Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) may ayının ilk günlərində yaydığı hesabata əsasən, bu təşkilatın apreldə neft hasilatı mart ayı ilə müqayisədə sutkada 191 min barel azalaraq gündəlik 28,6 milyon barelə enib. Hesabatda daha sonra ikinci dərəcəli mənbələrin məlumatına istinad olunaraq, cari ilin aprel ayında 13 OPEC ölkəsinin ümumi neft hasilatının sutkada orta hesabla 28,6 milyon barel təşkil etdiyi, bunun isə əvvəlki ayla müqayisədə sutkada 191 min barel az olduğu bildirilib. Neft hasilatı əsasən Səudiyyə Ərəbistanı, Anqola və İranda artıb, İraq və Nigeriyada isə azalıb.
OPEC-in 13 ölkəsindən 10-u OPEC+ sazişi çərçivəsində aprel ayında hasilatı 2022-ci ilin avqust ayındakı hədəf səviyyəsindən gündəlik 1,273 milyon barel azaltmaqla bağlı öhdəliyə malik idi. Amma faktiki olaraq bu rəqəm son nəticədə 2,573 milyon barel təşkil etdi. Beləliklə, OPEC hasilatı planlaşdırıldığından sutkada 1,3 milyon barel çox azaldaraq sazişi 202 faiz yerinə yetirdi.
Qurumun may ayı hesabatında, həmçinin OPEC-in 2023-cü ildə ABŞ-ın neft hasilatı ilə bağlı proqnozunu əvvəlki təxmin səviyyəsində saxladığı deyilir. Aprel ayından əvvəlki hesabatda olduğu kimi, may hesabatında da göstəricinin sutkada 0,69 milyon barel artaraq 12,57 milyon barelə çatacağı gözlənilir. Hesabatda hasilat proqnozu qazma və quyuların tamamlanmasının yüksək səviyyəsi ilə izah olunur.
OPEC-in məlumatına görə, 2021-ci ildə ABŞ-da neft hasilatı sutkada 11,25 milyon barel, 2022-ci ildə isə 11,89 milyon barel təşkil edib. Təşkilatın hesabatında, eyni zamanda, OPEC-in 2023-cü ildə qlobal neft tələbinin gündəlik 2,3 milyon barel artacağı proqnozlaşdırılır.
Hesabatda daha sonra deyilir: “2023-cü il üçün qlobal neft tələbatının artımı əvvəlki ayın qiymətləndirməsi ilə eynidir və gündəlik 2,3 milyon barel təşkil edir. Həmçinin, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində artım 0,07 milyon barel, İƏİT-ə daxil olmayan ölkələrdə isə təxminən 2,3 milyon barel olacaq”. Beləliklə, 2023-cü ildə ümumi qlobal neft tələbatı sutkada 101,9 milyon barelə çatacaq.
Xatırladaq ki, bu proqnoz bir çox qeyri-müəyyənliklərdən, o cümlədən qlobal iqtisadiyyatın inkişafından və davam edən geosiyasi gərginlikdən asılıdır.
Sonda qeyd edək ki, OPEC neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub. Bu 5 ölkəyə sonradan Qətər, İndoneziya, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador, Qabon, Anqola və Ekvatorial Qvineya da qoşulub.
Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla “OPEC plus” formatında sıx əməkdaşlıq edir. “OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Dünya enerji bazarında neftin qiymətinin tənzimlənməsi məqsədilə 2016-cı il aprelin 17-də Qətərin paytaxtı Dohada OPEC-ə üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin toplantısı olub. Doha sammitində neft ixrac edən ölkələrin OPEC təşkilatının əksər üzvləri, habelə Azərbaycan və Rusiyanın nümayəndələri də iştirak ediblər.
Keçən il yanvarın 4-də OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 24-cü iclası keçirilib. İclasda qlobal neft bazarında sabitliyə və balansa dəstək məqsədilə gündəlik neft hasilatının fevral ayında 400 min barel artırılmasına dair qəbul edilmiş qərara Azərbaycan da razılıq verib.
Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevralında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olmasını nəzərdə tutur.
Onu da qeyd edək ki, ötən ilin fevral ayında OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 25-ci iclasında qlobal neft bazarında balansın təmin olunması məqsədilə gündəlik neft hasilatının 400 min barrel artırılması planının martda davamına dair qərar imzalanıb. Yeni razılaşma Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin martında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılmasını, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olmasını nəzərdə tutub.
Keçən ilin oktyabr ayında OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 33-cü iclasında 2022-ci ilin noyabrından gündəlik xam neft hasilatının 2 milyon barel azadılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da razılıq verib. Yeni qərara əsasən, Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel təşkil edir. Beləliklə, “OPEC plus” razılaşması 2022-ci ilin noyabrından etibarən ölkəmizdə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min barreldən azaldılaraq 684 min barrel həcmində saxlanılmasını nəzərdə tutur.
Cari ilin əvvəlində isə OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib. Beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır. Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmində olmaqla dəyişməz qalır.
“Xalq qəzeti”

