“Heydər Əliyev siyasəti: tarix və müasirlik”

post-img

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müəllifliyi, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə yeni nəşr olunmuş “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiyasında 30 ildən artıq bir dövrdə əbədiyaşar ideyaları və müdrik siyasəti ilə Azərbaycanın uğurlarının memarı olmuş dahi şəxsiyyətin böyüklüyündən, fenomen keyfiyyətlərindən söhbət açılır. 

AMEA Naxçıvan Bölməsində bu fun­damental tədqiqatın geniş müzakirəsi və təqdimatı keçirilib. Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli 2023-cü il Azərbaycan Respubli­kasında “Heydər Əliyev İli” ilə əlaqədar keçirilən silsilə tədbirlərlə yanaşı, ümum­milli liderin siyasi irsinin müxtəlif kitab və monoqrafiyalara da mövzu olduğunu deyib. Alim qeyd edib ki, “Heydər Əliyev siyasəti: tarix və müasirlik” monoqrafiya­sı ulu öndər Heydər Əliyevin həyatının və siyasi irsinin tədqiqinə həsr olunub. Alim monoqrafiyada ümummilli liderin siyasi fəaliyyətini tarix və müasirlik nöq­teyi-nəzərindən araşdırmaya cəlb edib.

Tarix, Etnoqrafiya və Arxeologiya İns­titutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Emin Şıxə­liyev “Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədqiqat əsəri”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filo­logiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Tarix və müasirlik kontekstində Heydər Əliyev siyasəti” mövzusunda mə­ruzə ediblər.

Məruzə və çıxışlarda bildirilib ki, “Heydər Əliyev İli”nə dəyərli elmi töhfələr­dən sayılan “Heydər Əliyev siyasəti: tarix və müasirlik” adlı monoqrafiyada aka­demik İsmayıl Hacıyev Azərbaycanın müasir dövlətçilik tarixində baş verən hadisələri, ümummilli liderimizin böyük, qüdrətli, yenilməz Azərbaycan yaratma­sı prosesini fundamental şəkildə geniş oxucu kütləsinə çatdırır. Ulu öndərin dövlətçilik təlimi və onun tərkib hissələ­rinin önə çəkildiyi kitabın girişində bildi­rilir: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmi­şi, zəngin mədəniyyəti, yüksək mənəviy­yatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.

“Heydər Əliyev şəxsiyyəti və siyasəti” adlanan birinci fəsildə müəllif xalqımızın tarixində həmişəlik qalan, onu dünyada tanıdan görkəmli dövlət xadimini “öyrə­nilməmiş dünyaya” bənzədir, Azərbay­can dövlətinin memarı və dünya miqyaslı siyasətçinin siyasi fəaliyyətindəki Türk dünyası məsələlərindən danışır, türk xalqının iki dahi şəxsiyyəti – Mustafa Ka­mal Atatürkün və Heydər Əliyevin tarixi missiyalarındakı oxşarlıqları geniş təhlil süzgəcindən keçirir. 

Monoqrafiyanın “Heydər Əliyevin Azərbaycana qayıdışı. Naxçıvanın mil­li-azadlıq hərəkatının mərkəzinə çevril­məsi. Müstəqilliyə doğru ilk dönüş” sər­lövhəli fəslində ümummilli liderin 1990-cı il iyul ayında Azərbaycana qayıdışından, Naxçıvanın milli azadlıq hərəkatının mərkəzinə çevrilməsindən, ölkəmizin müstəqilliyə doğru böyük dönüşündən bəhs edilir.

Təqdimat mərasiminin sonunda mo­noqrafiyanın müəllifi, akademik İsmayıl Hacıyev tədqiqat üzərində yaradıcılıq işindən danışıb, iştirakçıları maraqlandı­ran sualları cavablandırıb.

 

“Xalq qəzeti”



Sosial həyat