Nəriman Nərimanovun siyasi portretinə günümüzdən baxış

post-img

Postsovet ölkələrində kütləvi şüurun dəyişməsi nəticəsində tarix elmi sovet stereotiplərindən, ideoloji ehkamlarından azad olundu, onun məzmunu milli dövlətçilik ideologiyası ilə zənginləşdi. Vətən tarixini yenidən nəzərdən keçirmək, ondan ibrət dərsləri çıxarmaq arzusu ölkəmizdə də milli tarixşünaslığın üstün istiqamətlərindən biri oldu. Bu baxımdan Azərbaycanın XX əsr tarixi xüsusi mərhələ təşkil edir.

XX əsrin 20-ci illərində Azərbay­canda bir-birini əvəz edən iki respub­lika – Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Res­publikası yaranmışdır. Vaxtilə Rusiya imperiyasına qarşı mübarizənin inqila­bi-demokratik qanadını təmsil edən bu respublikaların siyasi liderləri Azərbay­can müstəqillik əldə etdikdən sonra əks siyasi düşərgələrə keçdilər. Ölkənin in­kişaf yolları ilə bağlı onlar arasında olan fikir ayrılığı vətənpərvərlik hissindən, öz xalqını çiçəklənmə və firavanlıq yolu ilə aparmaq arzusundan qaynaqlanırdı. 

Belə simalar arasında Nəriman Nə­rimanov xüsusi yer tutur. Stalin diktatu­rası və şəxsiyyətinə pərəstiş dövründə partiya və dövlət quruculuğu məsələlə­rində rəsmi siyasətə fərqli mövqedən çıxış edənlərə sovet tarixşünaslığı da rejimin diqtəsi ilə “əks-inqilabçı”, “mil­lətçi”, “xalq düşməni” və s. damğalar vururdu. Elə olurdu ki, Kommunist partiyasında və sosialist hərəkatında görkəmli rol oynamış bəzi tanınmış sovet dövlət xadimlərinin də fəaliyyəti şübhə altına alınırdı. 

Azərbaycanın belə görkəmli ictimai və dövlət xadimlərindən biri də Sovet Azərbaycanı hökumətinin ilk rəhbəri, ölümündən bir müddət sonra “millətçi” sayılaraq unudulmuş, sonradan 1950-ci illərin ikinci yarısında – “Xruşşov mü­layimləşməsi” dövründə bəraət almış, demək olar ki, Stalin repressiyalarının qurbanı kimi tariximizə qaytarılmış Nəriman Nərimanov idi. 1972-ci ildə ümummilli lider Heydər Əliyevin təşəb­büsü ilə anadan olmasının 100 illiyi münasibətilə Bakıda Nəriman Nərima­novun abidəsi ucaldılmış, yubileyi qeyd edilmişdir. Bu abidənin ucaldılması N. Nərimanovun görkəmli siyasi və ictimai xadim kimi tam bəraət almasını təcəs­süm etdirdi. 

Bu münasibət tədqiqatçılara N. Nə­rimanovun sovet ideologiyası ilə müəy­yən edilmiş elmi çərçivələrdə çoxşaxəli fəaliyyətini daha dərindən öyrənməyə şərait yaratdı. Bütün bunlarla yana­şı, görkəmli dövlət xadiminin bir çox əsərləri hələ də qadağan edilmişdi və tədqiqatlara cəlb olunmurdu. Lakin 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra N. Nərimanov bu dəfə “yeni vətənpərvərlər” tərəfindən hücuma məruz qaldı. Onlar Azərbay­canın sovet keçmişinin siyasi xadimlə­rini ciddi tənqid edirdilər, bu insanların xidmətlərini nəzərə almadan hamını bir sıraya qoyurdular.

Ümummilli lider Heydər Əliyev res­publikanın elmi ziyalıları ilə görüşdə Azərbaycanın sovet tarixinə ümumi qiymət vermiş, bu dövrdə xalqımızın əsas nailiyyətlərini və itkilərini vurğula­mışdır. Heydər Əliyevin çıxışında Sovet Azərbaycanının görkəmli dövlət xadimi Nəriman Nərimanovun fəaliyyətinin qiy­mətləndirilməsi xüsusi yer tutmuşdu. 

