Mayın 12-də “Xalq qəzeti” redaksiyasında Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə mərhum tədqiqatçı, jurnalist, yazıçı-publisist, Əməkdar mədəniyyət işçisi Ənvər Çingizoğlunun vəfatından sonra işıq üzü görmüş, çoxillik tədqiqatlarının nəticəsi olan “Qarabağ ruhaniləri” kitabının təqdimatı keçirilib.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov qeyd edib ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə işıq üzü görmüş bu kitab milli tariximizin mühüm səhifələrindən olan Qarabağ din xadimlərinin və inanc adamlarının yaradıcılığının dünyaya tanıdılması baxımından qiymətli nəşrdir. Natiq qeyd edib ki, bu kitabın indi – İkinci Qarabağ müharibəsindəki tarixi Qələbədən sonra başdan-başa yenidən qurulan və bərpa edilən Qarabağda gedən quruculuq işləri və mədəni bərpa layihələri ilə üst-üstə düşməsi də təsadüfi deyil.
Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu qeyd edib ki, bu qəbildən olan tədbirlərin keçirilməsi bir tərəfdən dünyasını dəyişmiş həmkarlarımızın xatirəsinin anılması, ehtiramla yad edilməsidirsə, digər tərəfdən də gərgin axtarışların nəticəsi olan dəyərli tarixi materialların təbliği baxımından xüsusi önəm kəsb edir. O əlavə edib ki, biz “Xalq qəzeti” redaksiyası olaraq, mətbuatımızın inkişafına, milli-mənəvi dəyərlərimizin təbliğinə töhfələr vermiş istənilən kitabın təbliğində maraqlıyıq.
Mənəvi Dəyərlərin Təbliği Fondunun sədr müavinin Hatəm Gülməmmədov, Ahıl Jurnalistlər Məclisi sədrinin müavini Əminə Yusifqızı, məclisin üzvlərindən Tahir Talıblı, Valeh Mirzə, Akif Cabbarlı, Vasif Quliyev, Mübariz Süleymanlı, kitabın elmi redaktoru, dosent Şəhla Nuruzadə, tarixçi alim Nazim Qafuroğlu, rəssam Rafael Gülməmmədov, Ənvər Çingizoğlunun bacısı Arəstə Ağakişiyeva, qardaşı Tapdıq Əzimov, Şuşa sakini, keçmiş hərbçi Fəxrəddin Səfərov və digər natiqlər Ənvər Çingizoğlu yaradıcılığının bədii və elmi məziyyətlərindən söz açmış, onun çoxsaylı tədqiqat əsərlərindən, yorulmaz fəaliyyətindən danışmış, doğulub böyüdüyü Füzuli rayonunda xatirəsinin əbədiləşdirilməsini təklif etmişlər.
Xatırladaq ki, ötən il 60 yaşı tamam olmuş Ənvər Çingiz oğlu Fərəcov 1990-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdi. Bir müddət Füzuli rayonundakı “Araz” qəzetində ədəbi işçi, 1994–2014-cü illərdə Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə işləmişdi. 2014-cü ildən “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində baş redaktorun müavini olub, eyni zamanda “Soy” dərgisinin baş redaktoru kimi fəaliyyət göstərirdi.
İstedadlı və çalışqan soydaşımız ömrünün 30 ilə yaxın bir dövrünü Azərbaycan xalqının folklor və etnoqrafiyasının araşdırılmasına həsr etmişdi. Həmçinin ölkəmizin xanlıqlar dövrü, Cənubi Azərbaycan tarixi, eləcə də Qarabağ elinin məşhur simaları ilə bağlı tədqiqatlar aparmış, bir sıra məşhur soyların şəcərəsini öyrənmişdi. Həmin istiqamətdəki araşdırmalarının nəticələri onlarla kitab vasitəsilə ictimaiyyətə çatdırılmışdır. Tərtib etdiyi “Məhəmməd bəy Aşiqin şeirləri”, “Rzaqulu bəy Vəzirovun əsərləri”, “Qarabağ 1918–1920-ci illərdə”, “Bayram xan Baharlı. Əsərləri” , “Məhəmməd Rəfi Ənsari. Dəstur ül-müluk” , “Mirzə Rza xan Ərfə. Xatirat” və başqa kitabları ölkəmizdə və xaricdə maraqla qarşılanmışdır.
Televiziya tamaşaçıları onun senarisi əsasında çəkilmiş “Avşarlar”, “Xurşidbanu Natəvan”, “Zəngəzur qartalı”, “Nəvvab”, “Sarı simin sızıltısı” , “Kəminə” və başqa sənədli filmləri də maraqla izləmişlər.
... Tədbir keçirilən zalda – onun fotosunun önünə qızıl güllərin ən ətirlisi olan Qırxyarpaq güllər də düzülmüşdü. Redaksiyadan Qarabağın ətri gəlirdi.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”,
Foto Səbuhi MƏMMƏDOVUNDUR


