Ağstafalı şəhid son mənzilə yola salındı

post-img

– Övladlarımın yaşca ən kiçiyi idi. Hamısı mənim balamdır, əzizlərimdir, amma nə gizlədim, sanki onunla nəfəs alirdım. Deyirdi ordudan başqa heç yerdə qulluq etmək, işləmək fikrim yoxdur. Mən yalnız hərbçi peşəsini seçmişəm. Özü də bir gün əvvəl danışmışdıq. Dedi ki, sabah, yəni mayın 12-də evə gələcəyəm. Özünü gözləyirdik, tabutu gəldi…

Şəhid Orxan Novruzəlizadənin atası Elxan Novruzəliyev bu sözləri deyib üzü­nü yana çevirərək hönkürdü. Toxdaqlı­ğını saxlamaq istəyirdi, bacarmadı. Səsi titrəsə də, ətrafına toplaşanlara baxma­dan astadan “Vətən sağ olsun!” – deyə bildi. 

…Əvvəlcə Ağstafanın Vurğun qəsə­bəsində, doğma evində vida mərasimi keçirildi. Sonra da doğulub boya-başa çatdığı həmin qəsəbənin qəbiristanlığın­da dəfn olundu. 

Dəfn mərasimində rayon icra hakimiy­yətinin başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin nümayəndələri, şəhid ailələri­nin üzvləri, qazilər, rayonun hüquq-müha­fizə orqanlarının rəhbərləri, şəhidin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri işti­rak etdilər.İcra hakimiyyətinin başçısı üç­rəngli Azərbaycan Bayrağını şəhidin atası Elxan Novruzəliyevə təqdim etdi.

Qeyd edək ki, hələ 25 yaşı tamam ol­mamış Orxan Novruzəlizadənin özündən başqa daha bir qardaşı, iki bacısı var. O, evin sonbeşiyi idi. Zəhmətkeş bir ailədə böyümüşdü. Orxanı tanıyan hər kəs ona sakit təbiətinə, vətənsevər, layaqətli bir gənc olduğuna görə dərin rəğbət bəslə­yirdi. 

Məlumat üçün bildirək ki, Orxan Nov­ruzəlizadə 44 günlük Vətən müharibəsinin də iştirakçısı idi və “Vətən müharibəsi iş­tirakçısı” medalı ilə təltif edilmişdi. Srağa­gün, mayın 11-də Ermənistan silahlı qü­vvələrinin Kəlbəcər rayonu istiqamətində törətdiyi növbəti təxribat zamanı xidməti döyüş tapşırığını şərəflə yerinə yetirərkən şəhid olmuşdur. Allah rəhmət eləsin!

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Ağstafa



Sosial həyat