Türkiyə: Seçkilərə bir gün qalır

post-img

Sabah qardaş Türkiyədə bu ölkənin gələcək taleyində dərin iz qoyacaq ümumi seçkilər keçiriləcək. Seçicilər öz vətəndaşlıq borclarını yerinə yetirərək qarşıdakı beş il müddətə dövlət başçısını və parlamentin yeni tərkibini seçəcəklər. Seçkilərin yüksək seçici fəallığı şəraitində keçəcəyi gözlənilir. 

Bütün dünya indi Türkiyədə keçirilə­cək 14 may seçkilərinin nəticələrini bö­yük səbirsizliklə gözləyir. Seçkilərdən gözləntilər çoxdur. Qərbin bəzi siyasi dairələri hətta seçicilərin mövqelərinə açıq-aşkar təsir göstərməyi özlərinə rəva bilirlər. Rəsmi Ankara isə buna təpki ilə cavab verir. 

Ümumən Türkiyədə prezident seç­kiləri beş ildən bir keçirilir. 2018-ci ildə baş tutmuş seçkilərdə hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan böyük səs çoxluğu ilə siyasi rəqibi, ana müxa­lifət partiyası sayılan CHP-nin o vaxtkı vahid namizədi Məhərrəm İncə üzərin­də qələbə qazanmışdı. 

M.İncə bu dəfə də seçkilərə qatıl­mışdı. Ötən ilin sonunda ayrıca Məm­ləkət Partiyası yaradaraq, yenidən prezidentliyə iddiasını ortaya qoymuş­du. Lakin iki gün əvvəl namizəədliyini gözlənilmədən geri götürdü. Bu, aydın səmada şimşək çaxması təsiri yaratdı və böyük sensasiyaya səbəb oldu. Nə­ticədə çox sayda şayiələr yayıldı.

Dünən M.İncə NTV telekanalına müsahibəsində “qəfil qərar”ını şərh edərək belə deyib: "Mən 40 ildən çox­dur ki, siyasətdəyəm, amma bu illər ərzində son 45 gündə baş verənlərə bənzər bir şey görməmişdim. Hansısa saxta çeklər, qurama videolar yayılır. Şəklim İsrailin hansısa pornosaytında yerləşdirilir. Nə polis, nə də prokuror araşdırma aparmır. Bu, böhtandır”. 

Bir çox təhlilçilər hesab edirlər ki, M.İncənin prezidentliyə namizədliyi­ni geri götürməsi heç də müxalifətin vahid namizədi Kamal Kılıçdaroğluna kömək etməyəcək. Məsələn, “Hürriy­yət" qəzeti yazıb ki, etibarlı şirkətlərin apardığı sorğulara görə, K.Kılıçdaroğlu 47 faizdən çox səs toplaya bilməyəcək. Seçkilər ilk turda başa çatacaq, R.T.Ər­doğan 50 faizdən bir qədər çox səslə qalib gələcək.

Xatırladaq ki, bu, Türkiyədə ki­fayət qədər nüfuzlu və populyar olan “Hürriyyət” qəzetinin mövqeyidir. Əks mövqelərdə duranlar da az deyil. Bü­tün hallarda biz Türkiyənin sabitlik və əmin-amanlıq şəraində öz inkişaf və tərəqqi yolunu davam etdirməsini arzu­layırıq. Ölkə qazanarsa, bundan bütün türk dünyası faydalanacaq. 

Beləliklə, M.İncənin namizədliyini geri götürməsindən sonra Türkiyədə mayın 14-də keçiriləcək prezident seç­kilərində mübarizə aparacaq namizəd­lərin sayı 3-ə düşüb. Bunlar yuxarıda adlarını çəkdiyimiz AKP və CHP lider­lərindən başqa, “Ata İttifaqı”nın na­mizədi Sinan Oğandır.

Türkiyə son günlər olduqca qay­nar siyasi həyat yaşayır. Prezidentliyə namizədlərin təbliğat və təşviqat avto­busları musiqinin müşayiəti ilə kənd­bəkənd, şəhərbəşəhər, bütün Türkiyə­ni dolaşır. Seçicilərlə görüşlərdə çoxlu vədlər verilir. Prezidentliyə namizədlər və onların tərəfdarları bu yolla seçicilə­rin rəğbətini qazanmağa çalışırlar. 

Bu gün axşam saat 6-dan etibarən Türkiyədə təbliğat və təşviqat kampa­niyası dayandırılacaq. Seçkilərlə bağlı mövcud qanunvericilikdə, həmçinin, səsvermədən 10 gün sonra da seç­kilərin nəticələri ilə əlaqədar rəy sorğu­ları keçirməyə, bu və ya digər namizə­din lehinə, yaxud əleyhinə şüarlar irəli sürməyə icazə verilmir. 

Bu gün prezidentliyə namizədlər Türkiyənin ictimai televiziyası—TRT telekanalında son dəfə xalqa müra­ciət edəcəklər. Onların proqamları təx­minən bəllidir. Bəzi məqamları yada salmağa ehtiyac duyuruq. 

Böyük ehtimalla AKP lideri R.T.Ər­doğan nitqində son iki onillikdə başçı­lıq etdiyi iqtidarın qazandığı uğurlardan bəhs edəcək, partiyasının irəli sürdüyü “Türkiyə əsri” ideallarının icra olunma­sı üçün dövlətin və millətin bir yerdə olmasının vacibliyindən söz açacaq. Onun əsas proqramı “Güvən və sabit­lik” şüarı üzərində qurulub.

“Millət İttifaqı”nın namizədi K.Kılıç­daroğlunun ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq niyyətində olduğun­dan, Avropa İttifaqına üzvlük ilə əlaqə­dar müzakirələrin yenidən gündəmə gətiriləcəyindən, NATO ilə əlaqələrin yaxşılaşdırılmasının əhəmiyyətindən söz açacağı gözlənilir. 

O ki qaldı, ATA ittifaqının prezident­liyə namizədi Sinan Oğana, onun TRT telekanalında nədən bəhs edəcəyi də bəllidir. Azərbaycan əsilli bu siyasətçi seçkiqabağı kampaniyasını əsasən qaçqınların öz ölkələrinə geri qayıtma­ları tələbi üzərində qurub. Türkiyədə hazırda Suriya, İraq, digər ərəb və Afri­ka ölkələrindən olan 13 milyona yaxın miqrant məskunlaşıb. S.Oğan hesab edir ki, vətəndaşlığı olmayan əcnəbilər ölkənin ictimai-siyasi həyatında sabit­liyin bərqərar olunması üçün təhlükə­dirlər. 

Sonda xatırladaq ki, namizədlərdən heç biri 50 faiz plyus bir səs toplaya bil­məzsə, iki həftədən sonra, yəni mayın 28-də prezident seçkilərinin ikinci turu keçiriləcək.

Atamoğlan MƏMMƏDLİ,
Bakı Dövlət Universitetinin professoru, politoloq:

Türkiyə yüksək seçki mədəniy­yəti ənənələrinə sahib olan sivil, de­mokratik ölkədir. Zərrə qədər şübhə etmirəm ki, 14 may seçkiləri qardaş ölkədə yüksək seçici fəallığı şəraitin­də keçəcək. 

Beş il bundan əvvəl keçirilən seçkilərdə seçici fəallığı 85 faizdən yüksək olub. Builki seçkilərdə rəqa­bət mühitinin daha yüksək olduğunu nəzərə alsaq, səsvermədə seçicilə­rin böyük hissəsinin fəal iştirakını eh­timal etmək mümkündür. 

Bu seçkilərin təkcə Türkiyə üçün deyil, bütün region dövlətləri, eləcə də türkdilli xalqlar üçün böyük əhə­miyyəti var. Bu gün dünyanın yeni düzəni formalaşır. Bu proses artıq həlledici mərhələyə qədəm qoyub. Fikrimcə, çox şey Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır. Türkiyənin güclü və qüdrətli olması son dərəcə vacibdir. 

Rəsmi Ankaranın düşmənləri qar­daş ölkənin zəif və gücsüz olmasını arzulayır. Lakin türklər dostlarının və düşmənlərinin kimlər olduğunu yaxşı bilirlər. Əminəm ki, müdrik və yenil­məz türk xalqı prezidentliyə ən layiqli namizədə səs verəcək. Bu taleyüklü tarixi məqamda yanlışlığa yol ver­mək olmaz. 

Seçkilərlə bağlı bəzi statistik rəqəmləri də oxucuların diqqətinə çatdırmaq istəyirəm. Hazırda Tür­kiyədə 64,1 milyon seçici qeydə alınıb. Onlardan 32,3 milyon nəfəri qadın, 31,8 milyon nəfər kişilərdir. Ölkədə bir milyona yaxın əlil seçici var. Seçicilərin 3,2 milyon nəfəri isə yaşı 75-i ötən insanlardır. Səsvermə günü əlil və ahıl seçicilərin öz vətən­daşlıq borclarını yerinə yetirmələri üçün uyğun şərait yaradılacaq. 

Xarici ölkələrdə yaşayan Tür­kiyə vətəndaşları üçün dünyanın 74 ölkəsində səsvermə məntəqləri təşkil olunub və həmin dövlətlərdə səsvermə mayın 9-da başa çatıdı­rılıb. Bülletenlərin böyük əksəriyyəti Türkiyəyə gətirilərək Yüksək Seçki Şurasına (MSK) təhvil verilib. 

Türkiyədə səsvermə məntəqələri mayın 14-də səhər saat 8-də açıla­caq və axşam saat 17-də prosedur başa çatacaq. Hər bir səsvermə məntəqəsi 360-dan 400-ə qədər se­çicinin səs verməsi üçün nəzərdə tu­tulub. Buna görə də orada bir qayda olaraq səsvermə zamanı böyük növ­bələr yaranmır.

Ölkədə saat 6-dan gecə saatları­na qədər spirtli içkilərin satışı qada­ğan edilib. Qeyd etmək lazımdır ki,, seçkilərin ertəsi günü mayın 15-də də məktəblər bağlı olacaq. 

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”



Siyasət