Ulu öndər çıxışında bildirmişdir: “Son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən ol­maları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adam­ların Nəriman Nərimanov səviyyəsinə qalxmaları üçün, bəlkə də, on illərlə si­yasi fəaliyyət göstərmələri lazımdır. Nə­riman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir”.

Qeyd etmək lazımdır ki, Nərimano­vun siyasi yolunun başlanğıcı 1905-1907-ci illərdəki inqilabi hərəkat döv­rünə təsadüf edir. Bu dövrdə onun fəaliyyət dairəsi kifayət qədər geniş idi: həkim, publisist, yazıçı, “Hümmət” təşkilatının Tiflis komitəsinin qurucula­rından biri. 1917-ci ilin fevralında Rusi­yada monarxiyanın devrilməsi zamanı Nərimanov artıq türk xalqları arasında tanınmış siyasi xadimlərdən biri idi. 1917–1918-ci illər Nərimanovun dövlət xadimi kimi formalaşmasında mühüm mərhələ təşkil etmişdir. Qafqaz xalqla­rının tarixinin hadisələrlə zəngin olan bu dövrü onun ideoloji baxışlarının for­malaşmasına böyük təsir göstərmişdir. 

O, sosialist hərəkatının bolşevik yo­lunu seçmişdir. Lakin 1918-ci ilin mar­tında Bakıda və Bakı quberniyasında baş verən qanlı hadisələr, S. Şaum­yanın başçılıq etdiyi bolşeviklərin dinc müsəlman əhalinin soyqırımı bahasına burada sovet hakimiyyətini qurması Nərimanovu ilk dəfə olaraq bolşevizmə olan inamını sarsıtmışdır. Nərimano­vun bu tarixi hadisələrdə rolu, yumşaq desək, onu “xəyanətkar” kimi təqdim etməyə çalışan müəlliflər tərəfindən birmənalı qiymətləndirilmir. 

N.Nərimanovun 1918-ci ilin mart hadisələri ilə bağlı mövqeyini sənəd­lərlə təsdiq etmək üçün onun 3 aprel 1918-ci il tarixində “Hümmət” qəzetin­də dərc olunmuş S. Şaumyana və P. Caparidzeyə yazdığı məktubunu misal kimi gətirmək olar. Həmin məktubda Nərimanov S.Şaumyanın rəhbərlik et­diyi Bakı Sovetinin müsəlman əhaliyə qarşı sərt hərəkətləri ilə bağlı narahat­lığını bildirir və mart hadisələrinin sovet hakimiyyəti üçün mümkün ağır nəti­cələrini dəqiq proqnozlaşdırır: “Əgər yaxın gələcəkdə bu qara pərdəni yarıb, ləkəni silməsəniz, bolşevik düşüncəsini və Sovet hakimiyyətini burada qoruyub saxlaya bilməyəcəksiniz”. Nərimano­vun bu sözləri, həqiqətən, uzaqgörənlik timsalı idi. 

Nəriman Nərimanovun milli-döv­lətçilik baxışlarının həyata keçirilməsi baxımından ikinci mühüm mərhələni 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövrü təşkil edir. Nəri­manov bu dövrdə Rusiyada olmasına və AXC-nin siyasi həyatında bilava­sitə iştirak etməməsinə baxmayaraq, o, Azərbaycanda hadisələrin inkişafını diqqətlə izləyərdi. O, Azərbaycanda milli hakimiyyətin qanlı şəkildə dəyişdi­rilməsinin, 1918-ci il hadisələrinin tək­rarlanmasının tərəfdarı deyildi. N. Nə­rimanovun əsas məqsədi Azərbaycanı bolşevik inqilabının qanlı və dəhşətli fə­sadlarından qorumaq, 1918-ci ildə baş vermiş qanlı hadisələrin Azərbaycan­da təkrarlanmasının qarşısını almaq, sovet sistemini sülh yolu ilə qurmaq, Azərbaycan neftinə sahib çıxmaq, Tür­kiyənin milli azadlıq hərəkatına yardım göstərmək idi. 

Sual yaranır: əgər Nərimanov ha­kimiyyətə gəlməsəydi, Rusiya qoşun­ları Azərbaycanı işğal etməyəcəkdi? Bolşeviklər Azərbaycanın sovetləş­məsi ideyasından, yaxud Azərbaycan neftinə sahib olmaq istəyindən imtina edəcəkdi? Belə bir anda kimsə tarixi məsuliyyəti öz üzərinə götürməli, xalqı­nı və Vətənini daha da ağır bəlalardan qorumalı idi. Bütün bunları bilən N. Nərimanov bu mürəkkəb və ziddiyyətli missiyanı öz üzərinə götürdü.

