Azərbaycanda Ermənistanla sülh müqaviləsinə ictimai münasibət necədir?

post-img

Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə ictimai münasibəti öyrənmək məqsədilə sorğu keçirib. 

Sorğuda iştirak edənlərin 77,3 faizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəklədiyini bildi­rib, 20,6 faiz respondent bu barədə əks mövqedə qərarlaşıb, 2,1 faiz isə fikir bil­dirməkdə çətinlik çəkib.

Nəticələrə əsasən, respondentlə­rin mütləq əksəriyyəti və ya 85,2 faizi Azərbaycan və Ermənistan arasında sülh razılaşması ilə bağlı prosesləri və xəbərləri izlədiyini qeyd edib. Respon­dentlərin cəmi 14,8 faizi prosesləri iz­ləmədiyini bildirib.

Nəticələrin gender aspektdən təhlili sözügedən mövzuda kişi və qadınların bərabər səviyyədə müsbət mövqedən çıxış etdiyini göstərib.

Nəticələri respondentlərin təhsil sə­viyyələri üzrə təhlil etdikdə ali təhsillilə­rin 82,7 faizi, orta təhsillilərin 72,2 faizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini dəstəkləyib. 18-24 yaş qrupunu təmsil edənlərin 76,9 fai­zi, 65-dən yuxarı yaş qrupuna mənsub olanların 87,3 faizi isə analoji mövqe­dən çıxış edib.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında keçirilən sorğunun nəticələrinə əsasən, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə respon­dentlərin 71,2 faizi ( “tam dəstəkləyirəm” - 50.2 faiz, “əsasən dəstəkləyirəm” – 21 faiz) bu və ya digər dərəcədə dəstəyi­ni ifadə edib. Respondentlərin cəmi 2,6 faizi əsasən dəstəkləmədiyini, 23,6 faizi heç dəstəkləmədiyini bildirib. İştirakçıla­rın 2,6 faizi bu suala rəyini ifadə etmək­də çətinlik çəkib.

Həmin ilin dekabr ayında keçirilən sorğuda iştirak edənlərin 73,1 faizi sülh müqaviləsini dəstəklədiyini, 25,6 faizi dəstəkləmədiyini bildirib. 1,3 faizi bu su­ala fikir bildirməkdə çətinlik çəkib.

Göründüyü kimi, ötən ilin müxtəlif dövrlərində keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin im­zalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub. Azərbaycan cəmiyyətinin sülh və barış mövqeyinə baxmayaraq, Ermənistan postmüharibə mərhələsində də ölkə­mizə qarşı hərbi təxribatlarını davam etdirərək sülh prosesindən yayınmağa çalışır.

Qeyd edək ki, sorğular 2023-cü il mayın 14-17-də könüllü iştirak əsasın­da 18 yaşından yuxarı 384 respondent arasında keçirilib, anonimlik tam qoru­nub. Sorğularda telefonla müsahibə for­masından istifadə edilib və 12 iqtisadi rayon əhatə olunub. Bu məqsədlə mü­vafiq məlumat bazasından sözügedən iqtisadi və inzibati rayonlara (şəhərlərə) aid stasionar telefon nömrələri təsadüfi qaydada seçilərək zənglər olunub. Sor­ğunun seçmə çərçivəsi ölkə üzrə əha­li sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qoru­nub. Nəticələrin əminlik intervalı 95 faiz, xəta payı 5 faizə bərabərdir.

Sosial həyat