Oğuzda məşğulluqla bağlı ictimai dinləmə

post-img

Dünya Bankının maliyyə dəstəyi ilə icra edilən “Məşğulluğa dəstək layihəsi”nə dair növbəti ictimai dinləmə Oğuz rayonunda təşkil olunub. Bu barədə aldığımız məlumatda bildiriblər ki, layihəni tanıtmaq, hədəf kateqoriyalarını layihəyə cəlb etmək məqsədilə təşkil olunmuş ictimai dinləmədə işaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslər iştirak ediblər. 

Görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, eləcə də müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Sonda isə layihə və təqdim edilən biz­nes zərflər barədə məlumatların əks olun­duğu çap materialları paylanıb.

Qeyd edək ki, 2025-ci ilə qədər davam edəcək “Məşğulluğa dəstək layihəsi”nin əsas məqsədi işsiz kimi qeydiyyata alınmış həssas qruplara aid şəxslərin (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və b.) özünüməşğul­luq üzrə kiçik bizneslərinin yaradılmasıdır. İndiyədək 8 min 114 nəfər layihəyə cəlb olunub. Ümumilikdə layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına dəstək verilməsi nəzərdə tutulub.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat