Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclası

post-img

Mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclası keçirilib. İclası açan spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin xüsusi iclası xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. 

Sahibə Qafarova bu yubiley tədbirin­də iştirak edən xarici ölkələrin parlament sədrlərini və sədr müavinlərini, millət vəkillərini, beynəlxalq təşkilatların təm­silçilərini, diplomatları, bütün qonaqları Milli Məclisin adından səmimi salam­layaraq qeyd edib ki, xüsusi iclasda xarici ölkələrin 12 parlament sədri, 15 sədr müavini, 57 parlament üzvü, 4 bey­nəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin diplomatik korpusunun təmsilçiləri iştirak edirlər. Spiker diqqətə çatdırıb ki, ümumiyyətlə, xarici ölkələrin 228 nəfər nümayəndəsi Bakıya təşrif buyurub, qonaqlarımızın təmsil etdikləri ölkələrin coğrafiyası dörd qitəni əhatə edir və bu gün iclasda hörmətli qonaqla­rın ürək sözləri dinləniləcək.

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycanın öz tarixi ərzində ye­tişdirdiyi ən böyük siyasi və dövlət xa­dimlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilmiş, fəaliyyəti dünya siyasət sənəti xəzinəsinə daxil olmuşdur. 

Spiker Sahibə Qafarova diqqətə çat­dırıb ki, 1969–1982-ci illərdə Azərbayca­na ilk rəhbərliyi dövründə Heydər Əliye­vin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və uzaqgörənliyi sayəsində ölkəmiz heyrətamiz inkişaf yolu keçdi. 

Heydər Əliyevin 1982–1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Büro­sunun üzvü, SSRİ Nazirlər Soveti Səd­rinin birinci müavini vəzifəsində çalışma­sından danışan Sahibə Qafarova onun bu vəzifədə SSRİ-nin 12 nazirliyinin və 20-yə yaxın komitəsinin fəaliyyətinə nə­zarət etdiyini diqqətə çatdırıb. Sahibə Qafarova xüsusi vurğulayıb ki, Moskva­da çalışanda da Heydər Əliyev Azərbay­canın hərtərəfli inkişafı üçün qüvvə və bacarığını əsirgəmirdi. 

Sahibə Qafarova deyib ki, 1988–1993-cü illərdə respublika rəhbərliyin­də bir-birini əvəz edən şəxslərin qey­ri-peşəkarlığı, bəzən də xəyanət yoluna düşməsi, müxtəlif qüvvələrin hakimiy­yət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı fəlakət həddinə gəti­rib çıxarmışdı. 1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qa­yıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyi­ni qoruyub saxlaya bildi, xalqımızın mən­liyi və ləyaqəti müdafiə olundu. 

Spiker Sahibə Qafarova vurğulayıb ki, ümummilli liderin 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində həyata ke­çirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir. Ulu öndərin xilas­karlıq missiyasında ilk addımı ölkəni da­ğılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibə­si təhlükəsinin, terror və dövlət çevrilişi cəhdlərinin qarşısını almaq oldu. Ulu öndər torpaqlarımızı müdafiə etməyi ba­caran milli ordunun formalaşdırılmasını ən vacib vəzifələrdən biri kimi irəli sürdü. 

Neft sənayesinin dirçəlməsinin iqti­sadiyyatın qeyri-neft sektorunun inkişafı­na da şərait yaratdığını diqqətə çatdıran spiker Sahibə Qafarova deyib ki, bazar iqtisadiyyatı prinsipləri tətbiq olunub, iqtisadi islahatlar, o cümlədən torpaq is­lahatı, özəlləşdirmə aparılıb və ölkəmiz ardıcıl və dinamik inkişaf yoluna çıxıb.

Spiker Sahibə Qafarova deyib ki, Heydər Əliyevin başladığı işləri eyni əzm və iradə ilə, daim dəyişən tarixi şəraitin tələblərinə uyğun şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmiş­dir. 

