müxtəlif materiallar gəlirdi, onların nə dərəcədə həqiqətə uyğun olması, hansı siyası qüvvənin maraqlarına xidmət etməsi barədə qeydlər edilirdi. Bax, həmin qeydlər əsasında cümhuriyyət dövründə informasiya təhlükəsizliyi mövzusunun üzərində işləyirəm. Araşdırmaları sistemləşdirib çapa verəcəyəm.
– Maraqlı müsahibə üçün sağ olun.
Qələmə aldı:
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”