Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenkonun sədrliyi ilə iqtisadi-ticarət sahəsi üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasda iki ölkənin prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında fəal siyasi dialoqun Azərbaycan–Belarus əməkdaşlığının bütün spektri üzrə yüksək dinamikanı təmin etdiyi qeyd olunub.
İki ölkə arasında mövcud ticarət dövriyyəsinin ölkələrimizin iqtisadi potensialını tam əks etdirmədiyi və effektiv yolların tapılması ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilə biləcəyinə inam vurğulanıb.
Hökumətlərarası Komissiyanın Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırıldığı haqda yekdil fikirdə olduğu da diqqətə çatdırılıb.
İclasda Belarus iş adamlarının ölkəmizdə 80 şirkət qeydiyyatdan keçirdikləri və davamlı olaraq bu ölkə şirkətlərinin diler şəbəkələrinin genişlənməsi haqda faktlar elan edilib.
Eyni zamanda, Azərbaycan şirkətlərinin Belarus iqtisadiyyatının inkişafına öz töhfələrini verdiyi qeyd edilib. Belarus investorları Ələt Azad İqtisadi Zonasına dəvət olunub.
Hökumətlərarası Komissiyanın növbəti iclasının Belarusda keçirilməsi haqda qərar qəbul olunub.
İclasın sonunda Belarusun İdman və Turizm Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında 2023-2025-ci illərdə bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair proqram imzalanıb.
“Xalq qəzeti”