1920-ci il aprelin sonunda AXC Parlamenti hakimiyyəti Azərbaycan bol­şeviklərinə təhvil verəndə Nərimanov Azərbaycanda yox idi. O, Bakıya yalnız 16 may 1920-ci ildə gələrək Azərbay­can SSR Müvəqqəti İnqilab Komitəsinə və Xalq Komissarları Sovetinə rəhbər­lik etmişdir. Beləliklə, Nərimanovun siyasi fəaliyyətində üçüncü və ən ağır dövr başladı. Nərimanovun AXC-nin görkəmli dövlət xadimlərinə münasi­bətini Fövqəladə komissiyanın zin­danlarından iki azərbaycanlı generalın, AXC hökumətin hərbi naziri Səməd bəy Mehmandarovun və onun müavini Əlia­ğa Şıxlinskinin azad edilməsi, bolşevik­lərə müxalif olan “Müsavat” partiyasının lideri M. Ə. Rəsulzadənin Moskvaya təhlükəsiz səfərinin təmin edilməsi nü­munəsində görmək olar. 

N. Nərimanovun respublikanın ali dövlət hakimiyyəti orqanlarına rəhbər­lik etməsinə baxmayaraq, Sovet Azər­baycanında real hakimiyyət Azərbay­can Kommunist partiyasının Mərkəzi Komitəsinin və onun Bakı Komitəsinin əlində idi. Onların tərkibi isə əsasən Moskvanın maraqlarını ifadə edən gənc azərbaycanlı və qeyri-millətlərdən olan kommunistlərdən ibarət idi. Bu zid­diyyətli vəziyyət əvvəldən respublikanın partiya rəhbərliyində iki qrupun – gənc azərbaycanlı və qeyri-millətlərdən olan kommunistlərdən ibarət və əsasən də partiya təşkilatının Bakı Komitəsində cəmlənmiş “sol” və Nərimanovun rəh­bərlik etdiyi milli-sapınçılar qrupunun formalaşmasına gətirib çıxartmışdır. 

Nərimanovun 1922-ci ildə Azər­baycandan uzaqlaşdırılmasına qədər, onun rəhbərlik etdiyi milli-sapınçılarla bu qrup arasında mübarizədə üstünlü­yün kimin tərəfində olacağından asılı olaraq respublikanın ictimai-siyasi və sosial-iqtisadi həyatının ən mühüm məsələlərinin həlli asılı idi. V. Lenin və İ.Stalinə yazdığı məktublarda o, res­publikanın siyasi həyatında sabitliyin pozulmasında əsas rol oynayan, 1918-ci il qanlı hadisələrdə öz daşnak sima­sını göstərmiş erməni kommunistlərinin yüksək vəzifələrə təyin edilməsinin əleyhinə idi.

Azərbaycanda “solçu” və milli-sa­pınçıların nümayəndələri arasında baş verən ixtilaflarda mərkəzi fiqur olan Nərimanov tədricən Mərkəzi bolşevik rəhbərliyinin səbr kasasını daşdırdı. 1922-ci ilin yanvarında N. Nərima­nov Tiflisdə daimi iştirakını tələb edən Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının İttifaq Şurasının Rə­yasət Heyətinin üç sədrindən biri təyin edildi. Belə kombinasiyalarla Moskva N. Nərimanovu Azərbaycandan təcrid edərək onu Vətənlə bağlayan bütün bağlarını qırmağa çalışdı.

N. Nərimanovun, guya, Ermənis­tanla münaqişədə Azərbaycanın ərazi bütövlüyünü qoruyub saxlaya bilməmə­si ilə bağlı ittiham olunması bu gün də aktuallığını itirməyib. Bu hücumlar Azərbaycanın müstəqilliyinin ilk illərin­də, Ermənistan növbəti dəfə 1988-ci ildə Dağlıq Qarabağa iddialar irəli sür­düyü zaman xüsusilə aqressiv xarakter almışdır. Lakin Nərimanovun həmin opponentləri etiraf etmək istəmirdilər ki, məhz sovet hakimiyyəti dövründə əv­vəlki illərin qanlı Ermənistan–Azərbay­can ərazi münaqişəsinə son qoyuldu, respublikalar arasında bu gün bütün beynəlxalq təşkilatlar tərəfindən dövlət sərhədləri kimi tanınan sərhədlər qurul­du.

Kremlin və onun Azərbaycandakı emissarlarının güclü təzyiqinə, bölgə­dəki mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, qətiyyətliyini nümayiş etdirərək N. Nərimanov real imkanları çərçivəsində Azərbaycan SSR-in tər­kibində Naxçıvanı, Dağlıq Qarabağı, Şərqi Zəngəzuru və Zaqatalanı qo­ruyub saxlaya bilmişdir. Beləliklə, Nə­rimanov ərazi məsələlərinin həllində təcrübəli siyasətçi kimi, real siyasi kon­yektura ilə hesablaşaraq, Azərbaycan üçün bundan maksimum yararlanmağı bacarmışdır.

Nərimanovun Türkiyənin Ankara hökuməti ilə dostluq və qardaşlıq mü­nasibətləri qurmaq səyləri də Azər­baycanın ərazi bütövlüyü məsələsinin ədalətli həllində böyük rol oynamışdır. Nərimanov haqlı olaraq SSRİ ilə Tür­kiyə arasında dostluq münasibətlərinin qurulmasının əsas memarlarından biri hesab edilə bilər.

N. Nərimanovun Azərbaycan Sovet hökumətinin başçısı kimi fəaliyyətinin mühüm istiqamətlərindən birini res­publikada təhsilin, elmin inkişafına və ziyalılara göstərdiyi qayğı təşkil edirdi. Azərbaycanın sovetləşməsi dövründə respublikada yalnız bir ali təhsil müəs­sisəsi –eyni zamanda elmi mərkəz kimi fəaliyyət göstərən Bakı Universiteti mövcud idi. Nərimanovun yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda ali məktəblərin sayı artdı. 

N. Nərimanovun dövlət quruculuğu siyasətində milli ziyalılara olan qayğı­sı xüsusi yer tuturdu. N. Nərimanovun rəhbərlik etdiyi Azərbaycan SSR hö­kumətinin qərarı ilə Azərbaycan dilinə dövlət dili statusu verilmişdir. N. Nə­rimanov müsəlmanların dini hisslə­rinə həssaslıqla yanaşaraq XI Qırmızı Ordunun hərbi hissələrinin yerləşdiyi məktəb, məscid binalarından çıxarıl­masına bir çox hallarda nail olmuş və müsəlman bayramlarını istirahət günlə­ri elan etmişdir. Beləliklə, N. Nərimano­vun milli-dövlətçilik baxışlarının prio­ritet istiqamətini Azərbaycan xalqının milli-mədəni inkişafı, Azərbaycan dilinə dövlət dili statusu vermək istəyi, xalqın dininə və ənənələrinə hörmət, onun el­minin və təhsilinin inkişafına qayğı təş­kil edirdi.

N. Nərimanov 1925-ci ilin yanva­rında oğlu Nəcəfə vəsiyyət məzmunlu məktub yazmışdır. Orada sovet ha­kimiyyətinin qüsurlarını tənqid edən Nərimanov Azərbaycanda bolşevizmin tezliklə dağılacağını bildirmişdi. Bu dövrdə hakimiyyətin ayrı-ayrı şəxslər tərəfindən qəsb edilməsi və bolşevik liderlərinin şəxsiyyətinə pərəstiş ilə bağlı Nərimanovun narahatlıqları artıq aydın şəkildə özünü büruzə verirdi və SSRİ-nin ictimai-siyasi həyatında nor­maya çevrilmişdi. Nəticədə, Nərima­novun adı 1950-ci illərin ikinci yarısına qədər tamamilə unudulmağa məhkum edilmişdi.

Azərbaycan müstəqilliyini bərpa et­dikdən onun sövet dövrünü obyektiv qiymətləndirməyə çalışan tarixçilər Nə­riman Nərimanovun zəngin ictimai-si­yasi irsinə dönə-dönə müraciət edərək onu dərindən araşdırmağa və dərk et­məyə çalışırlar.

 

İlqar NİFTƏLİYEV,
AMEA Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent

Sosial həyat