Sahibə Qafarova vurğulayıb ki, yara­dılmış böyük siyasi, iqtisadi, hərbi poten­sial ümummilli liderimizin ən mühüm və­siyyətini şərəflə yerinə yetirməyə imkan vermişdir – dövlətimizin taleyüklü prob­lemi həll edilmiş, torpaqlarımızın 30 illik işğalına son qoyulmuş, ərazi bütövlüyü­müz və tarixi ədalət bərpa olunmuşdur.

Tədbirdə Parlamentlərarası İttifaqın sədri Duarte Paçeko, Misir Nümayən­dələr Palatasının sədri Hanafi Qibali, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, İordaniya Nümayəndələr Palatasının sədri Əhməd Ali Safadi, Qazaxıstan Parlamenti Məclisinin səd­ri Yerlan Koşanov, Qırğızıstan Jokorku Keneşinin sədri cənab Nurlanbek Şa­kiyev, Mərakeş Nümayəndələr Pala­tasının sədri Rəşid Əl Alami, Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç, Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Ma­pisa-Nqakula, Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Mah­madtoir Zokirzoda, Özbəkistan Ali Məc­lisi Senatının sədri Tənzilə Narbayeva, Əlcəzair Xalq Palatası sədrinin müavini Səlim Şennofi, Belarus Parlamentinin Respublika Şurası sədrinin müavini Va­leri Belski, Belarus Parlamentinin Nü­mayəndələr Palatası sədrinin müavini Valeri Mitskeviç, Xorvatiya Parlamenti sədrinin müavini Davorko Vidoviç, Ma­carıstan Milli Assambleyası sədrinin müavini Şandor Lejak, Malavi Parla­menti sədrinin müavini cənab Madalitso Kazombo, Moldova Parlamenti sədrinin müavini Mixail Popşoy, Pakistan Milli Assambleyası sədrinin müavini Zahid Akram Durrani, Rumıniya Parlamenti­nin Deputatlar Palatası sədrinin müavi­ni Vasile-Daniel Suçiu, Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Rusiya Federal Məclisinin Dövlət Duması səd­rinin müavini Aleksey Qordeyev, Birləş­miş Ərəb Əmirlikləri Federal Milli Şurası sədrinin birinci müavini Hamad Əl Ra­humi, Ukrayna Ali Radası sədrinin müa­vini Olena Kondratyuk, İtaliya Senatının Azərbaycan parlamenti ilə dostluq qru­punun rəhbəri Marko Skurria, Malayziya Nümayəndələr Palatasının Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Tuan Aminolhuda bin Hassan, Türkiyə Böyük Millət Məclisinin Büro katibi, mil­lət vəkili Bayram Özçelik, Türkmənistan Parlamentinin Beynəlxalq və parla­mentlərarası əlaqələr komitəsinin sədri Beqmurat Muhamedov, Venesuela Par­lamentinin İnzibati və xidmətlər daimi komissiyasının sədri Pedro Karreno, Ərəb Parlamentinin sədri Adel bin Ab­dul Rahman Əl Asumi, Türkdilli Dövlət­lərin Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Er, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Asəf Hacı­yev, Qırğızıstan Parlamentinin 1-ci sədri Medetxan Şeremkulov çıxış ediblər.

Qonaqlar bildiriblər ki, ümummil­li lider Heydər Əliyevin yüksək liderlik keyfiyyətləri, uzaqgörənliyi sayəsində müasir Azərbaycan öz dövlət müstəqil­liyini qoruyub saxlaya və möhkəmlən­dirməyə nail olub. Onun Azərbaycanın tərəqqisi və inkişafında danılmaz xid­mətlərindən bəhs ediblər. Ulu öndərin xilaskarlıq missiyasını uğurla yerinə yetirdiyini vurğulayıblar. Azərbayca­nın beynəlxalq səviyyədə tanınmasın­da, nüfuzunun möhkəmlənməsində Heydər Əliyevin önəmli rolunu qeyd ediblər.

 

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Sosial həyat