Ukraynada dünən gün ərzində cəbhənin bir çox istiqamətlərində ağır silahlı qarşıdurmalar davam edib. Ən qızğın döyüşlər isə Donetsk vilayətinin şərqində yerləşən Baxmut şəhərində baş verib. Bu barədə məlumatı UNİAN agentliyi yayıb.
Rusiya səkkiz aydan çoxdur ki, bu şəhəri nəyin bahasına olursa-olsun ələ keçirməyə can atır. Ukrayna hərbçiləri isə buranı fədakarcasına müdafiə edirlər. Baxmut uğrunda qanlı döyüşlərdə hər iki tərəfdən minlərlə hərbçi həlak olub. Şəhər demək olar ki, yerlə-yeksan olunub. Orada bir dənə də olsun salamat bina yoxdur.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının cəbhədəki son durumla bağlı gündəlik operativ məlumat bülletenində bildirilir ki, dünən Rusiya ordusunun Baxmut istiqamətindəki hücum cəhdləri uğursuz olub. Həmçinin Rusiya qoşunlarının Avdiyivka şəhəri istiqamətində hücumunun da qarşısı alınıb. Bundan başqa Marinka şəhəri istiqamətində də uğur qazana bilməyiblər.
Baş Qərargahın yaydığı məlumata görə, Rusiya son sutkada Ukrayna ərazisinə raket sistemlərindən 53 zərbə endirib: “Mülki əhali arasında xəsarət alanlar var. Bundan başqa, xeyli sayda fərdi yaşayış binası, mülki infrastruktur dağılıb və zədələnib”.
Xəbərdə həmçinin bildirilir ki, ötən sutka ərzində Ukraynanın Hərbi Hava Qüvvələri Rusiya Ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi 4 əraziyə zərbələr endirib. Qarşı tərəfin 5 müxtəlif tipli PUA-sı məhv edilib. Raket qoşunları və artilleriya bölmələri isə rəqibin 1 zenit-raket kompleksini, 1 yanacaq-sürtkü materialları anbarını, atəş mövqeyində olan 2 artilleriya qurğusunu, həmçinin radioelektron döyüş məntəqəsini vurub.
Rusiya Silahlı Qüvvələrinin məlumatında isə deyilir ki, dünən sutka ərzində cəbhənin şimal və cənub istiqamətlərində Ukrayna Ordusunun mövqeləri havadan və ağır artilleriya qurğularından aramsız atəşə tutulub. Nəticədə xeyli texnika sıradan çıxarılıb. Ölən və yaralananların olduğu bildirilir.
Qeyd etmək lazımdır ki, bəzi siyasi mənbələrin iddialarının əksinə olaraq, Qərbin Ukraynaya hərbi dəstəyi azalmayıb. Belə ki, bir çox Avropa dövlətləri hərbi yardımları davam etdirir. Məsələn, Çexiyanın yaxın vaxtlarda ukraynalı hərbçilərə iki ədəd “Kub” hava hücumundan müdafiə (HHM) sistemi verəcəyi barədə xəbər yayılıb.
Çexiya radiosu ölkə Prezidenti Petr Pavelə istinadən məlumat yayıb ki, Çexiya Ukrayna hərbçilərinin idarəetməsində böyük təcrübəyə malik olduğu hava hücumundan müdafiə komplekslərini Ukraynaya hədiyyə edəcək. Ukrayna müdafiə sistemləri üçün raketlər də alacaq.
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer RBB radiostansiyasına müsahibəsində bildirib ki, “Ukraynada baş verən hadisələr uzunmüddətli perspektivdə Avropada təhlükəsizliklə bağlı nizamın məhvinə gətirib çıxarıb”.
Onun sözlərinə görə, hətta, Ukraynada münaqişənin sona çatması belə köhnə təhlükəsizlik fəlsəfəsinə qayıtmaq demək deyil: “Yeni vəziyyət yaranacaq: bir tərəfdən Avropa, digər tərəfdən Rusiya bir-birilərindən müdafiə olunmağa çalışacaq”.
Almaniya Prezidentinin fikrincə, ümumi təhlükəsizlik fəlsəfəsi uzunmüddətli perspektivdə ümumi anlayış olmaqdan çıxacaq: “Təəssüf ki, bu, Ukraynadakı münaqişənin nəticəsidir”.
Sonda bildirək ki, Ukraynada 400 gündən çox davam edən müharibədə hər iki tərəfdən on minlərlə hərbçi, eləcə də dinc sakinlər həlak olub. Bu qanlı silahlı qarşıdurmanın nə vaxt bitəcəyi isə bəlli deyil.
M.HACIXANLI, “Xalq qəzeti”

