İsveçli səyyahlar Qarabağ və Şərqi Zəngəzurda

post-img

Bu günlərdə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına – Qarabağ və Şərqi Zəngəzura səfər edən İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi “Klub 100” təşkilatının, 30 nəfərdən çox heyəti Füzuli, Xocavənd və Ağdam rayonlarında olublar. 

Uzun illər işğal altında qalan torpaqları­mızda dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçirilib. Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, şəhərlərin, kəndlə­rin xarabalığa çevrilməsi xarici səyyahları dəhşətə gətirib. Bununla yanaşı, onlar tor­paqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə də yaxından tanış olublar. 

Ermənistan işğalından azad olunmuş Ağdam şəhərinə səfər edən isveçli səyyah Ulla Gytel ölkənin hər hansı bir hissəsinin bu şəkildə məhv edilməsinin, həqiqətən, kədərli olduğunu bildirib. Qeyd edib ki, in­sanların əraziləri yenidən qurmağa çalış­maları və minalardan təmizləmələri sevin­dirici haldır. Səyyah bu prosesin çox çətin olduğunu deyib. 

Füzuli rayonunda olan səyyah Stig Lindgren isə Qarabağda görülən işlər, minaları təmizləmək üçün ANAMA əmək­daşlarının özlərini riskə atmalarının fəda­karlıq olduğunu bildirib: “Mən Birləşmiş Millətlər Təşkilatının Livanın cənub ərazi­sində mina əleyhinə proqramında iştirak etmişəm. Orada dörd əməkdaşımız həlak olub və buna görə bizə Nobel Sülh Müka­fatı təqdim olunub. ANAMA əməkdaşları­nın fəaliyyətinə görə onlara da bu mükafat verilməlidir”.

Səyyah qeyd edib ki, Qarabağda gör­düklərini, xüsusilə mina ilə bağlı təhlükəni bacardıqları qədər dünya ictimaiyyətinə çatdıracaqlar. 

Xocavəndə səfəri edən Lena Fihr isə Qarabağda şəhər və kəndlərin bu qədər vəhşiliklə dağıdılmasının onları çox mə­yus etdiyini bildirib. Deyib ki, dağıdılmış evlərin kərpicləri niyə çıxarılaraq aparılıb, başa düşmür. Burada hər yerdə şahidi ol­duqları dağıdılmış evlər və abidələr onları çox kədərləndirir. Səyyah onu da vurğula­yıb ki, təhlükəsiz əraziləri tapmaq çətin ol­duğu üçün bəzi yerlərə səfər etməyə icazə yoxdur. Lakin bu ərazilərin gözəl təbiəti və mənzərələri var. 

Qeyd edək ki, “Klub 100”un İdarə Heyə­tində təmsil olunan Bengt Hildebrandın rəhbərliyi altında regional klubun üzvlərinin 3 gün ərzində avtomobil yolu ilə Füzuli – Xocavənd – Ağdam – Tərtər – Kəlbəcər – Laçın –Zəngilan – (Xudafərin) xətti üzrə hərəkəti nəzərdə tutulub. İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivə­sində tanıdılması üçün bu səfərin müstəsna əhəmiyyəti var. 

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klub­ların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın “Piki Reels” Klubunun geniş tərkibdə heyət­lərinin ötən 2 ildə 6 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunub. Onlardan biri 2021-ci ildə, dördü 2022-ci ildə, biri isə 2023-cü ildə baş tutub. İsveçdən olan səfər isə sayca 7-cidir. Bu səfərlər çərçivəsində dünyada tanınan 200-dən çox səyyah Qa­rabağ və Şərqi Zəngəzurla yerində tanış olub.

Leyla QURBANOVA, “Xalq qəzeti”

Sosial həyat