“Forerin evi” taxtadan, alman memarlıq üslubuna xas elementləri olan yaraşıqlı bir binadır. İlk baxışda küçədəki digər tikililərdən o qədər də seçilmir. Çünki eyvanları oyma sənəti ilə işlənmiş, taxta darvazaların yuxarı hissəsində sahibinin adı həkk olunmuş bu cür evlər Göygöl rayonunda az deyil. Konkret bu evə gəldikdə isə o vaxt alman Forer qardaşlarının malikanəsi olub.
Qısaca məlumat verim ki, Forerin adı bu rayonda şərabçılığın tarixi və inkişafı ilə bağlıdır. 1850-ci illərdə Forer soyadlı bir nəfər Helenendorfdakı (Göygöl şəhərinin keçmiş adı) həyətində üzüm becərib, şərab çəkirmiş. Deyilənə görə, içkiyə də meylli adam imiş. Yadımdadır, uzun illər rayon memarlıq və tikinti şöbəsinə rəhbərlik etmiş, Göygölün tarixini yaxşı bilən Fikrət İsmayılov deyirdi ki, XIX əsrdə bir qrup avropalı rayonda qonaq olarkən həmin Forer haqqında onlara məlumat verirlər. Qonaqlar da onu axtarıb tapırlar. Forer onları içkiyə qonaq edir və şərab çox xoşlarına gəlir.
Qonaqlar həmin şərabdan alıb Avropaya aparırlar. Forerin şərabının şöhrəti hər yerə yayılır. Forer artıq xaricdə tanınır və onun kustar üsulla çəkdiyi şərab bir brendə çevrilir. Müştərisi çoxalan Forer isə həvəslənərək yeni boş torpaq sahələri alır və üzümlüklər salır. Sonradan isə 4 oğlunu da bu işə cəlb etməklə Avropada məşhurlaşan “Forer qardaşları” səhmdar cəmiyyəti yaradır. Yeri gəlmişkən qeyd edim ki, SSRİ dönəmində dünyanın 60-dan çox ölkəsinə özünün məhsullarını satan o zamankı Xanlar Şərab Zavodunun (indiki “Göygöl Şərab Zavodu”ASC) əsasını da alman Forer qardaşları qoyublar.
...Forerin evinin arxadakı həyətinə, oradan da eyvanlı ikimərtəbəli binalardan birinin zirzəmisinə düşürük. Dəmir pilləkənlərlə aşağı düşdükcə hərarətin azaldığını hiss edirik. Sonra qarşımıza uzun bir tunel çıxır, daha sonra sağa-sola yollar ayrılır. Hansı yolun hara getdiyini ayırd etmək çətindir. Paralel istiqamətdə daha bir tunel, sonra daha bir neçə müxtəlif otaqlar... Sanki, bir labirintə düşmüşəm və düşünürəm ki, mənə Göygölün tarixi memarlıq abidələrinin daha yaxından tanıdılmasında böyük köməklik göstərən rayon icra hakimiyyətinin baş məsləhətçisi Vüqar Hüseynov, regional mədəniyyət idarəsinin rayon üzrə nümayəndəsi Nurəddin Babayev (BDU-nun jurnalistika fakültəsinin professoru, unudulmaz müəllimimiz Nurəddin Babayevin nəvəsi), Heydər Əliyev Mərkəzinin direktoru Araz Mehdiyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəsi Raul Abbaszadə yaxşı ki, buradadırlar, geri qayıdanda da yolu onlar göstərirlər.
– Bura ki, əməlli-başlı bir şəhərdir, yeraltı şəhər, deyə heyrətimi gizlədə bilmirəm.
– Heç sakinlərin böyük əksəriyyəti bilmir ki, yaşadıqları şəhərdə yaraltı bir “şəhər” də var, – deyə Vüqar Hüseynov söhbətə aydınlıq gətirir, rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev eşidən kimi bura gəldi. Qapılar bağlı, içəri də keçmək mümkün deyildi. Çünki tullantılar, torpaq qalağı girişi tutmuşdu, həm də içəri qaranlıq idi. Dərhal göstəriş verdi, böyük bir iş başlandı. Buradan onlarla maşın tör-töküntü çıxarıldı, səliqə-səhman yaradıldı, işıq xətləri çəkildi...
Hiss etdim ki, həm Vüqar Hüseynov, həm də bu gənc kadrların hər biri doğma rayonun, Göygöl şəhərinin tarixini dünyaya tanıtmaq üçün başlanan işin, yeni turizm layihəsinin böyük fayda verəcəyinə əmindirlər.
– Bilirsiniz, Göygöldə alman irsinin nümunələrini addımbaşı görmək mümkündür. Lakin “bu şəhəri almanlar salıb” fikri ilə heç cür razılaşmıram, – V.Hüseynov dediklərini əsaslandırmağa çalışır: “Onlar 18-ci əsrin 20-ci illərində bu yerlərə köçürülüblər. Nədir, burada insan yaşamırdı? Sözün deyilişinə fikir vermək lazımdır. Bəli, almanlar Göygöldə çox iş görüblər, şərabçılığın bünövrəsini qoyublar, unukal tikililəri olub, öz adət-ənənələrini yaşadıblar”.
Təbii ki, icra hakimiyyəti nümayəndəsinin dediklərində müəyyən həqiqətlər var. Məsələn, 1941-ci ildə Mikoyanın təşəbbüsü, Stalinin göstərişi ilə burada yaşayan almanlar Sibirə və Qazaxıstana sürgün edildilər. Bir qədər keçmiş yerli sakinlər gördülər ki, ermənilər yavaş-yavaş həmin alman evlərini zəbt etməyə başlayıblar. Halbuki o dövrədək Göygöldə bir nəfər də olsun erməni yox idi. Sonradan ermənilərin sayı o qədər artdı ki, onlar uzun illər rayonda rəhbər vəzifələr tutdular, hətta Qasparyan adlı birisi vəzifəcə birinci şəxs oldu.
...Rayonun sonuncu alman sakininin ev muzeyi də məndə qəribə hisslər oyatdı. Bu, Viktor Klaynın evi idi. Soruşa bilərsiniz ki, almanların hamısını 1941-ci ildə sürgün etdikləri halda Klayn bizim günlərə kimi bu şəhərdə necə qalmışdı? Məsələ burasındadır ki, milliyyəti qarışıq almanlara toxunmurdular, sürgün etmirdilər. Viktorun anası alman, atası polyak idi. Elə Stalin repressiyasından sağ qurtarmasının səbəbi də atasının milli mənşəyi idi.
“Viktorun evi” necə var, eləcə də saxlanılıb. Qədim əşyalara, məişət qablarına, az qala, 150 yaşı olan, kökdən düşmüş alman istehsalı olan pianinoya, ibadət otağına, şərab çəlləklərinə, qurğularına heyranlıqla baxdım. Dedilər ölümündən bir qədər qabaq öz vəsiyyəti ilə buranı Cənubi Qafqaz Almanlarının Mədəniyyət Mərkəzinə çevirmişik. Ev Mədəniyyət Nazirliyinin balansındadır.
1854-cü ildə almanlar tərəfindən inşa edilmiş “Lüteran” alman kilsəsində də olduq. Xeyli müddətdir ki, burada rayonun tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Amma görünür, bu yer muzey üçün müvəqqətidir. Çünki son dövrlərə kimi rayon polis idarəsinin yerləşdiyi digər tarixi memarlıq binası həm muzey, həm də digər eksponatlar nümayiş etdirmək üçün daha əlverişlidir. Həm də 2017-ci ildə Mədəniyyət Nazirliyinin balansına verilmiş Heydər Əliyev, 22 ünvanda yerləşən bu binanın bir hissəsində tarix-diyarşünaslıq muzeyi adı altında təmir işləri aparılmışdır. Baxdığım həmin hissədə bu gün alman irsi nümayiş etdirilir. Halbuki burada ərazi böyükdür, qarşısında geniş həyəti də var. Yəni açıq səma altında muzey də yaratmaq olar.
Yeri gəlmişkən, aparılmış arxeoloji tədqiqatlar zamanı rayon ərazisində eramızdan əvvəl ikinci minilliyin sonu – birinci minilliyin əvvəllərinə aid yaşayış məskənləri, kurqanlar və digər memarlıq abidələri aşkar edilmişdir. Hər yeri təmir olunduqdan sonra kilsədəki muzey eksponatlarını da bura gətirməklə həm alman irsini, rayonun qədim tarixini, orta əsrlər və müasir dövrünü, eləcə də Böyük Vətən müharibəsi dövrünü özündə əks etdirən ekspozisiya zallarının yaradılması və beləliklə də Tarix-diyarşünaslıq Muzeyinin bir ünvanda yerləşməsinə imkan yaranar. “Lüteran” alman kilsəsində isə Alman Mədəniyyət Mərkəzinin yaradılması daha münasibdir. Burada xarici ölkələrdən gələn turistləri rayonun tarixi ilə daha yaxından tanış etmək olar.
Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyi tərəfindən rayon ərazisində qeydiyyata alınmış 33 tarixi abidəni turist marşrutuna daxil etməklə turizm sahəsinin zənginləşməsinə, eyni zamanda, digər iqtisadi sahələrin də inkişafına nail olmaq mümkündür. Elə yuxarıda təsvir etdiyimiz, “yeraltı şəhər” adlandırdığımız yerin turist marşrutuna salınması rayona xeyli valyuta qazandıra bilər? Almanlar öz keçmişinə hörmətlə yanaşan, onunla qürurlanan, əcdadlarının qoyub getdikləri irslə yaxından tanış olmağa can atan xalqdır. Niyə bu imkandan istifadə etməyək?
Məlumat üçün bildirim ki, ölkə prezidentinin tapşırığına əsasən, bölgənin turizm mərkəzinə çevrilməsi istiqamətində rayonda ardıcıl iş aparılır. Bu sahənin inkişaf perspektivlərinin müəyyən edilməsi üçün işçi qrupu yaradılmış, fəaliyyət planı müəyyənləşdirilmiş və digər işlər həyata keçirilməkdədir. Daha çox yerli və xarici turist cəlb etmək üçün “Milli Yaylaq Festivalı”, Yeni ilin gəlişi ilə əlaqədar “Qış nağılı” kimi tədbirlər keçirilmişdir. Müxtəlif maraqlı işlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Daha vacib bir məsələ. İşğaldan azad edilmiş Kəlbəcərə və Laçına gedən bir yolun da Göygöl rayonu ərazisindən keçməsini nəzərə alsaq, yuxarıda sadaladığımız işlər də həyata keçdikdən sonra həmin istiqamət üzrə hərəkət edən turistlərə bölgənin zəngin tarixini nümayiş etdirmək və onların vaxtının səmərəli keçməsinə imkan yaranmış olar.
Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi tarixi-memarlıq abidələrinin qorunub saxlanması, mədəni irsin təbligi və beləliklə də ölkəyə turist axınının güclənməsi istiqamətində müəyyən işlər görməyə başlayıb. Ümid etmək olar ki, Göygöl rayonunda yuxarıda qeyd etdiyimiz məsələlər – tarix-düyarşünaslıq muzeyinin hərtərəfli təmirdən sonra bir ünvana köçürülməsi, kilsədə Alman Mədəniyyət Mərkəzinin yaradılması, alman izlərini qoruyub saxlayan zirzəminin turizm marşrutuna daxil edilməsi üçün müvafiq layihələrin hazırlanıb həyata keçirilməsi rayonda turizmin inkişafına töhfəsini verəcəkdir.
Göygöl Azərbaycanın sirli-soraqlı, qədim tarixi olan bölgələrindəndir. Burada turizm marşrutlarını tədricən şaxələndirmək və həmin istiqmətlərdə müəyyən işlər aparmaq çox vacibdir. Qəzetimizdə vaxtaşırı bu barədə digər maraqlı yazılar veriləcək.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri,
Göygöl rayonu

