Masallıda Elgün Aqil oğlu Mikayıllının adı çəkiləndə bütün camaatın qəlbi qürurla döyünür. 19 yaşında şəhid olmuş Elgünü həm Tanrı dərgahında, həm də insanlar arasında belə mötəbər edən onun mənəvi saflığı, bir də iç dünyasından qaynaqlanan halal Vətən, torpaq sevgisidir. O, Azərbaycanın 2020-ci il sentyabrın 27-də başlanan haqq savaşında bahar qoxulu ömrünü qurban verdi ki, qarı düşmən Vətənin şərəfinə toxunmasın, 30 il əsarətdə qalan doğma torpaqlar azad olunsun...
Yaradanın bu dünyaya igidlik rəmzi, qeyrət mücəssəməsi kimi əta elədiyi Elgün Masallı rayonunun Xıl kəndində boya-başa çatmışdı. İnsanlara gərək olmaq, el-obaya fayda vermək onun əsas amalı idi. Müstəqil həyata qədəm qoyduğu gündən ülvi məqsədlərə can atması, nəcib, xeyirxah işləri əhatəsində olduğu cəmiyyətdə Elgünə hörmət gətirmişdi. 2019-ci ildə Milli Ordu sıralarına yola düşəndə ürəyindən keçirdiyi ilk istək əlinə silah alıb döyüş meydanında erməni işğalçılarını əzmək olmuşdu. Məqsədinə çatmaq üçün xidmət etdiyi Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində bütün təlimlərdə fəallıq göstərir, bacarıqlı və səriştəli bir hərbçi kimi əsgərlərin, zabitlərin arasında tanınırdı.
...Nəhayət, Elgünün arzuladığı gün gəlir. Qarabağın azadlığı naminə Vətən müharibəsi başlanır. Elgün xüsusi tapşırıq gözləmədən, qəlbində dığalara nifrət Füzuli uğrunda gedən ölüm-dirim savaşına atılır. Saysız-hesabsız qeyrətli oğullar sırasında düşmənə istədiyi sarsıdıcı zərbələri vurur. 17 gün müharibə meydanında torpaq iddiasında olan haylara qan uddurur. Aşiqi olduğu, canından artıq sevdiyi Vətən, torpaq uğrunda mərdliklə döyüşür, göstərdiyi şücaət əsgər yoldaşlarını da qələbəyə ruhlandırır. Onun şəhidliyi isə tarixi zəfərimizə gedən yolu bir qədər də açmış olur.
Bəli, onun özü gənc yaşında bu fani dünyanı tərk etsə də, canından artıq sevdiyi Vətən torpaqları azadlığa qovuşdu. Elə Elgün də həyatının mənasını bunda görürdü. Qısa ömür yaşadı, amma şərəfli ölümü ilə qərinələr boyu unudulmaz, neçə-neçə nəsillərə örnək olan bir zirvəyə ucaldı.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunanlar arasında şəhid Elgün Mikayıllı da var.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü